Məhkəmə qərarları › İş №2(025)-78/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-78/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-78/2021 28.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 3000 (üç min) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən İddiaçı ASC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 004169 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh sərxoş vəziyyətdə xx.xx.2015-ci il tarixdə “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, yol hərəkəti qaydalarını pozmuş, Qəbələ şəhəri 28 may küçəsində yol nəqliyyat hadisəsi törətmiş, “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşub, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Qəbələ ŞPİ tərəfindən qeydə alınmış, cinayət işi başlanmasının rədd edilməsi və Cavabdeh barəsində inzibati tənbeh tədbir görülməsi üçün toplanmış materiallar Qəbələ rayon prokurorluğuna göndərilməsi barədə xx xxxxxxxx 2015-ci il tarixli qərar qəbul edilmişdir. PRT/C-04448/09 saylı sığorta müqaviləsinə və N PRT-002/2010 saylı sığorta aktına əsasən “xxxx” MMC-yə məxsus pompanın dəyişdirilməsi və onun üzərində olan reklam lövhəsinin təmiri “xxxx” ASC tərəfindən sığorta müqaviləsinə əsasən 6257 (altı min iki yüz əlli yeddi) manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən yol nəqliyyat hadisəsi zamanı “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 3000 (üç min) manat məbləğində müəyyən edilərək, həmin avtomobilin sahibinə 3000 (üç min) manat məbləğində sığorta ödənişi etmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 408929 nömrəli şəhadətnaməyə əsasən İddiaçı ASC tərəfindən vurulmuş ziyana görə avtomobilin sahibinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Xudiyev Şəfahət məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 70 806 97 30 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsinə səbəb olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin xx xxxxxx 2015-ci il tarixli, 569 nömrəli protokoldan görünür ki, Cavabdeh sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 1,68 ‰ təşkil etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti və Cavabdeh barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material inzibati icraat işi açılması məsələsinə baxılması üçün Qəbələ rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 8196/F/Q/CML-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli sığorta aktından görünür ki, zərər çəkən şəxs Məmmədov Cavanşir Alı oğluna dəymiş zərərin ümumi həcmi 3.000 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxxxxx 2016-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 3000 (üç min) manat məbləğində pul Məmmədov Cavanşir Alı oğluna ödənilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Ziyan Aktı”ndan görünür ki, “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 3796,0 manat təşkil edir. İş materiallarında olan “X1 Mülki Məsuliyyətinin İcbari Sığorta” şəhadətnaməsi”ndən görünür ki, Cavabdeh məxsus “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan AC № 064510 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur və nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan AC 411795 nömrəli, xx.xx.2014-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-nin İdarə Heyətinin sədri Anar Talıbova verdiyi izahatdan görünür ki, hadisə zamanı içkili olduğunu etiraf etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə spirtli içki qəbul edərək həmin günü saat 20 radələrində X2 məxsus olan etibarnamə ilə idarə etdiyi “VAZ 21214” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri 28 may küçəsi ilə Qəbələ şəhəri Elçin Kərimov küçəsinin kəsişdiyi svetoforda qırmızı işıqda keçmiş və həmin vaxt Elçin Kərimov küməsi istiqamətində svetoforun yaşıl işığından keçən “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində “DAEWOO NEXİA” markalı, **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən Məmmədov Cavanşir Alı oğluna sığorta şəhadətnaməsinə əsasən vurulmuş maddi ziyana görə sığorta həddində, yəni 3000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar