Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-877/2022 22.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Cığatelli kəndində yerləşən paylı mülkiyyətdə olan 0,85 ha torpaq sahəsinə (********** qeydiyyat nömrəli Çıxarış) paylarının naturada ayrılması və onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə ailəli olmuşdur. Birgə nikahlarından xx.xx.1997-ci il tarixdə Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızı adlı bir qız övladları doğulmuşdur. 2009-cu ildə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Ölkədən torpaq islahatı aparılan zaman onlara Qəbələ rayonu, Cığatelli kəndində 0,85 ha yaşayış məntəqələrinin torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi birgə mülkiyyətlərindədir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1750/2021 saylı qətnaməsi ilə JN-071F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.85 ha torpaq sahəsindən iddiaçılar Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının və Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının hər birinin payı 1/4 hissədə müəyyən olunmuşdur. Məhkəmənin müvafiq qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Çıxarışda İddiaçı1, İddiaçı2, Cavabdeh və X1 hər birinin ¼ hissədə payı mövcuddur. Hazırda torpaq sahəsini öz aralarında bölə bilmirlər. Belə ki, cavabdeh hər dəfə torpaq bölgüsü ilə bağlı könüllü razılığa gələcəyini bildirsə də, sonradan gəlmir. Torpaq sahəsinin yola çıxışı şərq tərəfdən mövcuddur. Həmçinin cənub tərəfində cavabdehə məxsus iki ədəd ev mövcuddur. Onlar naturada torpaq sahələrinin bölgüsü aparılarkən torpaq sahəsinin yerləşdiyi yerin şimal hissəsindən yola çıxışı olmaqla ayrılmasını istəyirlər. Hesab edirlər ki, həmin ərazidə paylı mülkiyyətdə olan torpaq sahələri naturada ayrılaraq onlara təhvil verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı2 qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, qeyd olunan torpaq sahəsində 4 nəfərin payı var. Torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarının mütəxəssis rəyinə uyğun olaraq ayrılaraq verilməsinə etiraz etmir. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(025)-877/2022 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Cığatelli kəndində yerləşən 0,85 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü? (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla), əgər mümkündürsə hansı qaydada ayrıla bilər? (bölgü planı müxtəlif variantlarda göstərilməklə) (həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739739 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» nəzərə alınmaqla) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********36 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, İşin araşdırılması məqsədi ilə DƏDKR X4 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 26 iyul 2022-ci il tarixdə Qəbələ rayonu Çığatelli kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən xx.xx.2022-ci il tarixdə, A739739 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş cizgiyə uyğun, hər birinə ayrılıqda gediş-gəliş yolu nəzərə alınmaqla Qəbələ rayonu, Cığatelli kəndində yerləşən 0,85 hektar torpaq sahəsindən İddiaçı1 0,2125 hektar və İddiaçı2 0,2125 hektar torpaq sahəsi naturada ayrılması mümkündür. Torpaq sahələrinin iddiaçılar və cavabdehə ayrılması ardıcıllığı yerquruluşu planlarında göstərilmişdir (yerquruluşu planı 1,2,3,4,5). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Cığatelli kəndində yerləşən 0,85 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 ¼, İddiaçı2 ¼, Cavabdeh ¼ və X1 ¼ hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739739 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli) əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh və X1 ümumi paylı mülkiyyətinə verilmiş 0.85 ha torpaq sahəsindən onların hər birinin payı ¼ hissədə müəyyən edilmişdir. X2 02 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətçilər torpaq sahəsindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçılar Qəbələ rayonu, Cığatelli kəndində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının paylarının mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına tərəflər etiraz etməmişdir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 2 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı1, 3 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı2 verilməklə torpaq sahəsindən iddiaçılara düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh və X1 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Cığatelli kəndində yerləşən 0,85 ha torpaq sahəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə uyğun şəkildə və ölçüdə (2 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı1, 3 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılsın və iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh və X1 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Cığatelli kəndində yerləşən 0,85 ha torpaq sahəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə uyğun şəkildə və ölçüdə (2 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı1, 3 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılsın və iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elman İsayev