Məhkəmə qərarları › İş №2(026)-198/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-198/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-198/2025 26.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əmlakları olan 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd paltar dolabı (şifoner), 2 dəst yorğan, döşək, yastıq, pərdə, divar saatı, gecə lampası, ütü, 1 ədəd çörək bişirən soba, 1 ədəd çilçıraq, 2 ədəd çaynik, 1 ədəd xalça və sair əmlakların Qobustan rayonunun Nabur kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 Kəmalə Qənimət qızı ilə 30 iyul 2023-cü ildə toy edib evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Cavabdeh 2024-cü ilin aprel ayında oğlu Cahandardan ayrılıb valideynlərinin yanına getmişdir. 03 noyabr 2024-cü il tarixdə doğulmuş nəvəsi Rüzgar da cavabdeh valideynlərinin evinə getdikdən sonra anadan olmuşdur. Cavabdeh və Cahandar artıq 10 aydan çoxdur ki, ər-arvadlıq münasibətlərini kəsmişlər. Cavabdeh evdən çıxaraq valideynlərinin yanına getmişdir. 10 ay ərzində dəfələrlə cavabdehi Cahandarla barışdırmaq istəsələr də, cavabdeh buna razı olmamışdır. Cavabdehin şərti Cahandarı ailədən ayırıb başqa yerə aparmaq və ayrı yaşamaq təklifi olmuşdur. Cahandar isə buna razı olmamışdır. Ona görə də Cahandar cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Artıq onların barışıb birlikdə ər-arvad kimi yaşamaları qeyri-mümkündür. Hazırda cavabdehə məxsus cehiz əmlakları iddiaçının evindədir. Cavabdehin cehiz əşyalarının ona məxsus evdə qalması müəyyən şəraitsizlik yaradır. Bundan əlavə, cavabdehə məxsus cehiz əmlakları üzərində məsuliyyət daşımaq istəmir. Dəfələrlə cavabdehə və onun valideynlərinə cehiz əşyalarını aparmasını bildirsə də, aparmamışdır. Ona görə də cavabdehə məxsus cehiz əşyalarının Qobustan rayonunun Nabur kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evindən məcburi çıxarılmasını istəyir. Bununla bağlı mediasiya qurumuna müraciət etsə də, cavabdehlə razılığa gələ bilməmişlər. Cavabdehin onun evində olan əmlakları – 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd paltar dolabı (şifoner), 2 dəst yorğan, döşək, yastıq, pərdə, divar saatı, gecə lampası, ütü, 1 ədəd çörək bişirən soba, 1 ədəd çilçıraq, 2 ədəd çaynik, 1 ədəd xalça və bəzi əmlaklardan ibarətdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh məxsus 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd paltar dolabı (şifoner), 2 ədəd yorğan, döşək, yastıq, pərdə, divar saatı, gecə lampası, ütü, 1 ədəd çörək bişirən soba, 1 ədəd çilçıraq, 2 ədəd çaynik, 1 ədəd xalçanın Qobustan rayonunun Nabur kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini və cavabdehə məxsus əşyaların onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki Qobustan RİHB-nin Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 may 2025-ci il tarixli, 128 nömrəli arayışından görünür ki, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən də Nabur kəndində 1970-ci ildə tikilmiş, atasından qalma fərdi yaşayış evi vardır. İş materiallarına iddiaçı tərəfindən təqdim olunan evindən çıxarılmasını tələb etdiyi cavabdehə məxsus cehiz əşyalarının fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Qobustan rayonu, Nabur kəndində yerləşən iddiaçıya atasından miras qalmış ev üzərində iddiaçının gözləntidə olan mülkiyyət hüququ mövcuddur və onun bu hüququ müdafiə olunmalıdır. İddiaçı bir mülkiyyətçi kimi özünə məxsus olan fərdi yaşayış evinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək və digər hüquqlara malik olsa da, hazırda cavabdehə məxsus olan cehiz əşyalarının iddiaçıya məxsus evdə olması mülkiyyətçinin bu hüquqlarından istədiyi şəkildə istifadə etməsinə mane olur. Cavabdeh isə özünəməxsus olan əşyaları iddiaçının evindən çıxarmamaqla iddiaçının mülkiyyət hüququnu pozur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehə məxsus əşyalar: 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd paltar dolabı (şifoner), 2 ədəd yorğan, döşək, yastıq, pərdə, divar saatı, gecə lampası, ütü, 1 ədəd çörək bişirən soba, 1 ədəd çilçıraq, 2 ədəd çaynik, 1 ədəd xalça iddiaçıya məxsus olan Qobustan rayonunun Nabur kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar: 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamot, 1 ədəd paltar dolabı (şifoner), 2 ədəd yorğan, döşək, yastıq, pərdə, divar saatı, gecə lampası, ütü, 1 ədəd çörək bişirən soba, 1 ədəd çilçıraq, 2 ədəd çaynik, 1 ədəd xalça İddiaçı məxsus olan Qobustan rayonunun Nabur kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar