Məhkəmə qərarları › İş №2(025)-800/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-800/2023

19.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-800/2023 19.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Ataari Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər çıxarışın ləğv edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və cavabdeh X12 iştirakları ilə, İddiaçı cavabdehlər X16 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər X16 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Ataari Cavabdeh1 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Nic qəsəbəsində X1 faktiki olaraq çayxanası olub. O, 2021-ci ilin noyabr ayında vəfat edib. 2016-cı ildə Stanislav onu çayxanaya işə götürmüşdür. Bir il orada işlədikdən sonra Stanislav ona deyib ki, “dayı çayxananı satacağam”. O də ona demişdir ki, əgər çayxananı satırsansa ona sat. Onlar çayxanaya görə 10 000 manata sövdələşmişlər. Bir neçə günə 7500 manat məbləğində pul düzəldib Ataari Gennadinin yanında Stanislava vermiş və demişdir ki, pulun qalan hissəsini bir müddət sonra verəcəkdir. Çünki, çayxananı təmir etdirmək fikri var idi. Bu barədə razılığa gəlmişlər. Biləndə ki, çayxana binasının sənədləri Ataari Cavabdeh1dir, Stanislavdan soruşmuşdur ki, niyə belədir? Stanislav ona demişdir ki, “dayı sizdən gizli deyil, mən ehtiyyat hissələri satıram, əyri işlərlə məşğul oluram”. Ona görə də evinin sənədlərini həyat yoldaşının adına, çayxana binasının sənədini isə xalası oğlu Ataari Gennadinin adına yazdırmışdır ki, birdən ilişər ev və çayxana binası əldən çıxmasın. Bundan sonra 6000 manat pul xərcləyib çayxananı əsaslı surətdə təmir etdirmişdir. 2018-ci ildə çayxananı X3 icarəyə vermişdir. 06 avqust 2019-cu il tarixdə bütün xərclərini çəkərək Ataari Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********6006801, qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. 2020-ci ilin dekabr ayında X4 Rusiya Federasiyasından ona zəng edərək bildirmişdir ki, ona verəcəyi puldan hər ay 250 manat pulu oğlu Spartakın yoldaşına poçtla göndəsin. İki ay ona 250 manat pul göndərmişdir. Üçüncü ayda yenidən Stanislav ona zəng vuraraq bildirmişdir ki, pul poçtla göndərilməsin, xərci çox çıxır, pulu hər ay dostu, həm də qudası X8 versin, sonuncu pulu onaçatdıracaq. Beləliklə, 0 7 ay ərzində Viktora 1750 manat pul vermişdir. 2021-ci ildə Ataari Cavabdeh1 Qəbələ rayon İstehlak cəmiyyətinə aparmışdır ki, çayxana altı torpaq rüsumu olaraq 1200 manat pulu ödəsin. Bu məqsədlə də onlar cəmiyyətə getmiş və ona 1200 manat pulu ödətdirmişlər. İcarəçi Dmitri müqavilə pulunu 150 manatdan hər ay 14 faiz olmaqla 21 manat vergi ödəyir. Bir məsələni də qeyd etmək istəyir ki, çayxana üçün aldığı sənədləri məsələni həll edib qurtarana qədər özündə saxlamışdır. Cavabdeh Ataari Gennadiy çayxana binasının texniki pasportunun onda olduğunu bilə-bilə Dövlət idarəsini aldadaraq yenidən ikinçi dəfə texniki pasport və çıxarış almasına görə məsuliyyət daşımalıdır. Qeyd edir ki, cavabdeh Ataari Cavabdeh1 ikinci dəfə aldığı texniki pasportun və çıxarışın sürətini reyestr xidmətindən almaq istəsə də ona verməmişlər. Bu səbəbdən ikinci dəfə alınmış çıxarışın sürətini işə əlavə edə bilməmişdir. Bir müddət sonra Ataari Cavabdeh1 bildirmişdir ki, çayxananı onun adına rəsmiləşdirmək vaxtıdır. İkiüç ay sonra o Gennadidən qətiyyətlə tələb etmişdir ki, çayxananı onun adına keçirmək lazımdır. O, isə ona müxtəlif bəhanələr gətirərək hər dəfə boyun qaçırırdı. Sonradan başa düşmüşdür ki, o çayxananı başqa adama satmaq niyyətindədir. Ataari Cavabdeh1 2022-ci ilin dekabr ayında çayxana binasını onun Stanislavdan aldığını bilə-bilə satıb və Nic qəsəbə sakini X9 də binanın pulunu ödəyərək aldığını bildiyi halda Gennadidən alıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X20 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Buna görə də iddianın təmin ediıməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********60-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X13 adına Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 93.9 kv.m.olan qeyri-yaşayış binası və 0.012 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olmaqla daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 nömrəli İdarə Heyətinin iclas protokolundan çıxarışının surətindən görünür ki, Qəbələ Rayon İstehlak Cəmiyyətinin balasınsında olan Nic kəndində yerləşən avtozapşast mağazasının satışı barədə qərarına əsasən həmin mağaza uzun müddət bağlı qaldığından idarəyə heç bir gəlir gətirmədiyi üçün həmin mağazada satıcı müdir işləyən X17 yoldaşa satılması qərara alınmışdır. İşdə olan 25 may 1995-ci il tarixdə Qəbələ rayon İstehlak Cəmiyyətinin iqtisadçısı X7, X5 və X14 iştirakları ilə tərtib edilmiş aktın surətindən görünür ki, Nic kəndində yerləşən avtozapçast mağazası dəyəri ödənildikdən sonra X10 təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1999-cu ilin may ayında X11 adına tərtib etdiyi inventar nömrəsi 83 olan qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, X11 Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 saylı qərarı ilə liter A torpaq sahəsinin planı üzrə əldə etdiyi binanın tikili planı, otaqların xarakteristikası və sahəsi, eləcə də mühəndis qurğuların texniki təsviri və s. əksini tapmışdır. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 saylı qərarı ilə tərəflər arasında hazırda mübahisələndirilən və həmin dövrdə Qəbələ Rayon İstehlak Cəmiyyətinin balasınsında olmuş Qəbələ rayonu Nic kəndində yerləşən avtozapşast mağazası mağazada satıcı müdir işləmiş (hazırkı cavabdeh) X15 satılmış və təhvil verilmişdir. Mübahisə predmeti olan qeri-yaşayış sahəsi 1995-ci il tarixdə cavabdehə satılsa da, uzun müddətdir ki dövlət reyestrində qeydə alınmamışdır. Yalnız xx.xx.2019-cu il tarixdə yuxarıda göstərilən sənədlər əsasında qeyd olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən **********60-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla verilən X13 adına Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 93.9 kv.m.olan qeyri-yaşayış binası və 0.012 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olmaqla daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə “сavabdeh Ataari Cavabdeh1 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv edilməsini” iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı hansı çıxarışların ləğv edilməsini iddia ərizəsində konkret olaraq göstərməmiş, eyni zamanda iş üzrə məhkəməyə yalnız bir çıxarış təqdim edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. İddiaçı çıxarışların ləğv olunması tələbini irəli sürsə də, çıxarışların ləğv olunmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız mülahizələrlə iddia tələbini əsaslandırmağa çalışmışdır. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri olduğunu, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olmasını, eləcə də faktın (sübutun) varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi və bütünlüklə sübutetmə yükü tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər X16 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar