Məhkəmə qərarları › İş №2(026)-195/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-195/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-195/2020 08.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 2000 manat maddi və mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə Abşeron rayonunun Qobustan kəndində yerləşən Cavabdeh sahibi olduğu fermada tanımadığı şəxs tərəfindən iri buynuzlu heyvana qarşı nalayiq hərəkət edilmişdir. Həmin bu hərəkətlər fermada quraşdırılmış kameralara düşmüş, hadisəni törədən şəxs kənarda qalmış, onun oğlu X2 adı çəkilmişdir. Cavabdeh fermasında baş vermiş bu nalayiq hadisə kameradan çıxarılıb, telefonlar vasitəsi ilə bütün kəndə yayılmışdır. Onun oğlu göstərilən fermada işləməmiş və göstərilən hadisəni törətməmişdir. Bir ana kimi bu hadisə ona çox pis təsir etmiş və həmin hadisə baş verəndən rahatlığını itirmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə ərişə ilə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Oğlunun və ailəsinin adına yaraşmayan bu nalayıq hərəkətə görə çox əziyyət çəkir. Dəfələrlə Cavabdeh müraciət etsə də, Qalib ona boş verməsini demişdir. Ona və ailəsinə vurulan ziyana görə isə heç kim ondan və ailəsindən üzr istəməmişdir. Ona görə də onun və ailəsinin şərəf və ləyaqətini alçaldan, barələrində yəqin olmayan məlumatları yayması nəticəsində ona dəymiş mənəvi zərərə görə 2000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə gecə saat 00:05 radələrində Abşeron ərazisində olan yatağında işləyən çoban onun mobil telefonuna zəng edərək yataqda adam olduğunu ona bildirmiş, o da dərhal yatağa gəlib yataqda olan şəxslərlə birlikdə kameraya baxmışlar, lakin adamı tanıya bilməmişlər. Bu barədə Abşeron rayon polis şöbəsinə məlumat vermiş, polis əməkdaşlarıda gəlib kameraya baxış keçirmişlər. Kamerada göstərilən şəxsi dəqiq tanımalarda bir neçə şəxsə oxşatmışlar. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin X3 ünvanlandığı xx xxxx 2020-ci il tarixli 345-5082-1220 saylı məktubda tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmə hüququnun olduğu izah edilmişdir. Müəyyən olundu ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırsa da ona dəymiş maddi və mənəvi ziyanla əlaqədar məhkəməyə heç bir sənəd təqdim etmədi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı Cavabdeh hərəkətlərinin onun mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün təmin edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyana görə tələb etdiyi 2000 manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar