Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-854/2021 24.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümünə görə İddiaçı ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 sahibliyində olmuş “VAZ 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 11.06.2019-cu il tarixdən 11.06.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh2 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan “VAZ 21074” markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 01.11.2020-ci il tarixdə saat 22:00-da Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən yolun 55-ci kilometrliyində yol nəqliyyat hadisəsi törədərkən yolun sol tərəfində dayanmış piyada X2 vurmuş, axırıncı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə Qəbələ RPŞ-də araşdırılmış, cinayət işi başlanmış, Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və o, Şəki ağır cinayətlər məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. X1 ölümünə görə 2649-CML-2855/2019 saylı sığorta aktına əsasən onun hüquqi varisinə İddiaçı ASC tərəfindən 5000 manat ödənilmişdir. Sürücülük hüququ olmadan Cavabdeh2 tərəfindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində üçüncü şəxsin həyatının itirilməsinə görə ödənilmiş 5000 manat pul cavabdehlərdən alınaraq İddiaçı ASC-yə verilməlidir. Cavabdeh1 sahibliyində olmuş avtomobili sürücülük hüququ olmayan Cavabdeh2 verdiyi üçün müştərək qaydada onunla birlikdə İddiaçı ASC qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək göstərdi ki, oğlu Cavabdeh2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində pul ödənilməsindən xəbərdar olmuşdur. Oğlu Cavabdeh2 hal-hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkməkdədir. Hal-hazırda o, heç bir yerdə işləmir və 5.000 manat məbləği ödəməyə maddi imkanı çatmır. Gələcəkdə oğlu cəzasını çəkib qutarandan sonra işləyərək, həmin borc məbləğini hissə-hissə ödəyə bilərlər. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən ona iddia ərizəsi göndərilərək iddia tələbinə münasibəti öyrənilmişdir. Lakin o, iddia ərizəsinə münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etmək barədə tələb irəli sürməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını Cavabdeh2 iştirakı olmadan keçirməyi məqəsədə müvafiq hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 1(091)-77/2020 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 2649-CML-2855/2019 saylı, 15.09.2020-ci il tarixli sığorta aktından görünür ki, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X3 hüquqi varisinə dəymiş zərərin ümumi həcmi 5.000 manat müəyyən edilmişdir. İş materillarında olan 18 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X3 hüquqi varisinə X4 ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh2 tərəfindən törədilmiş “piyadanı vurma” yol-nəqliyyat hadisəsi X3 ölümünə səbəb olmuşdur. İş materiallarında olan 07.12.2019-cu il tarixli, AZ-İİ seriyalı, 033322 №-li «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 “piyadanın vurulması” səbəbindən 16.11.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.12.2019-cu ildə 420 № ilə qeyd edilmişdir. İş materiallarında olan “İcbari Sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, Cavabdeh1 məxsus “VAZ 21074” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 24.04.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1998-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş 08.05.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1967-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh2 vermiş və nəticədə Cavabdeh2 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh1 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər Cavabdeh2 ilə birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 01.11.2019-cu il tarixdə, saat 22 radələrində sürücülük vəsiqəsi və etibarnamə olmadan atası Cavabdeh1 məxsus idarə etdiyi “VAZ 21074” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindən keçən 55-ci kilometrliyində hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada X5 vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən ölməsinə və Cavabdeh1 məxsus “VAZ 21074” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Ona görə də, Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, sonrakı ödənişlərin birdəfəyə və ya hissə-hissə ödənilməsi məsələsi gələcəkdə tərəflərin qarşılıqlı razılaşması və qətnamənin icrası qaydasında həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-854/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-854/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver