Məhkəmə qərarları › İş №2(026)-17/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-17/2023

13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-17/2023 13.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı1 və Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh onlara məxsus torpağı zəbt etdiyinə görə onlara vurulmuş maddi ziyanın əvəzi kimi 3136 manat pul, iddiaçının İddiaçı1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə 1000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə cəmi 4136 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb onlara verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh onlara məxsus torpağı zəbt etdiyinə görə onlara vurulmuş maddi ziyanın əvəzi kimi 3136 manat pul, iddiaçının İddiaçı1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə 1000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə cəmi 4136 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2021-ci ilin yayından başlayaraq onlara məxsus torpaq sahəsinin 1,40 ha hissəsini qanunsuz olaraq zəbt edib orada əkin-biçin işləri ilə məşğul olmuşdur. Buna görə də Qobustan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət olunmasını xahiş etmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-39/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş və iş üzrə Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh 2021-ci ilin yayında onlara məxsus torpaq sahəsinin 1,40 ha hissəsini zəbt edib orada bir mövsüm əkin-biçin işləri aparıb məhsul götürmüşdür. Onlar hər il özlərinə məxsus həmin torpaq sahəsində adətən taxıl əkib becərməklə məşğul olur, həmin torpaq sahəsinin hər hektarından orta hesabla 32 sentner taxıl götürmüşlər. Hər hektar üçün 32 sentner taxıl məhsulunun götürülməsi rəqəmini digər torpaq sahələrindən bu il əldə edilmiş məhsuldarlığa uyğun qiymət kimi götürmüşdür. Bu hesablama ilə 1,40 ha sahədən 44,8 sentner taxıl məhsulu götürmüş olur. Taxılın bu il real bazar qiyməti - hər kiloqramı üçün 70 qəpikdən hesablansa 44,8 sentner taxıl üçün 3136 manat maddi gəlir edir. Beləliklə, onun hesablamasına görə cavabdehin təqsirindən bu il onlara dəymiş maddi zərər 3136 manat olmuşdur. Lakin cavabdehin özü və onun ailə üzvlərinin ona qarşı pis niyyəti bununla bitməmişdir. Onun özü və ailə üzvləri Qobustan rayon ictimaiyyəti və vəzifəli şəxslərin yanında, kənddə getdikləri bütün xeyir-şər məclislərində onun ünvanına təhqiramiz və nalayiq sözlər işlədərək işgüzar nüfuzuna zərbə vurmuş, şərəf və ləyaqətini alçaltmışlar. Buna görə də cavabdehdən əlavə 1000 manat təzminat istəyir. Çünki cavabdehin özü və ailə üzvləri bu ötən müddətdə ona mənəvi zərbə vurmuşlar. Nəticədə dəfələrlə mənəvi iztirab keçirmişdir. Cavabdeh onlara məxsus torpağı zəbt etdiyinə görə onlara vurulmuş maddi ziyanın əvəzi kimi 3136 manat pulun, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə 1000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə cəmi 4136 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş üzrə İddiaçı2 məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh 2021-ci ilin yayından başlayaraq onlara məxsus torpaq sahəsinin 1,40 ha hissəsini qanunsuz olaraq zəbt edib orada əkin-biçin işləri ilə məşğul olmuşdur. Buna görə də Qobustan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət olunmasını xahiş etmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-39/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş və iş üzrə Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh 2021-ci ilin yayında həmin torpaq sahəsinin 1,40 ha hissəsini zəbt edib orada bir mövsüm əkin-biçin işləri aparıb məhsul götürmüşdür. Onlar hər il özlərinə məxsus həmin torpaq sahəsində adətən taxıl əkib becərməklə məşğul olur, həmin torpaq sahəsinin hər hektarından orta hesabla 32 sentner taxıl götürmüşlər. Hər hektar üçün 32 sentner taxıl məhsulunun götürülməsi rəqəmini digər torpaq sahələrindən bu il əldə edilmiş məhsuldarlığa uyğun qiymət kimi götürmüşdür. Taxılın bu il real bazar qiyməti - hər kiloqramı üçün 70 qəpikdən hesablansa 44,8 sentner taxıl üçün 3136 manat maddi gəlir edir. Beləliklə, onun hesablamasına görə cavabdehin təqsirindən bu il onlara dəymiş maddi zərər 3136 manat olmuşdur. Cavabdeh onlara məxsus torpağı zəbt etdiyinə görə onlara vurulmuş maddi ziyanın əvəzi kimi 3136 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı1 və İddiaçı2 ondan tələb etdikləri məbləğlə razı deyil. İddiaçılara məxsus əkin yerindən cəmi 200 kq taxıl biçmişdir. Həmin taxılın məbləğini ödəməyə razıdır. Keçən məhkəmə iclasında İddiaçı2 ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Nə o, nə də ki, onun ailə üzvləri iddiaçıların ünvanına heç bir söyüş söyməmiş və ləyaqətlərini alçaldacaq bir söz söyləməmişlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı1 və cavabdeh X2 izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia iddianın maddi ziyan tələbinə dair hissəsi qismən təmin, mənəvi ziyan tələbinə dair hissəsi isə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(026)- 39/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 2004-cü ildə Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 təhkim olunmuş və həmin vaxtdan əkib-becərdiyi torpaq sahəsindən çıxarılması, cavabdeh X3 100 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı, eləcə də Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına iddiaçılar tərəfindən ödənilmiş 141 manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və cavabdeh X1 100 manat ekspertiza xərci alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qobustan X10 Mərkəzinin 05 yanvar 2023-cü il tarixdə verdiyi 01 saylı arayışdan görünür ki, 2021-ci ildə Qobustan rayonunda Statistika idarəsinin verdiyi məlumata görə buğda və arpa bitkilərinin orta məhsuldarlıq rayon və kəndlər üzrə 20-25 s/ha olmuşdur və hər kiloqram buğda və arpa bitkilərinin orta bazar qiyməti 0,35-0,45 manat təşkil edir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh 2021-ci ilin yayından başlayaraq iddiaçılar İddiaçı1 və Həsənova X8 məxsus torpaq sahəsinin 1,40 ha hissəsini qanunsuz olaraq zəbt edib orada əkin-biçin işləri ilə məşğul olmuşdur. İddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Qobustan rayon məhkəməsinin 2(026)-39/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş və iş üzrə Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin cavabdeh 2021-ci ilin yayında onlara məxsus torpaq sahəsinin 1,40 ha hissəsində bir mövsüm əkin-biçin işləri aparmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qobustan X10 Mərkəzinin 05 yanvar 2023-cü il tarixdə verdiyi 01 saylı arayışa görə 2021-ci ildə Qobustan rayonunda buğda və arpa bitkilərinin orta məhsuldarlıq rayon və kəndlər üzrə 20-25 s/ha olmuş və hər bir kiloqram buğda və arpa bitkilərinin orta bazar qiyməti üzrə satışı 0,35-0,45 manat təşkil etmişdir. Məhkəmə iddiaçılara dəymiş ziyanı müəyyən edərkən orta məhsuldarlıq kimi hər hektar üçün 22 sentner, taxıl məhsulunun orta satış qiyməti kimi isə 0,40 manat götürülməsini məqsədəmüvafiq hesab edir. Orta hesabla iddiaçılara məxsus olan 1,4 hektar torpaq sahəsindən taxıl yığımı 3080 kiloqram (22x1,4 ha=3080), həmin taxılın orta bazar qiyməti 1232 manat (3080x0,40=1232) təşkil edir. İddianın mənəvi zərərə görə 1000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh hərəkətlərinin İddiaçı1 mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı1 mənəvi iztirab və sarsıntı keçirməsinə görə iddiaçının cavabdehdən mənəvi zərərlə əlaqədar 1000 manat tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı1 Cavabdeh hərəkətlərinin onun psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh dəymiş ziyana görə 1232 manat və 62 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1232 manat və 62 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar