Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-749/2023 13.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-255F, kod 40604018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə onların, yəni İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mərhum X3 ümumi birgə mülkiyyətinə verilmiş 0,58 hektar ölçüsündə həyətyanı torpaq sahəsindən onların hər birinin payının 1/5 (0,58 hektar ölçüsündə sahədən 0,116 hektar) hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh2 ilə rəsmi nikaha girərək ailə həyatı qurub evlənmişdilər. Həmin nikahdan onların bir övladları olmuş və hazırda yetkinlik yaşına çatmışdır. Onların Cavabdeh2 ilə xasiyyətləri uyğun gəlmədiyi və artıq ər-arvad kimi birgə yaşamaqları qeyri-mümkün olduğu üçün nikahın pozulması rəsmi olaraq pozulmuşdur. O cavabdehlə evləndikdən sonra onlara məxsus yaşayış evinə gəlin köçmüş və birgə təsərrüfatı idarə etmişdilər. Həmin təsərrüfatda onun əziyyəti çox olub. Qəbələ rayonu Aqrar islahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarına əsasən Qəbələ rayon Hacallı kəndində 5 nəfər ailə üzvi ilə birlikdə Cavabdeh1, X9, Cavabdeh2, İddiaçı1 və X1 adına 0.58 ha həyətyanı torpaq sahəsi ( kod 40604018, JN-255F olan şəhadətnamə) vardır. Həmin sözü gedən torpaq sahəsinin bölünməsini ona görə istəyir ki, həmin torpaq sahəsində onun zəhməti çoxdur. Hal-hazırda o evlidir və övladı da onunla birgə yaşayır. Onun payına düşən torpaq sahəsi ayırılıb ona verilsə, o da övladına gələcəyi üçün yaşayışı üçün normal şərait qurar. Bir neçə dəfə cavabdehlərə yaşadığı ünvana getmiş və danışıqlar aparılmışdır. Ona bildirmişdir ki, onun və övladına düşən torpaqda payları var və onu könüllü olaraq versinlər. Lakin cavabdehlər onlara məhəl qoymamışlar. Bütün bu sadaladıqlarına əsasən, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdular. Beləliklə onlar, digər mülkiyyətçilərlə payın bölünməsində ümumi razılığa gəlməməkləri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Ümumi paylı mülkiyyətdən paylarının ayrılmasını istəyirlər, çünki öz paylarının üzərində sərbəst şəkildə mülkiyyət hüqunu həyata keçirmək onların hüquqlarıdır. Bu barədə, yəni torpaq sahəsindən payların müəyyən edilməsi üçün onlar cavabdehlərlə razılığa gələ bilməmişlər, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişik. Lakin cavabdehlər buna razı olmamışlar. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsələr də, imtina cavabı almışdılar. Onlar öz paylarına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək və onun üzərində sərəncam vermək hüququ əldə etmək istəyirlər. Bundan əlavə məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN- 255F, kod 40604018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən pay sahiblərindən X9 vəfat etmişdir və onların mərhun Sayad Musayevanın payına qarşı hal-hazırda iddiaları yoxdur. Onlar öz paylarının ayırılıb verilməsini istəyirlər. Bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, 2005-ci ildə Bələdiyyə tərəfindən onlara torpaq verilmişdir. Həmin torpağı onlar satıb Rusiyaya getmişdilər. Onlar orada deportasiya olunduqdan sonra geri qayıtmışdılar. Aradan bir neçə il keçdikdən sonra onlar iddia qaldırmışlar. Kənd bələdiyyəsi yenidən onlara torpaq vermişdir. Həmin torpaqda onlar ev tikimşdilər. İddiaçı1 ilə vaxtı ilə razılığa gəlmiş və onun heç bir torpaq tələbi olmamışdır. Lakin buna baxmayaraq hazırda iddia qaldırıb torpaq tələb edir. İddiaçıların kifayət qədər torpaq sahələri vardır, əlavə torpaq sahələrinə heç bir ehtiyacları yoxdur. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İşdə olan JN-255F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarına əsasən, Cavabdeh1, X3, Cavabdeh2, X2 və İddiaçı2 mülkiyyətinə 0.58 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 04 avqust 2001-ci il tarixdə verilmiş AB № 004248 saylı boşanma haqqında şəhadatnamənin sürətindən görünür ki, Cavabdeh2 ilə X7 arasında olan nigah ləğv edilmişdir. Bu barədə nigahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nigah ləğv olunandan sonra kişiyə Musayev, qadına İdrisova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Hacallı kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01 aprel 2008ci il tarixdə verilmiş nikah haqqında şəhadatnamənin sürətindən görünür ki, X4 01 aprel 2008-ci il tarixdə X8 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli 269 və 270 saylı arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı2 Qəbələ rayonu, Hacıalılı kəndində yaşayırlar. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-255F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarına əsasən, Cavabdeh1, X3, Cavabdeh2, X2 və İddiaçı2 mülkiyyətinə 0.58 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən iddiaçıların Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-255F, kod 40604018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnamədə mülkiyyətçi olaraq 1/5 hissədə payları müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Hacallı kəndində yerləşən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-255F, kod 40604018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnamə ilə verilmiş 0.58 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN- 255F, kod 40604018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnamə ilə verilmiş 0.58 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 hissədə müəyyən olunsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-749/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-749/2023
13.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver