Məhkəmə qərarları › İş №2(025)-778/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-778/2020

05.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-778/2020 05.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh1 Şulu qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Şulu qızı, X4 və X3 qarşı "ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 Şulu qızı, X4 və X3 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən olunması" tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu X1 xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş JN-4514F saylı, kodu 40616028 olan “Torpağın mülkiyyətə verlməsinə dair” şəhadətnamə ilə adlarına rəsmiləşdirilmiş 1,04 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman 4 nəfər ailə üzvləri ilə birlikdə islahata getmişlər. Qəbələ rayonu AİK-nin xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə ailə üzvlərinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində 1,04 ha torpaq sahəsi verilmişdir. Həmin 1,04 ha torpaq sahəsi 4 nəfər ailə üzvlərinin adına JN-4514F saylı, kodu 40616028 olan “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə ilə 4 nəfər ailə üzvlərinin adına rəmiləşdirilmişdir. Hazırda müəyyən səbəblərə görə həmin torpaq sahəsindən ona düşən payı adına tam mülkiyyətçi kimi rəsmiləşdirmək istəyir. Bu məqsədlə DƏDRX-nin 9 saylı X6 rəsmi müraciət etmişdir. Ancaq digər ailə üzvləri ilə (payçılarla) razılığa gələ bilməmişlər. Bu səbəbdən məhkəmədən kənar paylı mülkiyyətlərində olan 1,04 ha torpaq sahəsi üzərində pay bölgüsünün aparılması mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddiada qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Şulu qızı oğlu iddia tələbini qəbul edərək, torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Digər cavabdehlərin onu uşaqları olduğunu və iddiaçını görmək istəmədiklərindən məhkəmə iclasına gəlmədiklərini bildirdi və nəzərə alınmasını xahiş etdi. İş üzrə cavabdehlər X4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə cavabdehlər X4 və X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-514F (kod:40616028) saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X1 xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 Şulu qızı, X4 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 1,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli **********80 nömrəli məktubundan görünür ki, N-514F (kod:40616028) saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 343 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 342 nömrəli arayışdan görünür ki, Cavabdeh3 həqiqətən Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 320 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Şulu qızı həqiqətən Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən xx.xx.2018-ci il tarixdə verilən, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatddır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilən, AZE seriyalı, 09784686 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Şulu qızı xx.xx.1955-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatddır. İş materiallarında olan AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilən “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 Şulu qızı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 Şulu qızı xx xxxxxx 1974-cü ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. X4 və X5 isə onların birgə nikahlarından doğulmuş övladlarıdır. Qəbələ rayon AİK-nın xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 Şulu qızı, X4 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 1,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların ümumi mülkiyyət hüququ JN-514F nömrəli (kod:40616028), «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahələri üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçı torpaq sahələrindən paylarının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 4 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçının payı 1/4 hissə üzrə müəyyən olunmalıdır. Ona görə də məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-514F nömrəli (kod:40616028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/4 hissə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-514F nömrəli (kod:40616028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/4 hissə müəyyən olunsun. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar