Məhkəmə qərarları › İş №2(025)-98/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-98/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-98/2021 18.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "ögey ana və oğlu tərəfindən qanunla verilmiş bir otaqlı yaşayış evi və açıq eyvanın hansı səbəbə görə qəzalı vəziyyətə gətirilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunu qüvvəsini almış, onlara məcburi verilmiş, cavabdeh tərəfindən qəzalı vəziyyətə gətirilmiş 59 kv.m fərdi yaşayış evinə və 12,9 kv.m açıq eyvana yerində baxış keçirilməsi, məhkəmə tərəfindən həmin evin qəzalı vəziyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Həmin evin ümumi sahəsi verilmiş çıxarışa əsasən 59 kvm (faktiki 154,1 kvm) həyətyanı sahəsi isə 0,07 ha (faktiki 0,1697 ha) -dır. Həmin evin bölgüsünü isə X13 hələ sağ ikən övladları arasında bölmüş, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yarısını İddiaçı1 və ailəsinə, digər hissəsini isə cavabdehlərə vermişdir. "Torpaq islahatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan respublikası Prezidentinin Fərmanı əsasında 2001ci il tarixində Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq bölgüsü aparılmışdır. Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı Qərarı ilə X10, Cavabdeh, X11 və X1 0,07 ha torpaq sahəsi ayrılmışdır. Lakin Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin bölgü aparılarkən qanunsuz və əsassız olaraq həmin ünvanda yaşayan və qeydiyyatda olan iddiaçılara pay torpağı ayrılmamışdır. X13 2003-cü ildə vəfat etmişdir. Bundan sonra hazırkı iddia üzrə cavabdehlər tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən 2015-ci ildə Qəbələ rayon Notariat Kontoruna müraciət olunur və Qanun üzrə X16 Şəhadətnamə alınır. Həmin Şəhadətnaməyə əsasən verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03.10.2015-ci il olan çıxarışa əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 497-də yerləşən ümumi sahəsi 59 kv.m, yaşayış sahəsi 43.4 kvm olan fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin mərhuma çatan hissəsindən X6 beşdə bir hissəsi, oğlu Cavabdeh beşdə bir hissəsi, oğlu İddiaçı1 beşdə iki hissəsi, qızı X14 beşdə bir pay hissəsi ayrılır. Vərəsəlik bölgüsündən sonra cavabdehlər bu dəfə də Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nsaylı çıxarış almışlar. Həmin çıxarış 18.02.2016-cı il tarixində DƏDRX-də 25 saylı reyestr kitabının 1 saylı vərəqində qeydiyyat alınmışdır. Həmin çıxarışa görə X19 və X3 fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən isə 6/25 hissədə, X4 isə torpaq sahəsindən 5/25 hissədə, X7 isə fərdi yaşayış evindən 2/5 hissədə, torpaq sahəsindən isə 2/25 pay müəyyən olunmuşdur (bilinmir hansı səbəbə görə). Cavabdehlər sonradan Qəbələ Rayon Məhkəməsinə müraciət edərək həmin əmlakın naturada bölgüsünü tələb etmişlər. Qəbələ Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli 2(025)-103/2017 saylı Qətnaməsinə əsasən isə RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X6 ev 1/5 , torpaq 6/26, X19 ev 1/5, torpaq 6/25, Cavabdeh ev 1/5, torpaq 6/25, ustafayeva Aynur Feruz qızına torpaq 5/25 və İddiaçı1 ev 2/5, torpaq 2/25 hissədə (əslində ev 2/5 yox qəzalı vəziyyətdə olan bir otaq, torpaq 2/25 hissə yox 2 m cığır) ümumi paylı mülkiyyətində olub, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsindən X12, X19, X9 və X4 birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0.07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evindən 2/5, həyətyanı torpaq sahəsinin 2/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18.04.2017-ci il tarixli 2508 saylı rəyinə əsasən natura qaydasında ayrılmışdır. Lakin məhkəmə tikinti-texniki ekspertizasının 18.04.2017-ci il tarixli 2508 saylı rəyində və Qəbələ Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli 2(025)-103/2017 nömrəli Qətnaməsinə əsasən aparılan natura bölgüsündə həmin ərazidə yerləşən texniki pasportda öz əksini tapmamasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililər bölgüyə daxil edilməmişdir. Bu isə faktiki olaraq cavabdehlərə haqları çatandan daha çox ərazi ayrılmasına səbəb olmuş və onlar - iddiaçıların çox az ərazidə sığınmaqları ilə nəticələnmişdir. Xüsusilə qeyd edilməlidir ki, Qəbələ Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli Qətnaməsi ilə faktiki 154,1 kvm, çıxarışda 59 kvm ümumi sahəsi olan tikilinin 71.9 kvm-i bölgüyə məruz qalmış, nəticədə bizə 32,3 kvm, cavabdehlərə isə 124,8 kvm sahə qalmışdır. Bu qanunsuz bölgünün səbəbi isə texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər gizlədilərək təqdim edilmədiyi üçün qeydə alınmamış tikililərin natural qaydada bölgüyə daxil edilməməsidir. Qəbələ Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli 2(025)-103/2017 nömrəli Qətnaməsinin icrası məcburi yerinə yetirilmiş, onlara natura qaydasında verilmiş fərdi yaşayış evi Cavabdeh tərəfindən qəzalı vəziyyətə gətirilib, sonra İddiaçı1 məhkəmənin qərarı ilə məcburi verdirilib. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, torpaq sahəsi üzrə paylar notarial qaydada bölünüb. Ona da, iddiaçılara da, verilən ev qəzalı vəziyyətdədir. Lakin evin qəzalı vəziyyətə gətirilməsinin səbəbkarı o deyil. Ümumiyyətlə iddianın mahiyyəti ona tam aydın deyil. İddia ərizəsində tələb konkret olaraq kimə qarşı yönəldilməsi tam məlum deyil. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 59 kv.m-li fərdi yaşayış evi (tam və ya hər hansı bir hissəsi) qəzalı vəziyyətdədirmi?

2. Fərdi yaşayış evi qəzalı vəziyyətdədirsə, buna səbəb olan hallar nədən ibarətdir?

3. Fərdi yaşayış evi qəzalı vəziyyətdədirsə, yaşayış üçün təhlükə yaradırmı? Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin verdiyi 26.05.2021-ci il tarixli 37/34-03784 saylı rəydən görünür ki,

1. Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəsi qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır.

2. Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür.

3. Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X12, X19, Cavabdeh, X8 və İddiaçı1 Qəbələ şəhərində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən 59 kv.m fərdi yaşayış evi üzərində olan (müvafiq olaraq fərdi ev 1/5, torpaq 6/25 hissə) mülkiyyət hüququ 18.02.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının “ögey ana və oğlu tərəfindən qanunla verilmiş bir otaqlı yaşayış evi və açıq eyvanın hansı səbəbə görə qəzalı vəziyyətə gətirilməsi” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ şəhərində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən 59 kv.m fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən X12, X19, Cavabdeh, X8 və İddiaçı1 müvafiq olaraq payları müəyyən edilməklə mülkiyyətlərinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 may 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 və X2 cavabdehlər Cavabdeh, X12 və X4 qarşı “qeydə alınmamış tikililər və zəbt torpaq sahəsi nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(107)-1442/2020 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 15 may 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı onlara məcburi verilmiş, cavabdeh tərəfindən qəzalı vəziyyətə gətirilmiş 59 kv.m fərdi yaşayış evinə və 12,9 kv.m açıq eyvana yerində baxış keçirilməsi, məhkəmə tərəfindən həmin evin qəzalı vəziyyətdə olmasının müəyyən edilməsini tələb edir. Cavabdeh isə fərdi yaşayış evinin qəzalı vəziyyətə gətirilməsinin səbəkarının o olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “ögey ana və oğlu tərəfindən qanunla verilmiş bir otaqlı yaşayış evi və açıq eyvanın hansı səbəbə görə qəzalı vəziyyətə gətirilməsi” tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələbin mahiyyətini açıqlaya bilməmiş, tələbinin əsasını sübuta yetirə bilməmiş, fərdi yaşayış evinin cavabdeh tərəfindən qəzalı vəziyyətə gətirilməsi barədə əsaslı sübutlar təqdim etməmiş, cavabdehə qarşı yönələn tələb nədən ibarət olmasını əsaslandıra bilməmişdirlər. Bir sözlə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "ögey ana və oğlu tərəfindən qanunla verilmiş bir otaqlı yaşayış evi və açıq eyvanın hansı səbəbə görə qəzalı vəziyyətə gətirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "ögey ana və oğlu tərəfindən qanunla verilmiş bir otaqlı yaşayış evi və açıq eyvanın hansı səbəbə görə qəzalı vəziyyətə gətirilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən təqdim edilmiş hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar