Məhkəmə qərarları › İş №2(025)-916/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-916/2022

25.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-916/2022 25.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh ilə 1986-cı ildə birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan ev tikdirmək məqsədi ilə alınmış 0,08 həyətyanı torpaq sahəsinin yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qəbələ rayon Mıxlıqovaq kənd sakini Cavabdeh ilə 1985-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikah dövründə 1986-cı ildə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov adına sovxozdan ailə başçısı olan Cavabdeh ev tikmək məqsədi ilə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 1992-ci ilə kimi həmin torpaq sahəsində sahəsi 172.60 kv metr olan ev inşa edilmişdir. 1996-cı ildə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuşdur. 25 may 1996-cı il Oğuz rayon məhkəməsinin qətnaməsinə əsasən ev İddiaçı mülkiyyətinə verilmişdir və icra olunaraq Qəbələ rayon Mıxlıqovaq kənd İƏN-nin təsərrüfatbaşına kitabında ev Cavabdeh adından çıxarılaraq İddiaçı adına yazılmışdır. Torpaq məcəlləsinin müvafiq maddələrinə əsasən ev torpaq üstündə tikildiyindən və evə mülkiyyət İddiaçı mülkiyyətinə keçdiyindən torpağa görə iddia qaldırmağa ehtiyac olmamışdır. Buna baxmayaraq iddiaçının mülkiyyətində ol ev tikilən 0,08 ha həyətyanı torpaq sahəsinə şəhadətnamə saxta yollarla Cavabdeh adına gəlmişdir və 1985-ci ildən bu günə kimi həmin kəndin qeydiyyatında olan, həmin torpaq üzərində inşa edilmiş ev İddiaçı adına olmasına baxmayaraq həmin şəhadətnamədə sonuncunun adı qeyd edilməmişdir. İddiaçı ilə birgə nikahda olduqları dövründə 1986-cı ildə ev tikilməsi məqsədilə ilə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozunun xx.xx.1986-cı il tarixli aktına əsasən Cavabdeh adına verilmiş 0,08 həyətyanı torpaq sahəsində payı var və haqlı olaraq həmin torpağın yarı bölünməsini tələb etmə hüququ var. xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə vəsatət təqdim edərək göstərmişdir ki, iddaçı İddiaçı 2007-2014-cü illərdə ona və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-231A, Kod:40614018 saylı şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar çoxsaylı məhkəmə müraciətləri olmuş və iddiası təmin edilməmişdir. İddiaçı ona məxsus birgə nikah dövründə alınmış 0,08 ha torpaq sahəsinin bərabər bölünməsi ilə əlaqədar İsmayıllı Rayon Məhkəməsinə, Şəki Apellyasiya Məhkəməsinə və Ali məhkəməyə müraciət etmiş və şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qərarlarını məhkəməyə təqdim edir və mülki işə yenidən baxılmasına etiraz edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətin nəzərə alınmasını, hazırkı mübahisəyə əvvəllər də məhkəmələr tərəfindən baxılıb qərar qəbul edilməsinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını, iddia ərizəsini, mülki işin sənədlərini, o cümlədən İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(037)-09/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-09/2013 nömrəli, xx.xx.2013cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən mübahisəli yaşayış evində aparılmış əsaslı təmir-tikinti işlərinin yerinə yetirilməsi və görülmüş yenidənqurma işlərinin dəyəri kimi 14721 manatın alınaraq verilməsi, xx.xx.1996-cı il tarixli aktla cavabdehə verilmiş 2 ədəd qızıl onluq, 1 ədəd nişan üzüyü, 2 ədəd qaşlı üzük, 1 ədəd döş saatı zənciri ilə birlikdə, qızıldan 1 ədəd qol saatı və bir cüt sırğadan ibarət qızıl-zinət əşyalarının alınaraq qaytarılması, Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən mübahisəli yaşayış evinin 1/2 hissəsinə, yəni ümumi sahə üzrə 132,4 kv.metr (yaşayış sahəsi üzrə 26,88 kv.metr və yardımçı sahə üzrə 105,6 kv.metr) hissəyə mülkiyyət hüququnun tanınması, Cavabdeh “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun tanınması, cavabdeh tərəfindən öhdəliyin pozulması vaxtından indiyədək dəymiş mənəvi zərər qismində 5000 manatın hesablanaraq qaytarılması tələbinə dair iddiası təmin edilməməsi, İddiaçı Cavabdeh və Qəbələ rayon İcra Qrupuna qarşı Oğuz rayon məhkəməsinin xx.xx.1996-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən AR DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən ******* saylı Çıxarışla qeydə alınaraq mülkiyyətinə verilən yaşayış evindən Cavabdeh əmlakı ilə birlikdə məcburi çıxarılması və evindən 6-8 metr kənarda tikilən qeyri-qanuni talvar və ayaqyolu tikililərinin sökülməsi, Cavabdehla birgə nikah dövründə alınmış 0,08 hektar həyətyanı torpaq sahəsinin bərabər bölünməsi tələbinə dair iddiası və Cavabdeh ümumi iddia müddəti keçmiş, böhtan dolu əsassız iddiasının rədd edilməsi, 1996-ci ildən onu bir körpə uşaqla küçələrə salaraq kirayələrdə qalmağa məcbur edən, mülkiyyətində olan evdən zor işlədərək uşaqlarından məhrum edən, mənzili girov saxlayaraq onu yaşadığı yerdən deportasiya edən Cavabdeh evdən bu illər ərzində istifadə xərcinin hesablanaraq ödənilməsi, 1996-cı ildən hal-hazıra qədər məhkəmə qərarı ilə dövlət tərəfindən evə mülkiyyət hüququnun tanınmasına baxmayaraq, evinin Cavabdeh girovunda olmasından qızı ilə ona vurulmuş bütün fiziki, mənəvi-psixoloji zərbələrin hesablanaraq ödənilməsi, AR MM-nin 243.1 və 243.2 maddələrinə əsasən mülkiyyətdə olan iki otaqlı evin ətrafında olan, Cavabdeh Şəhadətnamə və Dövlət Aktı ilə mülkiyyəti sayılan torpaq sahələrindən evə getmək və zəruri istifadə üçün torpaq sahəsindən istifadə hüquqlarının tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarının “müəyyən etdi” hissəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarında İddiaçı “Cavabdehla birgə nikah dövründə alınmış 0,08 hektar həyətyanı torpaq sahəsinin bərabər bölünməsi” tələbinə münasibət bildirilərək qeyd edilmişdir ki, “iş üzrə təsdiq olunduğu kimi İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətindədir. Ona görə də həmin torpaq sahəsindən mülkiyyətçisinin iradəsinə zidd olaraq istifadə hüququ verilməsi, habelə torpaq sahəsinin bərabər bölünməsi, torpaq sahəsindəki tikilinin sökülməsi mülkiyyətçilər Cavabdeh və onun ailə üzvlərinin daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır ki, bu da mülkiyyət hüququnun toxunulmazlığını təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbərinə ziddir.” Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-09/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarından və iddiaçının hazırki tələbindən görünür ki, iddiaçı artıq bu tələblə cavabdehə qarşı iddia qaldırmış və məhkəmələr tərəfindən hazırkı tələbə, yəni “Cavabdehla birgə nikah dövründə alınmış 0,08 hektar həyətyanı torpaq sahəsinin bərabər bölünməsi” tələbinə münasibət bildirilmiş və təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddiası üzrə iddiaya artıq İsmayıllı Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmaqla qətnaməlar və qərar qəbul edildiyindən, həmin qətnamələr və qərar qanuni qüvvəsini aldığından, hazırki tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 10 manat və 90 manat, ümumilikdə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar