Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-108/2021 05.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı paltaryuyan maşının yenisi ilə dəyişdirilməsi vəzifəsinın cavabdehə həvalə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı paltaryuyan maşının yenisi ilə dəyişdirilməsi vəzifəsinın cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qobustan rayonunun Qobustan şəhərində yerləşən mağazasından 08 mart 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən bir ədəd paltaryuyan maşın almışdır. Paltaryuyanın dəyərini beş ay müddətinə ödəmişdir. Paltaryuyan ona bir illik zəmanət talonu ilə satılmışdır. Paltaryuyan maşını işə salan zaman paltaryuyan maşında müxtəlif texniki problemlər yaranmışdır. Cavabdeh “xxxx” MMC-nin müəyyən etdiyi ustalar tərəfindən maşın bir neçə dəfə təmir edilsə də, paltaryuyan maşın davamlı işləməmişdir. Son təmir zamanı usta maşının platasında problem olduğunu bildirmişdir. Beləliklə tam dəyərini ödədiyi əşya yararsız vəziyyətdə olmuşdur. Paltaryuyanı aldığı mağaza bağlanmışdır. Dəfələrlə şifahi tələb etsə də paltaryuyan maşın yenisi ilə əvəz edilməmiş və ya pulu ona qaytarılmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyatkosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələbini irəli sürmək hüququna malikdir. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Həmin Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir. – lazımı kefiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın həmin mala uyğun digər modelli (markalı, tipli və i. a) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini; satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur, iri qabaritli və ağır çəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Ona görə də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona satdığı paltaryuyan maşınını yenisi ilə dəyişmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 8 mart 2020-ci il tarixli 074120 saylı zəmanət talonunda göstərilir ki, İddiaçı aldığı HİSE №3E W/M WFHV7012T modelli İ WJ07020GUOTWF 19Q 100177 seriyalı paltaryuyana bir il müddətində zəmanət verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlində göstərilir ki, İddiaçı aldığı HİSE №3E W/M WFHV7012T modelli İ WJ07020GUOTWF 19Q 100177 seriyalı paltaryuyan maşına görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə beş ay müddətində hər ay üçün 153,8 manat ödəniş etməlidir. İş materiallarına əlavə olunmuş 4 ədəd kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 mart 2020-ci il tarixli A- 829449 saylı kassa mədaxil orderi ilə 154,00 manat, 15 mart 2020-ci il tarixli A-824974 saylı kassa mədaxil orderi ilə 15,00 manat, 08 iyun 2020-ci il tarixli A-887967 saylı kassa mədaxil orderi ilə 155,00 manat və 07 iyul 2020-ci il tarixli A-912400 saylı kassa mədaxil orderi ilə 305,00 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MM-in 614.3-cü maddəsinə əsasən fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi istehsalçı və satıcının alıcı qarşısında zəmanət öhtəliklərini, həmin qanunun 7-ci maddəsi qüsuru olan malın lazımı kefiyyətli mala dəyişdirilməsini nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı qüsurun istehsalçı və satıcı tərəfindən törədildiyinə dair sübutları təqdim edə bilmədi. Həmin Qanunun 15.1-ci maddəsində göstərilir ki, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin mal lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda satıcının alıcı qarşısında yuxarıda göstərilən öhdəlikləri, alıcının isə satıcı qarşısında hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Müəyyən olundu ki, İddiaçı 08 mart 2020-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qobustan rayonunun Qobustan şəhərində yerləşən mağazasından 08 mart 2020-ci il tarixdə HİSE №3E W/M WFHV7012T modelli İ WJ07020GUOTWF 19Q 100177 seriyalı paltaryuyan maşını beş ay müddətinə, hər ayının ödəniş məbləği 153,8 manat ödəmək şərtilə kreditə götürmüşdür. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında paltaryuyan maşının altı ay işlədildikdən sonra dayandığını, paltaryuyan maşının satıcının müəyyən etdiyi ustalar tərəfindən bir neçə dəfə təmir edildiyini, son dəfə isə ustanın paltaryuyanın platasında problem olduğunu dediyini göstərsə də, paltaryuyan maşının ustalar tərəfindən təmiri barədə və eləcə də paltaryuyan maşının platasının yararsız olması barədə heç bir sübut (ustaların tərtib etdiyi aktlar) təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən yuxarıda göstərilən qanunun 15-ci maddəsində malın dəyişdirilməsi üçün nəzərdə tutulan 14 günlük müddətə əməl edilməmişdir. Bundan əlavə İddiaçı ödəniş cədvəli üzrə hər ay paltaryuyanın ödənişini ödədiyini göstərir. Lakin hər-hansı pretensiya sənədini və həmin sənədə dair cavabı, eləcə də paltaryuyanın alınmasına dair alqı-satqı müqaviləsini məhkəməyə təqdim etmədi. Göstərilənlərə əsasən İddiaçı tərəfindən məhkəməyə əsaslı sübutlar təqdim edilmədiyindən iddianı təmin etmək mümkün olmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 mart 2020-ci il tarixdə aldığı paltaryuyan maşının yenisi ilə dəyişdirilməsi vəzifəsinın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətndən 08 mart 2020-ci il tarixdə aldığı paltaryuyan maşının yenisi ilə dəyişdirilməsi vəzifəsinın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-108/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-108/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver