Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-22/2025 17.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 350803 saylı, 30 iyul 2024-cü il tarixli aktına əsasən əsassız olaraq hesablanmış 1382,93 manat debitor borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən hal-hazıradək Qobustan rayonunun Təklə kəndində ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayır. Həmin evdə yaşadığı 24 il ərzində elektrik enerjisindən qanuni şəkildə istifadə etmişdir. 28 avqust 2024-cü il tarixdə "xxxx" ASC-nin ona göndərdiyi bildirişdə ona 1382,93 manat borc hesablandığını görmüşdür. Bu səbəbdən də qaynar xəttə zəng etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, 22 iyul 2024cü ildə sayğac oxunan zaman göstəricisi 21798 kv.t olduğu təqdirdə bir həftə sonra, yəni 30 iyul 2024-cü il tarixdə sayğacın göstəricisi 32543 kv.t olmuşdur. Fərq 10745 kv.t-dir. Bu barədə 350803 saylı baxış aktı tərtib edilmişdir. Bir həftə ərzində bu qədər elektrik enerjisindən istifadə etməsi mümkünsüzdür. Bu səbəbdən dərhal işıq idarəsinə məlumat vermiş, gəlib yoxlamışlar. Həmin sayğac dəyişdirilmiş, yenisi ilə əvəz olunmuşdur. Lakin əsassız hesablanmış borc silinməmişdir. Hesab edir ki, bir həftə ərzində ona 1382,93 manat debitor borc hesablanması tam əsassızdır, çünki bir həftə ərzində 1382 manat borcun yaranması mümkünsüzdür. Ona görə də həmin borc silinməlidir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, "xxxx" ASC-nin ona qanunsuz hesabladığı 1382,93 manat debitor borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş, etirazını onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 30 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən iddiaçıya məxsus mənzildə 22 iyul 2024-cü il tarixində sayğac oxunan zaman göstərici 21798 olduğu halda hal-hazırda sayğacın göstəricisinin 32543 olduğu müəyyən edilmiş, 350803 saylı baxış aktı ilə rəsmiləşdirilmişdir. Abonentin sayğac əsasında istifadə etdiyi elektrik enerjisi məlumat bazasına daxil edilmişdir. Akt tərtib edilən zaman iddiaçının nümayəndəsi qismində Mustafayev Mustafa da iştirak etmişdir. Mustafa Mustafayev aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. İddiaçının silinməsini tələb etdiyi məbləğ akt əsasında deyil, elektrik hesabat sayğacı əsasında yaranmış borcdur. Abunə haqqında çıxarışdan göründüyü kimi, akt əsasında abonentə hər hansı hesablama aparılmamışdır. İddiaçı isə ona məxsus mənzilə 1382,93 manat hesablama aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş, "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının yaddaşı oxunmuş, qüsurun aşkar olunmaması və sayğacın normal işləməsi halı bir daha müəyyən edilərək 08 avqust 2024-cü il tarixli, 792140 saylı protokolla təsdiq edilmişdir. Bir daha təsdiqini tapmışdır ki, iddiaçıya hesablanmış borc elektrik hesabat sayğacı əsasında yaranmış borcdur. Həmçinin, iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə, "xxxx" ASC ilə faktiki olaraq elektrik enerjisinin alğı-satqısı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun istifadə etməli idi. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Abonent üzərinə düşən öhdəliyi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə uyğun yerinə yetirməmişdir. Odur ki, etirazda İddiaçı əsassız olaraq hesablanmış 1382,93 manat debitor borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, əvvəlcə 22 iyul 2024-cü il tarixində onun yaşadığı evdə elektrik sayğacına baxış keçirilərkən sayğacın göstəricisinin 21798 olduğu müəyyən edilmişdir. Bundan sonra isə 30 iyul 2024-cü il tarixində yenidən baxış keçirilərkən sayğacın göstəricisinin 32543 olduğu aşkar olunmuşdur. Lakin onun tərəfindən cəmi 8 gün içərisində yaşayış evində 10745 kv.t elektrik enerjisinin istifadə olunması mümkün deyil. Göründüyü kimi, ona sözügedən sərfiyyat əsassız olaraq yazılaraq borc hesablanmışdır. Bildirdi ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin dövrdə onun evindəki sayğac dəyişdirilməmiş, yalnız göstəricidə 8 gün içərisində kəskin fərq yarandıqdan sonra sayğac dəyişdirilmişdir. Həmçinin, 30 iyul 2024cü il tarixli aktı da özü deyil, qardaşı Mustafa Mustafayev imzalamışdır. Kənddə sayğaca nəzarət edən şəxs hər ayın 20-si civarında və ayın sonunda olmaqla, 2 dəfə yoxlama aparır. O, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iclasın təyin edildiyi vaxtda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında "xxxx" ASCnin 1 məhkəmə işi təyin edildiyindən məhkəmə baxış iclasında iştirak etmələrinin mümkün olmadığını bildirmiş, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki Qobustan RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 avqust 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Qobustan rayonu, Təklə kəndində daimi qeydiyyatda olmaqla, Təklə kəndində yaşayır. İşdə surəti olan 30 iyul 2024-cü il tarixli, 350803 nömrəli aktdan görünür ki, Qobustan rayon Təklə kənd sakini İddiaçı məxsus evdə qoyulmuş sayğaca baxış zamanı məlum oldu ki, 22 iyul 2024-cü il tarixində sayğac oxunan zaman göstərici 21798 olduğu halda, hal-hazırda sayğacın göstəricisi 32543-dür. Aktda tələb kimi sayğacın yenisi ilə əvəz olunması və sayğacın laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi göstərilmişdir. İşdə surəti olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 792140 nömrəli protokoldan görünür ki, Qobustan rayon sakini İddiaçı məxsus sayğac 350803 nömrəli akt əsasında 08 avqust 2024-cü ildə yenisi ilə əvəz olunmuşdur. İşdəki Qobustan rayon Təklə kənd sakini İddiaçı məxsus **********00245 nömrəli abunə haqqında cədvəldən görünür ki, abonentin elektrik sayğacında 22 iyul 2024-cü il tarixə olan göstəricisi 21798, 26 avqust 2024-cü il tarixə olan göstəricisi isə 32543 olmuşdur. Sözügedən iki göstərici arasındakı fərq 10745 olmuş, həmin dövr limit üzrə 859,6 manat, limitdən artıq isə 522,25 manat sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Hazırda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus sayğaca əvvəlcə 22 iyul 2024-cü il tarixində baxış keçirilərkən sayğacın göstəricisi 21798 olmuş, sonradan 30 iyul 2024-cü il tarixində keçirilən baxış zamanı sayğacın göstəricisi 32543 olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus evdə yerləşdirilən sayğacda 8 gün ərzində 10745 göstərici fərqi yaranmışdır. Halbuki, iddiaçıya aid abunə haqqında cədvəldən görünür ki, onun sayğac üzrə istifadə etdiyi orta aylıq göstəricisi 200-400 arasında olmuşdur. Keçirilmiş məhkəmə iclaslarının heç birində cavabdehin nümayəndəsi iştirak etməyərək, yaranmış kəskin göstərici fərqinin nədən ibarət olmasını izah etməmiş, sadəcə etiraz ərizələrində hesablanan borcun iddiaçının istifadə etdiyi enerji sərfiyyatı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca 2024-cü ilin iyul ayının həm 22-də, həm də 30-da baxış keçirilmişdir. 22 iyul 2024-cü ildə sayğacın göstəricisinin 21798 olmasına baxmayaraq, cəmi 8 gün sonra 32543 olması, yəni 8 gün içərisində göstəricidə 10745 fərq yaranması ağlabatan deyil. Həmçinin o da nəzərə alınmalıdır ki, sayğac hər hansı bir müəssisə üçün deyil, fərdi yaşayış evi üçün quraşdırılmış və yaşayış evində istifadə edilən elektrik enerjisi sərfiyyatını hesablamalı olmuşdur. Bu baxımdan göstərilən müddət ərzində limit üzrə 859,6 manat, limitdən artıq isə 522,25 manat elektrik enerjisinin istifadə edilərək, cəmi 1381,85 manat borcun müəyyən edilməsi məntiqə uyğun deyildir. Eyni zamanda, 8 günlük istifadə ərzində cəmi 1381,85 manat məbləğində borcun yaranması mənbəyini də müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən borc məbləğinin əsassızlığını təsdiq edən dəlillər irəli sürülsə də, cavabdeh tərəf hesablanmış həmin məbləğin istifadə üzrə olan borc məbləği olduğunu qeyd etməklə kifayətlənmiş, borcun mənbəyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəf 8 gün ərzində 10745 göstərici fərqi olan sayğacın laboratoriya şəraitində yoxlanıldığını və onda hər hansı qüsur aşkar edilmədiyini bildirsə də, bununla bağlı konkret sorğu ünvanlanmasına baxmayaraq, həmin müayinəyə dair rəyi məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının abunə hesabına hesablanmış 1381,85 manat məbləğində borcun yaranma mənbəyini müəyyən etmək, eləcə də, həmin borcun məhz 8 gün ərzində iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə yaranmasını müəyyən etmək olmamışdır. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən Qaydaların 8.4-cü bəndinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş ala bilər. Hazırkı halda isə 8 gün üçün hesablanmış 1381,85 manat məbləğində borcun elektrik enerjisinin istifadəsi üçün yaranması müəyyən olunmur. Bundan əlavə, Mülki Məcəllənin 443.7-ci maddəsinə görə, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Hazırkı halda isə 8 gün üçün 1381,85 manat borc məbləğinin yaranmasında iddiaçının təqsirini müəyyən etmək mümkün olmur, o özü də sayğaca kənar müdaxilə etmədiyini bildirmiş, bununla bağlı hər hansı akt da tərtib olunmamışdır. Məhkəmə işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının onun abonent hesabına borcun əsassız olaraq hesablanmasına dair dəlilləri qismən əsaslıdır. Belə ki, hazırda iddiaçının abonent hesabına əsassız olaraq hesablanmış borcun məbləğinin mübahisəli 8 günlük dövrdə limit üzrə 859,6 manat, limitdən artıq sərfiyyat üçün isə 522,25 manat olmaqla, cəmi 1381,85 manat olduğu müəyyən edilir. Buna görə də iddia tələbi qismən təmin edilərək, 1381,85 manat məbləğində borc İddiaçı **********00245 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 1381,85 manat məbləğində borc İddiaçı **********00245 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-22/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-22/2025
17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver