Məhkəmə qərarları › İş №2(026)-215/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-215/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-215/2025 04.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 3500 manat, sənədlərin hazırlanması üçün vəkilin xidmətindən istifadəyə görə 100 manat, mənəvi zərərə görə isə 3000 manat, ümumilikdə 6600 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, o, iddia ərizəsinin “Ərizəyə əlavə edilən sənədlərin siyahısı” hissəsində “dövlət rüsumunun ödənilməsi barədə qəbz”i göstərmiş olsa da, hər hansı bir ödəniş qəbzi iddia ərizəsinə əlavə olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbinin 3500 manat maddi ziyanla bağlı hissəsi onun səhhətinə xəsarət yetirilməsi ilə əlaqədar olduğundan iddiaçı həmin hissədə dövlət rüsumunu ödəməkdən azad olsa da, vəkil xidməti üçün 100 manat və mənəvi zərər üçün 3000 manat iddia tələblərinə görə dövlət rüsumunu ödəməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 51 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, bu vəzifəsini yerinə yetirməmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar