Məhkəmə qərarları › İş №2(026)-182/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-182/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-182/2025 28.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat borcun və 45 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət tanıdığı X1 oğlu Cavabdeh onun yanına gətirmiş və ona pul lazım olduğunu demişdir. İddiaçı pulu Reyhana görə verəcəyini demiş və Cavabdeh həmin ərəfədə 2500 manat borc vermişdir. Cavabdeh də pulu aldığına dair öz xətti ilə qəbz yazmış və qəbzdə pulu 3 aya qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Dəfələrlə cavabdehə pulu qaytarmasını bildirsə də, eləcə də, qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, ona görə də məhkəmə qaydasında təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Qobustan Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(026)-182/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, 2024-cü ilin iyun ayında Cəlilabad rayonunda yaşayan zaman tanışı Reyhan ona zəng edərək oğlu İlkinə borc pul lazım olduğunu və 3 aya qaytaracağını bildirmişdir. O, əvvəlcə borc vermək istəməsə də, sonradan Cavabdeh 3 ay müddətinə qaytarmaq şərtilə 2500 manat məbləğində borc vermişdir. Buna görə Cavabdeh şəxsən öz yazısı ilə qəbz də yazaraq təqdim etmişdir. Lakin hazırda cavabdeh həmin borc məbləğini ödəmir və indiyədək həmin borc üzrə hər hansı ödəniş etməmişdir. O, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, o və anası iddiaçını vəkil kimi tanımışdır. Özü Cəlilabad rayonunda hərbi xidmətdə olan zaman iddiaçı onu Daxili İşlər Nazirliyində işə düzəldəcəyini bildirmişdir. Sonradan öyrənmişdir ki, iddiaçı faizlə borc pul verir. Həmin vaxt isə ona 1000 manat məbləğində pul lazım idi. Bu səbəblə o, iddiaçıya müraciət etmiş və ondan 1000 manat məbləğində borc almışdır. Daha sonra hərbi xidmətdən təxris olunmuş, iddiaçı ilə görüşdükdə iddiaçı onun şəxsiyyət vəsiqəsini götürmüş, onu işə düzəldəcəyinə vəd vermişdir. O, iddiaçıdan 1000 manatı aldıqdan təxminən 2-3 gün sonra yenidən 500 manat məbləğində ondan borc almış, iddiaçı həmin məbləği kart vasitəsilə ona göndərmişdir. O, qəbzi özü yazsa da, iddiaçıdan cəmi 1500 manat məbləğində borc almışdır. Həmçinin, bildirdi ki, iddiaçı ona sonuncu dəfə 2024-cü ilin sentyabr ayında zəng etmişdir, əgər həqiqətən ona borcu qalmışdısa, o vaxta qədər maraqlanardı. O, iddiaçıdan aldığı borcun 1000 manat hissəsini 2024-cü ilin avqust ayının sonunda əlbəəl qaytarmışdır. Lakin bununla bağlı hal-hazırda sübutu yoxdur. Bundan başqa, iddiaçının özünə də 4500 manat pul verilsə də, o, həmin pulu geri qaytarmamış, özünün onlara deyil, onların iddiaçıya borclu olduğunu bildirmişdir. Lakin pul veriləndə yazılı qəbz və ya digər sübut olmadığından, iddiaçı onun anası üçün də problem yaratdığından, həmçinin artıq uzun müddətdir ki, əlaqə saxlamadığından, o da sonradan həmin borcla bağlı hər hansı bir orqana müraciət etməmişdir. Hazırda anasının xaricdən qayıtmasını gözləyir ki, iddiaçının onlara qarşı etdiyi əməllər barəsində müvafiq orqanlara müraciət edilsin. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki 24 iyun 2024-cü il tarixli əlyazma qəbzin məzmununda qeyd edilmişdir ki, “Mən Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdayam, zəruri ehtiyacım olduğu üçün tanışım İddiaçı 2500 (iki min beş yüz manat) 3 (üç) aylıq pul götürdüm. Pulu qaytaran zaman qəbzi geri alacam. Qəbzi özüm yazdım doğruluğunu imzamla təsdiq edirəm”. Bundan sonra “İmza Cavabdeh xx.xx.2024” yazılaraq imza icra edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 24 iyun 2024-cü il tarixli qəbz tərəflər arasında öhdəlik münasibətlərini təsdiq edir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzi onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Eləcə də, həmin qəbzin əslinin kreditorda olması həmin sənəddə qeyd olunan öhdəliyə xitam verilmədiyini göstərir. Bundan başqa, qəbzdə “pulu qaytaran zaman qəbzi geri alacam” ifadəsi də qəbzin geri qaytarılmamasının səbəbinin borcun ödənilməməsi olduğunu göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzdə olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş, qəbzin həqiqətən də özü tərəfindən yazıldığını qəbul etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişdir. İddiaçı isə həmin qəbzi qəbul etməklə və ona istinad etməklə, onun məzmunu ilə bağlı olmasına dair iradəsini göstərmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehin iddiaçıdan 24 iyun 2024-cü ildə 2500 manat borc almasını və borc sənədi olan qəbzin əsli hazırda iddiaçıda olduğundan həmin öhdəliyə xitam verilmədiyini qəbul edir. Bundan başqa, cavabdeh məhkəmə iclasında iddiaçıdan cəmi 1500 manat məbləğində borc aldığını və iddiaçıya olan borcunu qaytardığını bildirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi həmin halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Belə ki, cavabdeh iddiaçıya olan borcunun ödənilməsini təsdiq edən hər hansı sübut, qəbz, çek və ya digər sənəd təqdim etməməklə yanaşı, cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiqləyən qəbzin üzərində də borcun ödənilmiş olmasına dair hər hansı qeyd icra edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, borca dair hissədə iddia təmin edilməli, 2500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 30 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Qobustan Rayon Məhkəməsinin hesabına 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən, ödənilmiş 45 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 2500 manat məbləğində borc və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində borc və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar