Məhkəmə qərarları › İş №2(025)-703/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-703/2020

21.07.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-703/2020 21.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə tərtib edilmiş 31.03.2004-cü il tarixli, 24 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (ölüm akt qeydiyyatı kitabında) mərhum anası x1 ölüm akt qeydinin düzgün olmaması və düzgün olaraq soyadının “Səfərova” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1960-ci ildə ünvan 1 ünvanında yaşayır. Anası x3 29.03.2004-cü il tarixdə «kəskin miokard infarktı»ndan vəfat etmişdir. Onun ölümündən sonra anasından miras qalmış mülkə vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Qəbələ Regional «Asan Xidmət» Mərkəzində fəaliyyət göstərən notariat orqanına müraciət etmişdir. Bu zaman təqdim etdiyi sənədlərdə anasının soyadının qeyd olunan qrafada «Səfərova» kimi göstərildiyi, lakin onun ölümü haqqında akt qeydində adının «Cəfərova» qeyd olunduğu, bir sözlə sənədlərdə göstərilən anasının soyadında uyğunsuzluğun müəyyən edildiyi ona məlum olmuşdur. Buna görə də Maraqlı şəxsnə anasının soyadında olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsinin ona ünvanladığı 19 may 2020-ci il tarixli, 05/Q-119/13 nömrəli məktubda Maraqlı şəxsndə tərtib edilmiş 31.03.2004-cü il tarixli, 24 nömrəli ölüm haqqında akt qeydində mərhum anasının soyadının «Cəfərova» yazılması aşkar olunduğu, buna görə də soyadına «Səfərova» kimi düzəliş edilməsinin mümkün olmadığı göstərilməklə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Buna görə də üzləşdiyi problemin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Lakin mərhum anasının və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN – 2402G nömrəli (kod:40601004) və JN – 2402F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə onun soyadı düzgün olaraq Səfərova kimi göstərilmişdir. Həmçinin ona və bacısına məxsus doğum haqqında şəhadətnamələr də, mərhum analarının soyadı “Səfərova” kimi göstərilmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 18 yanvar 1960-cı il tarixli, ЙЕ-seriyalı, 815384 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x6 02 yanvar 1960-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası x7, anası x8r. İşdə olan 29 fevral 1952-ci il tarixli, ЙЕ seriyalı, 746275 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x9 22 fevral 1952-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası x7, anası x8r. İşdə olan 23.08.1985-ci il tarixli, İİ-ЖГ seriyalı, 485242 №-li “nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x11 ilə x2 23 avqust 1985-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 39 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.04.2004-cü il tarixli, AZ-İ seriyalı, 059464 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x10 “kəskin miokard infarktı” xəstəliyindən 29.03.2004-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 31.03.2004-cu ildə 24 № ilə qeyd edilmişdir. İşdə olan JN-2402G (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, x4 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ şəhərində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-2402F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, x4 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ şəhərində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 19.05.2020-ci il tarixli 05/Q-119/13 nömrəli məktubla ərizəçinin mərhum anasının 31.03.2004-cü il tarixdə Qəbələ rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 24 nömrəli ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən adı “Cəfərova” yazıldığından, düzəliş edilməsi üçün heç bir əsas olmadığından və mərhumun doğum və nikah haqqında akt qeydi aşkar edilmədiyi üçün soyadının “Səfərova” düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli 970 nömrəli arayışdan görünür ki, x3 29.03.2004-cü ildə vəfat edən zaman onun adına verilmiş ölüm haqqında şəhadətnamədə familyası səhvən Cəfərova yazılmışdır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 06.05.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi mərhum anası x5 29.03.2004-cü ildə Qəbələ rayonundavəfat etmiş, lakin ölüm akt qeydiyyatı kitabında səhvən soyadı “Cəfərova” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi mərhum anası x1 ölüm haqqında qeydində soyadının “Cəfərova” kimi yazılmasının düzgün olmaması və soyadının “Səfərova” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə ölüm aktlarının qeydiyyatı kitabında mərhum anasının soyadı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (ölüm akt qeydiyyatı kitabında) Ərizəçi mərhum anası x3 barədə ölüm akt qeydinin düzgün olmaması və soyadının “Səfərova” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar