Məhkəmə qərarları › İş №2(026)-164/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-164/2022

11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-164/2022 11.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi X12 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması tələbinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, Qobustan rayonunun Göydərə kənd sakini olmaqla 1997-ci ildə respublikada gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmuş, bundan başqa 1 ədəd quzu küzü və bundan başqa 2 ailəlik 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanlarına qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmişdir. 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmiş və həmin tikililər qanunsuz olaraq söküb balacalaşdırmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. Qurum üzvlərinə pay kimi ayrılmış həmin qoyun banstanlarından istifadə etmək istəyirlər, lakin cavabdehlər buna razılıq vermədiyindən onların məhkəmə qaydasında məcburi çıxarılması zərurətində qalmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyunun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı4 Müşrüd oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, 1997-ci ildə respublikada gedən torpaq islahatı zamanı o, Göydərə kəndində yaşayan bir qrup adamın daxil olduğu qurumun rəhbəri olmuşdur. Yerli islahat komissiyası tərəfindən onların qurumuna “Qarığ” adlanan qış örüş sahəsindəki iddia ərizəsində göstərilən 1500 baş xırda buynuzlu heyvan saxlamaq üçün nəzərdə tutulan “П” formalı 2 ədəd qoyun banıstanı, 1 ədəd quzu küzü, hər biri 2 ailə üçün olan 2 ədəd çoban evi əmlak payı kimi verilmişdir. Əmlak payının dəyəri o vaxt dövriyyədə olan manatla 37 milyon manat müəyyən edilmişdir. Həmin daşınmaz əmlakdan 2 il adını unutduğu Şıxzərli kənd sakini, 1 il isə Quşçu kənd sakini onların razılığları ilə istifadə etmişlər. 2001-ci ildə qışda banıstanda yanğın olmuşdur. Banıstanlardan 15 metrin üstü salamat qalmış, qalanlarının üst örtükləri isə yanmış, yalnız daşları qalmışdır. Cavabdehlərin atası, həmkəndlisi olan Poladov Əlifxan ondan qışlaqdan istifadə etmək üçün icazə istəmiş, o da Əlifxana qışlağın bir hissəsinin yandığını demiş, Əlifxanda ona banıstanın üstünü meşə ağacı ilə örtəcəyini demişdir. Aralarında razılığa gələrək banıstanın təmirinə görə üç il icarə haqqı almamışdır. Sonra isə Əlifxandan hər il üçün 30 şirvan (həmin dövrdə dövriyyədə olan manatla 300.000 manat) icarə haqqı alacaqdır. Əlifxan banıstanın üstünü təmir etdirərək heyvanlarını saxlamışdır. 3 ildən sonra razılaşdıqları icarə haqqını ona vermişdir. 2005-ci ildə Əlifxan rəhmətə getmişdir. Həmin vaxt Əlifxanın oğlu Cavabdeh1 ondan qışlaq məsələsinin necə olacağını soruşmuşdur. O da Eyvaza nə qədər istəsələr qışlaqdan istifadə edə biləcəklərini demişdir. Hazırda işlənən milli manat dövriyyəyə daxil olduqdan sonra hər il 200 manat almışlar, lakin icarə haqqının miqdarı ilə əlaqədar qurum üzvləri arasında narazılıq olduğundan sonrakı illərdə hər il 300 manat icarə haqqı verilmişdir. İcarə haqqını Eyvazın və Maarifin kiçik qardaşları şəxsən ona vermişlər. O, da həmin pulu qurum üzvlərinə paylamışdır. 2007-ci ildə Ərəbqədim bələdiyyəsinin sədri işləmiş X11 yanına gələrək Baldadaş ona əgər “Qarığ” qışlağındakı əmlak paylarını Əlifxanın uşaqlarına icarəyə verirlərsə və narazılıq yoxdursa o, da Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən onlara 140 hektar ərazini icarə verəcəkdir. O, Baldadaşa etiraz etməmişdir. Cavabdehlər 2016-cı ilin qışına kimi ona icarə haqqını veriblər. Sonra isə icarə haqqı verməkdən imtina etmişlər. 2016-cı ildə qurum üzvlərindən icazə almadan özləri üçün qurumun mülkiyyətindəki banıstanların, quzu küzünün, çoban evlərinin arasında heyvan damı və sair tikililər tikmişlər və 2017-ci ildə tikilini başa çatdırmışlar. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 eyni məzmunlu izahat verməklə izahatlarında iddianı müdafiə edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyunun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2000 və ya 2001-ci ildən başlayaraq iddiaçılara əmlak payı kimi verilmiş “Qarığ” qışlağındakı banıstanlarda heyvan saxlamışlar. Onlar yatağa gələrkən banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmışdır və açıq olmuşdur. Hətta banıstanların daşlarına əl vurduqda ovulub tökülürdü. Banıstandan istifadə etmək barədə onun 2005-ci ildə rəhmətə getmiş atası Əlifxan ilə qurum başçısı İddiaçı4 arasında danışıq razılıq olmuşdur. Manat dəyişilənə kimi qurum rəhbərinə hər il 30 şirvan, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödəmişlər. Onların istifadə etdikləri örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olub, o vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlayıb, icarə haqqı olan 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəyiblər. 2016-cı ildə qurumun üzvü İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat istədiyi üçün razılaşmamışdır. İddiaçıların əmlak payı olan banıstanlardan istifadə etmək mümkün olmadığından 2012-ci ildə onun icarəsinə verilmiş 140 hektar örüş sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün rayon icra hakimiyyətinə müraciət etmişlər, rayon icra hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamı ilə onlara İHB aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmiş, 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmış və o vaxtdan qurumun əmlak payı olan tikililərdən istifadə etməmiş və icarə haqqı ödəməmişlər. Öz tikililərini əmlak payı olan tikililərin özülü üstə tikməmişlər. Əmlak payı olan banıstanlar, quzu küzü və iki ədəd çoban evinin iddiaçılara verilməsinə etiraz etmir. Gəlib əmlak paylarını apara bilərlər. İddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verdi. Cavabdeh2 vəkili və nümayəndəsi X20 göstərdi ki, “Qariğ” adlanan qışlağındakı tikililərin iddiaçılara əmlak payı kimi verilməsinə dair işdə heç bir sübut yoxdur. Cavabdehlər Ərəbqədim bələdiyyəsi ilə həmin bələdiyyənin mülkiyyətində olan örüş sahəsindən 140 hektarın icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamışlar, bələdiyyənin qərarı olub. “Qarığ” qışlağındakı tikililərin yanında öz heyvan damlarına və başqa tikililərə rayon İHB aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə var və rayon İH başçısının müvafiq sərəncamı ilə tikintiyə icazə verilmişdir. İddia əsassız olduğu üçün iddianın təmin olunmamasını xahiş etdi. Şahid X15 ifadə verərək göstərdi ki, respublikada aqrar islahat keçirilərkən o, yerli islahat komissiyasının sədr müavini olmuşdur. İslahat zamanı İddiaçı4 rəhbəri olduğu quruma “Qarığ” qışlağındakı heyvanları saxlamaq üçün banıstanlar, quzu küzü və iki çoban evi əmlak payı kimi verilmişdir. Həmin qurumda nə qədər adam olduğu yadında deyil. Həmin yataqda əvvəllər Poladov Əlifxan, sonra isə indi cavabdeh kimi uşaqları heyvan saxlayıblar. Eşitdiyinə görə icarə pulunu qurum rəhbərinə veriblər. “Qarığ” qışlağındakı örüş sahələrinin yer ölçülüb dəqiqləşdirilərkən xəritəyə əsasən Ərəbqədim bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur. X8 izahatında islahat keçirilərkən islahat komissiyasının üzvü olduğunu bildirərək X9 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Göydərə islahat komissiyasında əmlakdan pay alan subyektlərə veriləcək bina və qurğuların əmlak payına bölmək üçün birlikdirmə cədvəlindən görünür ki, iddiaçıların əmlak payına düşmüş “Qarığ” qoyun qışlağında əvvəlki qiymətlərlə hər birinin dəyəri 12750000 manat olan iki ədəd qoyun banıstanı, dəyəri ******* manat olan quzu küzü, hər birinin dəyəri ******* manat olan 2 çoban evi olmuşdur. İddiaçıların daxil olduğu qurum üzvlərinin əmlak paylarının bölünməsinə dair sənəddən görünür ki, hər bir qurum üzvünün paydakı kofsentləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Qobustan rayon dövlət arxivinin Qobustan rayonu Göydərə kənd sakini İddiaçı1 ünvanlandığı 07 aprel 2022-ci il tarixli 10 saylı məktubundan görünür ki, Göydərə kənd Göydərə kolxozunda vətəndaşlara verilən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: X10 21.87, İddiaçı3 52.02, X22 21.87, X24 qızına 2.24, İddiaçı2 80.0, X13 21.87, İddiaçı1 2.19, X2 2.67, X5 21.87, X14 21.87, X6 5.0, İddiaçı4 oğluna 57.04, X16 21.87, X7 87.29, X3 21.87, X17 81.39, Həmidova Gülgəzə 21.87. Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, ’”Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (11 dekabr 1998-ci il), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (07 dekabr 1999-cu il), ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (29 iyun 2001-ci il), “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (15 mart 2002-ci il) müvafiq olaraq Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən 140 hektar Ərəbqədim kənd sakini Cavabdeh2 verilməsi ilə bağlı onun 20 sentyabr 2007-ci il tarixli ərizəsini, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 10 saylı qərarını və DT və XK Qobustan rayon şöbəsinin rəyini əsas tutaraq Qobustan rayonu Ərəbqədim kənd sakini Cavabdeh2 Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunun icarə predmeti olan örüş sahəsindən 140 hektar torpaq sahəsi 15 il müddətində icarəyə verilmişdir. X31 kitabında 13 may 2011-ci il tarixdə 2385 nömrə ilə qeydə alınmış A 328990 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Ərəbqədim kənd sakini Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə Qobustan rayon Ərəbqədim kəndi ərazisindən ******* kv.m torpaq sahəsi ayrılmışdır. Qobustan rayon İcra hakimiyyəti başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Göydərə kənd sakini Cavabdeh2 müraciətini və memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 nömrəli qərarı ilə Cavabdeh2 icarəsinə verilmiş 140 ha torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında ferma binalarının tikintisinə icazə verilmişdir. Mübahisəli qoyun banstanlarına, quzu küzünə və iki ədəd çoban evlərinə yerində baxış keçirildi və müəyyən olundu ki, əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir. Həmçinin müəyyən olundu ki, əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmişlər, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar, ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak paylan əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Həmin Qanunun 12-ci maddəsinə əsasən kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir. Şərh olunanlara və göstərilən maddi hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM- nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar