Məhkəmə qərarları › İş №2(026)-248/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-248/2025

17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-248/2025 17.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh (X5 üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının pulu ilə alınıb müvəqqəti istifadələrinə verilmiş evin satılmasından əldə etdiyi 34900 manat pulun və məhkəməyə rüsum olaraq ödədiyi 195 manatın, cəmi 35095 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X5 onun doğma oğludur, ailəlidir. O, ailə qurduqdan sonra bir müddət onlarla birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan evdə yaşamışdır. Sonra isə onun və arvadının davranışından hiss etmişdir ki, onlar ayrı yaşamaq istəyirlər. Lakin onlara ayrıca ev almaq üçün iddiaçının maddi imkanı yox idi. Həmin vaxt qızı X1 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu ərazisində beş mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən bir otaqdan ibarət evi var idi. O, qızı Zərifəyə demişdir ki, Elxangil ayrı yaşamaq istəyirlər. Lakin onların başqa evi yoxdur. Qızı ona demişdir ki, Elxangil istəyirlərsə, gedib onun Bakı şəhəri, Xətai rayonu ərazisində olan evində müvəqqəti yaşasınlar. Lakin Elxan və arvadı buna razı olmadı. Elxanın arvadı Şamaxı rayonundandır. Buna görə də onlar o istiqamətdə yaşamaq istəyirdilər. İddiaçı qızından xahiş etmişdir ki, o, bir otaqlı evini satıb pulunu iddiaçıya versin və onların dediyi yerdən ev alıb onları yaşamaq üçün ora yığsın. Həmçinin o qızına demişdir ki, gələcəkdə onlar özlərinə ev alar və o da öz evini götürüb ya satar, ya da içində yaşayar. Həmçinin qızına onu da demişdir ki, əgər gələcəkdə həmin evi istəməsə, iddiaçı öz evini satanda ona iki otaqlı ev alıb verər, həmin ev də iddiaçıya qalar. Qızı Zərifə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir otaqlı evi 40000 manata satmış, həmin pulu tam şəkildə iddiaçıya vermiş, iddiaçı da həmin pulun 24000 manatına Abşeron rayonu, Müşfiqabad qəsəbəsində heç bir sənədi olmayan və özbaşına tikilmiş ev almış və müvəqqəti yaşamaq üçün oğlu Elxana vermişdir. Oğlu Elxan öz ailəsi ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışdır. Həmin evi alandan sonra 5000 manat xərc çəkib onu yaşamaq üçün əlverişli vəziyyətə gətirmiş və müvəqqəti yaşamaq üçün oğlu Elxana vermişdir. Onlar ailəlikcə köçüb həmin evdə yaşamağa başlamışlar. Təxminən 1 ildən sonra onlar içində yaşaya-yaşaya iddiaçı həmin evi yenidən 15000 manat xərc çəkib təmir etmişdir. Yəni evi rekonstruksiya etdirmiş və həm də genişləndirmişdir. Təkcə iki dəfə etdiyi təmirə ümumilikdə 20000 manat xərc çəkmişdir. Həmin pullar da qızına məxsus idi, yəni satdığı evin puludur və evin təmiri üçün iddiaçıya həmin pulları o vermişdir. Lakin iddiaçı sonradan qızı Zərifə Arzumanovanın ona verdiyi 40000 manat pulu onun özünə qaytarmışdır. Aldığı həmin sənədsiz evin işıq və su sayğacları iddiaçının adına idi. Qaz sayğacı isə onun aldığı adamdan əvvəlki ev sahibinin adına olduğu üçün iddiaçının adına keçməmiş və həmin adamın adında qalmışdır. Oğlu Elxan öz ailəsi ilə köçüb orada yaşamağa başlayandan sonra tez-tez görüşmək üçün iddiaçıgilə gəlirdi. Bir dəfə gələndə onlarla bir nəfər də gəlmiş, həmin adamın kim olduğunu soruşanda bildirmişlər ki, Vüqar adlı həmin şəxs onların ailə dostudur. İddiaçı təcrübəli bir adam kimi həmin adamı bir az danışdıranda hiss etmişdir ki, o, çox hiyləgər bir adamdır. İddiaçı oğlu Elxana və onun arvadına ikilikdə olanda bildirmişdir ki, ailə dostu kimi qəbul etdikləri Vüqar adlı bu şəxs düzgün adama oxşamır və həmin adamdan uzaqlaşsınlar. Onların hər ikisi öz etirazını bildirmiş, həmin şəxsin çox yaxşı adam olduğunu demişlər. Hətta Vüqar adlı həmin şəxs iddiaçının özünə məxsus və satmaq istədiyi şəxsi maşınını nisyə almaq istədiyini də bildirmişdir. İddiaçı hiss etmişdir ki, Vüqar onu aldatmaq istəyir, ona görə də ona demişdir ki, maşınını nisyə deyil, nağd satır. Bu zaman oğlu Elxan, onun arvadı və Vüqar adlı həmin şəxs hiss etdilər ki, onların ailə dostu adlandırdıqları Vüqar adlı şəxsdən xoşu gəlmir. Oğlu Elxan və arvadı artıq onlara gec-gec gəlməyə başladılar. İddiaçıgil belə düşünmüşdür ki, Vüqar adlı həmin şəxs hiss etmişdir ki, onun normal adam olmadığı hiss olunub, ona görə də Elxangilin iddiaçıgilə tez-tez gəlməsinə mane olur ki, iddiaçıgil onları başa salıb Vüqardan uzaqlaşdıra bilər. İddiaçı oğlu Elxanı çağırıb ona və arvadına dəfələrlə demişdir ki, Vüqar adlı həmin adamdan uzaqlaşsınlar. Lakin onlar iddiaçını dinləməmiş və həmin dələduzla dostluğu davam etdirmişlər. Bir gün oğlu Elxan iddiaçıya demişdir ki, uşaqlara və özlərinə arayış lazım olanda ala bilmir, buna görə də evin komunallarını onun adına keçirsin. İddiaçı fikirləşmişdir ki, yəqin, o düz deyir. Buna görə də razılıq vermiş və evin işıq sayğacı Elxanın adına keçirilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Elxan yalan demiş, işığı adına keçirdikdən sonra onları arvadının adına keçirmiş və arvadı da həmin dələduz Vüqar adlı şəxslə əlbir olub evi satmışdır. Elxana arvadı demişdir ki, burada qonşuların yanında biabır olublar və evi satıb başqa yerdən ev alsınlar. Elxanın dediyinə görə, guya Abşeron rayonu, 28 May qəsəbəsindən ev almalıymışlar. Sonra onlar iddiaçının aldığı və müvəqqəti yaşamaq üçün oğlu Elxana verdiyi evi 34900 manata satıb pulunu Elxanın arvadı Cavabdeh götürüb Qobustan rayonu ərazisində yaşayan valideynlərinin evinə aparmışdır. Elxanın uşaqları ana, nənə və babaları pulu Qobustan ərazisində yerləşən evlərində sayanda görüblər. İddiaçı bu işdən sonradan xəbər tutmuşdur. Hal-hazırda oğlu Elxan çöldə qalıb. Yəni iddiaçının öz pulu ilə aldığı və yaşamaq üçün müvəqqəti olaraq oğlu Elxana verdiyi evi oğlunun avam və xəstə olmasından istifadə edən arvadı və əlbir olduğu Vüqar adlı şəxs satmış və pulu götürüb aradan çıxmışlar. Hal-hazırda Elxanın arvadı və həmin Vüqar adlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsində kirayəyə ev tutub bir yerdə yaşayırlar. İddiaçının pulunu vermirlər. Həmçinin Vüqar adlı şəxs cavabdeh ilə əlbir olaraq oğlu Elxanın avam və xəstə olmasından istifadə edib onun adına "xxxx"dan 14000 manat pul krediti götürtdürmüş, öz işi üçün xərcləmişdir və hal-hazırda oğlu Elxan həmin pulu öz pensiyasından ödəyir. Xahiş edir ki, həmin pul Vüqar adlı həmin şəxsə ödətdirilsin. O isə götürüb xərclədiyi pulu ödəmir. İddiaçı çıxılmaz vəziyyətdə qalmışdır, aldığı evi aidiyyəti olmayan adamlar satıb pulunu götürmüşlər. İddiaçı dəfələrlə gəlini Cavabdeh bildirmişdir ki, onun pulu ilə alınıb müvəqqəti yaşamaq üçün onlara verdiyi evin satılmasından əldə etdiyi 34900 manat pulu gətirib ona versin. Lakin cavabdeh həmin pulları ona verməkdən imtina edir. Hər dəfə bir bəhanə gətirərək gah pulu banka qoyduğunu, gah da pulların atasının evində olduğunu bildirib onları verməkdən imtina edir. İddiaçı onun bu dələduz hərəkətləri ilə əlaqədar Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən araşdırılaraq, 04 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərarda iş üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Polis bölməsinə dəvət olunaraq dindirilmiş Cavabdeh yazdığı izahatında iddiaçı tərəfindən alınmış və müvəqqəti yaşadıqları evi iddiaçıya demədən özbaşına satdıqlarını və əldə etdikləri pulun onun özündə olduğunu etiraf etmişdir. Həmçinin Cavabdeh aid səs yazılarında da o, ona qarşı irəli sürülmüş ittihamları tam etiraf etmişdir. Cavabdehin evi satması və əldə etdiyi pulların hal-hazırda onun özündə olmasını təsdiq etməsinə dair izahatı digər sənədlərlə birlikdə Abşeron RPİ-nin arxivindədir. Buna görə də iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən 34900 manat və evin təmiri üçün iki dəfəyə xərclənmiş 20000 manat pul məhkəmə qaydasında tutularaq ona verilməlidir. Cavabdehin nümayəndəsi Vəkil yazılı vəkil nitqi təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh ilə iddiaçının oğlu X5 hazırda evlidirlər. Elxan və Nuranə nikaha daxil olduqdan sonra müəyyən müddət iddiaçının evində birlikdə yaşamışlar. Onların bu nikahından iki övladları doğulmuşdur. İddiaçı digər övladlarına maddi dəstək göstərdiyi kimi Elxan və onun ailəsi üçün də Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fərdi yaşayış evinin alınmasında köməklik göstərmişdir. Həmin ev sənədsiz, təmirsiz və yarımtikili olmuşdur. Ev alınarkən onun dəyəri 24000 manat olmuşdur. Yəni evin alışı 24000 manat olmuşdur. Elxan, Nuranə və onların iki övladı həmin evdən daimi və öz şəxsi əmlakları kimi istifadə etmişlər. Onlar bu evdə 10 ilə yaxın müddətdə yaşamışlar. Onlar öz zəhmətləri hesabına bu əmlakın təmiri və bərpası üçün 10000 manatdan artıq vəsait xərcləmişlər. 2024-cü ilin avqust ayında Elxan və Nuranə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən bina evindən mənzil almaq məqsədilə öz yaşadıqları evi 34000 manata satmışlar. Onlar həmin evi əşyaları ilə birlikdə satmışlar. Həmin əşyalar arasında cavabdehin cehiz əmlakları da olmuşdur. İddiaçı iddia ərizəsində sözügedən fərdi yaşayış evini özü üçün aldığını və müvəqqəti olaraq oğluna və onun ailəsinə yaşamaq üçün verdiyini qeyd etmişdir. Lakin iddiaçının həmin evin özü üçün alınması və oğluna cavabdehlə birlikdə ailə olaraq müvəqqəti yaşamağa verməsi ilə bağlı iddia tələbində qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Bununla da müəyyən olunur ki, həmin ev iddiaçının oğlunun və ailəsinin əvvəlki şəraitdən fərqli olaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün əldə edilmişdir. Hazırkı halda mübahisəli evin özü deyil, onun əldə edilməsi üçün vəsait hədiyyə edildiyindən və əmlak ər-arvadın nikah dövründə həmin vəsait hesabına olsa da, əvəzli şəkildə əldə edildiyindən mübahisəyə Ailə Məcəlləsinin 34-cü maddəsinin işə birbaşa tətbiqi mümkün deyildir. İndiki vəziyyətdə evin iddiaçıya məxsus olduğunu iddia edən iddiaçı vəsaiti oğlunun ailəsinə deyil, məhz özünə mənzil alınması üçün sərf edildiyini sübuta yetirməlidir. Belə ki, mübahisəli ev əldə olunan dövrdə cavabdeh öz ailəsi ilə mehriban ailə kimi yaşamışdır. Qeyd olunanlar iddiaçının öz oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi pul vəsaitinin bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilməsini istisna etmir. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama müqaviləsinin notariat qaydada təsdiq edildiyi halda etibarlı olması, hazırda isə tərəflər arasında belə bir müqavilənin olmaması ilə bağlı qeyd edir ki, MM-in 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama müqaviləsi etibarlıdır. İddiaçı hazırkı iş üzrə daşınmaz əmlak və ya həmin əmlaka olan hüquqları hədiyyə etməmiş, oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həmin evin (özbaşına tikilinin) alınmasına pul vəsaiti hədiyyə olaraq xərclənmişdir. Göründüyü kimi, iddiaçının evin alınması üçün pul vəsaitini oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi halda, məhz evi özü üçün əldə etməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmur və bununla bağlı iddiaçı mötəbər sübutlar təqdim etməmişdir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hesab edir ki, hazırkı halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Hətta iddiaçı bu hüquqa malik olsaydı belə, həmin iş üzrə iddiaçı qarşısında Cavabdeh ilə yanaşı, iddiaçının oğlu X5 da məsuliyyət daşımalı idi. Göründüyü kimi, iddiaçının tələbi kifayət qədər qüsurludur. Bundan başqa, məlumat üçün bildirir ki, sözügedən fərdi yaşayış evi satıldıqdan sonra Elxan və Nuranə həmin vəsaiti aşağıda göstərilən şəkildə istifadə etmişlər. Öncə Elxanın "xxxx"a (Birbanka) 800 manata yaxın borcu olduğu üçün bu vəsait ödənilmişdir. Kanalizasiya xəttinin çəkilməsi ilə bağlı 1200 manat borc olmuşdur. Bu vəsait ödənilmişdir. Evin (işıq, qaz və su) kommunal borcları təxminən 500 manat vəsait ödənilmişdir. Evin satışından maklerə 600 manat verilmişdir. Uşaqlar üçün nisyə alınmış iki ədəd velosiped üçün təxminən 400 manat borc bağlanmışdır. Masazır qəsəbəsində yeni alınmış mənzil üçün iki ay 1569+1569=3139 manat ödənilmişdir. Elxan, Nuranə və onların övladları Masazır qəsəbəsində 4 ay kirayə şəraitində yaşamışlar. Hər ay 300 manat (300*4=1200 manat) və aylıq kommunal ödənişlər 150 (150*4=600) manat olmuşdur. Nuranə üçün alınan və dəyəri 800 manat olan iki ədəd mobil telefonları Elxan sındırmışdır. Bu ödənişlər də həmin evin satışından ödənilmişdir. Həmçinin Elxan özü üçün də iki ədəd mobil telefon almışdır. Bu ödənişlər də evin pulundan köçürülmüşdür. Onlar kirayə evdə yaşayarkən Elxan tərəfindən qaldıqları evin qapısı və şkafları sındırılmışdır. Bunun üçün 50 və 100 manat ödənilmişdir. Sədərək ticarət mərkəzindən uşaqlar və özləri üçün dəyəri 700 manat olan pal-paltar alışı olmuşdur. Bu vəsait də evin pulundan köçürülmüşdür. Son olaraq, 2024-cü ilin oktyabr ayında Elxan gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gəlmiş və Nuranəni amansızcasına döymüşdür. Həmin gün Nuranə əl və ayaqlarından ağır xəsarətlər almışdır. Qonşuların köməkliyi ilə Nuranə Elxanın əlindən alınmışdır. Nuranə bundan sonra kirayə qaldıqları evə gələ bilməmişdir. Evin satışından qalıq pullar yorğan-döşəyin arasında olmuş və həmin pulu da Elxan götürmüşdür. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi. O, verilmiş suallara cavab olaraq qeyd etdi ki, gəlini olan cavabdeh Nuranə və oğlu Elxan mübahisəli evə köçdükdən sonra təxminən 10 il həmin evdə bərabər yaşamışlar. Lakin oğlu və gəlini tərəfindən həmin evdə heç bir təmir işi aparılmamışdır. Sonradan oğlu və gəlini həmin evi satmış, gəlini də pulu götürüb getmişdir. Məhkəmənin 11 iyun 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı oğluna və ona Bakı şəhəri, Müşfiqabad qəsəbəsindən ev almışdır. Təxminən 9 ilə yaxın iddiaçının oğlu Elxan ilə birlikdə həmin evdə yaşamışlar. Ev satılmazdan əvvəl Elxan onu dəfələrlə spirtli içki içib döymüş, o da ərinin valideynlərini çağırmış, onların da Elxana gücləri çatmadığı üçün “102” xidmətinə zəng vurmuşlar. O, uşaqlarını götürüb evdən çıxmışdır. Hələ o vaxt həmin ev satılmamışdı. Daha sonra isə həmin evi 33000 manata, içindəki əşyaları isə 900 manata satmışlar. Bir müddət kirayədə yaşadıqdan sonra Bakı şəhəri, Masazır qəsəbəsi, Duzlu gölün yanında "xxxx" MTK yaşayış kompleksindən 1569 manat məbləğində ilkin ödəniş edərək onun (cavabdehin) adına ev almışlar. Daha sonra 1 dəfə də ödəniş etmişdir. İddiaçının oğlu Elxan onu evdən qovduqdan sonra isə o, valideynlərinin yanına kəndə getməli olmuş, kənddən qayıtdıqdan sonra evdə pulun olmadığı haqqında məlumatı olmuşdur. Cavabdeh verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin avqust ayına kimi iddiaçının oğlu ilə birlikdə mübahisəli evdə yaşamışlar. Evin satılmasını da iddiaçının oğlu Elxan istəmiş, evin satılmasında o və Elxan iştirak etmişlər. Vüqar İsayev taksi sürücüsüdür, əri ilə onun ailəvi dostu olmuşdur. Lakin Vüqar evin satılmasında iştirak etməmişdir. Onlar evi satanda alğı-satqını notariusda rəsmiləşdirməmişlər. 2024-cü ilin oktyabr ayında Elxan onu və uşaqlarını evdən qovduqdan sonra 1 gün Vüqarın evində qalmış, sonra 2 gün onun mağazasında qalmış, evə girməmiş, daha sonra isə atası gəlib onları kəndə aparmışdır. Bu hadisələr baş verən vaxt da pul evdə olmuşdur. Ümumiyyətlə, Abşeron RPİ-də aparılan araşdırma zamanı izahat verərkən pulun özü tərəfindən götürüldüyünü bildirməmişdir. Məhkəmənin 07 iyul 2025-ci il tarixli hazırlıq iclasında protokol qaydasında qəbul edilmiş qərardadla iddiaçının oğlu və cavabdehin əri olan X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil yazılı qaydada təqdim etdiyi vəkil nitqinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən üçüncü şəxs X5 çıxış edərək bildirdi ki, Bakı şəhəri, Müşfiqabad qəsəbəsindəki evi atası olan İddiaçı öz adına almışdır, həmin evin işıq və su sayğacı da atasının, qaz sayğacı isə evin əvvəlki sahibi Şükufə xanımın adına idi. Cavabdehlə arasında söz-söhbət olduqdan sonra evi satmağa qərar vermişlər. Buna görə də işıq sayğacını atası onun adına keçirmişdir. Onlar evi ümumilikdə 34900 manata Müşfiqabad qəsəbəsində Vaqif adlı şəxsə satmışlar. Evin satılmasını notariusda rəsmiləşdirməmişlər. “ASAN Xidmət” Mərkəzində evin işıq, su və qaz sayğaclarını evi alan şəxsin adına keçirmişlər. Onlar ilk öncə 28 May qəsəbəsindən ev almağı düşünmüş, daha sonra Bakı şəhərinin Masazır qəsəbəsindən ev almağa qərar vermişlər. Lakin hələ Masazır qəsəbəsində ev almazdan əvvəl onlar həmin qəsəbədə kirayə ev tutmuşlar. Vüqar İsayev də Masazırda mağaza açmışdı, həyat yoldaşı Nuranə də həmin mağazada işləyirdi. O, verilmiş sualları belə cavablandırmışdır ki, Vüqar İsayev onların ailəvi dostu olmuşdur. Onlar 34000 manata evi, 900 manata isə evin içərisindəki əşyaları satmışdır. Evin pulunu isə cavabdeh götürüb atasının evinə getmişdir. Cavabdeh və Vüqar ona evin satılması haqqında atasına məlumat verməməsini demiş, o da yoldaşına inanmışdır. Evi atası almış, lakin onlara bağışlamamışdır, onlar evdə müvəqqəti yaşayırdılar. Qeyd etdi ki, Masazır qəsəbəsində kirayədə qaldıqları evə 300 manat kirayə haqqı ödəyirdilər. 3-4 ay həmin evdə yaşadıqdan sonra Masazır qəsəbəsində başqa kirayə həyət evinə köçmüşlər. Həmin evdə də 2-3 ay yaşamış, təxminən 250-300 manat kirayə haqqı vermişlər. Evin kirayə haqqını cavabdeh versə də, həmin kirayə haqqını hansı puldan verməsi barədə məlumatı yoxdur. Daha sonra onlar Masazır qəsəbəsində "xxxx" MTK yaşayış kompleksindən ev alanda 100 manat əvvəlcədən ödəniş, hər ay isə 1560 manat ödəniş etməyə razılaşmışlar. Evi alanda o və cavabdeh iştirak etmişdir. Aldıqları ev cavabdehin adına olmuş, cavabdeh də 1 ay ödəniş etmiş, lakin artıq ikinci ay həmin MTKdan onlara aylıq ödənişi etməsələr, evi başqasına satacaqları barədə xəbərdarlıq məktubu gəlmişdir. Cavabdeh isə indiyədək 4000 manata qədər ödəniş etdiyini bildirərək ona yalan demişdir. Qeyd etdi ki, pulun qalan məbləği cavabdehdədir, o isə pul görməmişdir. 2024-cü ilin oktyabr ayında hadisə baş verəndə cavabdeh gəlib evdən pulu götürüb kəndə valideynlərinin yanına getmiş, pulu aparıb kənddə valideynləri ilə birgə saymışlar. Bunun telefonda da şəkli var, uşaqları da görmüşdür. O, cavabdehin vəkili tərəfindən verilmiş suallara belə cavab vermişdir ki, Müşfiqabad qəsəbəsində yaşadıqları evin təmiri üçün "xxxx" ASC-dən 10000 manat məbləğində kredit götürmüşdür. Evin satılmasında makler də iştirak etmiş, cavabdeh ona 600 manat ödəniş etmişdir. Bir banka onun həmin vaxt borcu olmuş, kanalizasiyaya qonşular pul yığanda həmin pul ilə bir bankının borcunu bağlamış, daha sonra pensiyasından 300 manat, evin satılmasından əldə etdiyi məbləğdən 600 manat ilə qonşularının pulunu qaytarmışdır. O, mübahisəli ev satılmazdan əvvəl onun bütün kommunal borclarını bağlamışdır. Borclarını isə ev satıldıqdan sonra bağlamış, lakin bunu evin satılmasından əldə olunan pul ilə deyil, pensiyası ilə etmişdir. Belə ki, o, 800 manat pensiya alır. Qeyd etdi ki, Vüqara olan 800 manat borcu o, evin pulundan vermişdir. Evin pulu cavabdehdə və Vüqarda olmuşdur, o, borcunu ödəyəndə də pulu cavabdehdən alırdı. O, 2 ədəd özü üçün öz pensiyası ilə telefon almış, birini sındırmış, digərini isə Vüqara vermiş, Vüqara verdiyi telefonun kreditini də özü ödəmişdir. O, kirayədə qaldıqları evdə qapını təpiklə vurub sındırmış, buna da təxminən 60-70 manat xərci çıxmışdır. Bildirdi ki, Masazır qəsəbəsində olan mağazanı cavabdeh və Vüqar evin pulu ilə açmışdır. 2024-cü ilin oktyabr ayında evdə dava olmuş, həmin vaxt içkili olmuş, səslərinə qonşular yığılmış, sonra polis onu aparmışdır. Cavabdeh də həmin vaxt evdə olmuşdur. Ümumiyyətlə ailədaxili münaqişə ucbatından işləri 2-3 dəfə polisə düşmüşdür. Sonuncu davada cavabdehi itələmiş, ayağı taxtın ayağına dəyib yıxılmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, taksi şirkətində sürücülük fəaliyyəti ilə məşğul olur. Elxan Arzumanov və Cavabdeh onları Yasamala aparması üçün taksi sifariş vermiş, onlarla elə o vaxtdan münasibəti yaranmışdır. O, evin alğı-satqısında onlara yalnız sürücü kimi köməklik göstərmiş, başqa heç bir köməkliyi olmamışdır. Elxan Arzumanov isə onun əvəzindən heç kəsə borc qaytarmamış, əksinə ev satılmazdan əvvəl o, onların borcunu bağlamışdır. Elxan Arzumanov evi satanda müştərini və makleri özü tapmış, evin kommunallarını atasının adından öz adına keçirmişdir. Ümumiyyətlə, onun Elxan və Nuranənin evlərini satmaları, Masazırda "xxxx" MTK-dan ev almaları haqqında məlumatı olmuşdur. Onlar Masazırda iş qurduqlarına görə işə yaxın olması üçün evi də Masazırdan almışlar. 2024-cü ilin oktyabr ayında Elxan və Nuranənin arasında mübahisənin olması və onların işinin polisə düşməsindən xəbəri olmuşdur. 2024-cü ilin oktyabr ayında baş verən hadisədən sonra Elxan evdən qovduğu üçün Nuranə onlara gəlmiş, ona zəng edərək Elxanın onları evdən qovduğunu, çöldə qaldıqlarını bildirmişdir. O da axşam saat təxminən 3-4 radələrində gedib Nuranə və uşaqlarını götürüb evinə gətirmiş, 1 gün onlarda qalmışdır. Sonra isə onda olan məlumata görə 2 gün onlar mağazada qalmışlar. Daha sonra isə Nuranənin atası gəlib onları götürüb kəndə aparmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı(lar) iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçı(lar)nın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa imkan verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZ-İ 712717 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 və X6 04 may 2012-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan RİHB-nin Təklə kəndi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 may 2012-ci ildə 01 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Arzumanov, arvada Arzumanova soyadı verilmişdir. İşdə surəti olan AZ-İİİ 260136 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 dekabr 2012-ci il təvəllüdlü X3 atası X5, anası Cavabdehdır. İşdə surəti olan AZ-İİİ 852630 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 21 noyabr 2016-cı il təvəllüdlü X4 atası X5, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsində İddiaçı 25 dekabr 2024-cü ildə daxil olmuş müraciəti əsasında toplanmış HK-1/14304 nömrəli materialda olan izahatında Cavabdeh qeyd etmişdir ki, hal-hazırda Qobustan rayonu, Çuxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. İzahatının təhqiqatçı tərəfindən kompüter vasitəsilə yazılmasına heç bir etirazı yoxdur. Latın əlifbası ilə sərbəst yazıb oxuya bilir. Bildirir ki, hal-hazırda heç bir rəsmi yerdə işləmir. 2010-cu il tarixdə X5 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikahdan 2 övladı olmuşdur. Münasibətin ilk mərhələsində onlar qaynatası ilə birlikdə yaşamışlar. Lakin o, sonradan ayrı yaşamaq istədiyini bildirmiş, əri də onun dediyi ilə razılaşmışdır. Bu məqsədlə təxminən 7-8 il bundan əvvəl baldızına məxsus olan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir otaqlı mənzili 40000 manat dəyərində satdıqdan sonra həmin məbləğin 24000 manat dəyərindən Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində iki otaqlı həyət evi almış, həmin ünvanda yaşamağa davam etmişlər. Qeyd olunan ünvanda yerləşən həyət evi alındıqdan sonra qaynatası İddiaçı tərəfindən müəyyən məbləğdə təmir xərci çəkilərək ev yaşamaq üçün uyğun vəziyyətə gətirilmişdir. Belə ki, alınan evin sənədi olmadığından evin işıq və su sayğacları qaynatası İddiaçı adına keçirilmiş, qaz sayğacı isə evin əvvəlki sahibinin adına olduğu üçün onun adında qalmışdır. Təxminən 2022-ci ilin sonlarında onlar qaynatasıgilə ailə üzvləri ilə birlikdə gedəsi olmuş, Elxan Arzumanov “2111” taksi şirkətindən taksi sifariş etmiş, həmin şirkətdən göndərilən taksilərdən birinə əyləşib qaynatasının yaşadığı ünvana yollanmışlar. Belə ki, yolboyu adını onlara Vüqar deyə təqdim etmiş taksi sürücüsü ilə yoldaşı arasında səmimi münasibət yaranmışdır. O, onlara avtomobillərin alğı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Onlar qaynatasının yaşadığı ünvana gəlib çatdıqdan sonra Vüqar onlara evə qayıdan zaman istifadəsində olan mobil nömrəni Elxana təqdim etmişdir ki, ona xəbər etmiş olsun. İşi bitirdikdən sonra isə Elxan Vüqarla telefon əlaqəsi saxlayıb onları yaşadığı ünvana aparmasını bildirmişdir. Təxminən bir neçə müddət ərzində Vüqarla aralarında münasibət daha da yaxınlaşmağa doğru getmişdir. Elə olurdu ki, Vüqar ailəsi ilə birlikdə yaşadıqları evə gəlib gedirdi. Yaşadıqları ev satılmamışdan əvvəl Elxanla arasında münasibət pisləşməyə başlamış, belə ki, o, davamlı olaraq içki qəbul edib evə gəlmiş, qonşular içində biabır olduqları üçün evi satmaq qərarına gəlmişlər. 2024-cü ilin yay aylarında Elxan dəllal Yusiflə telefonla əlaqə saxlayıb evi satmaq fikrində olduğunu bildirmiş, evi ümumilikdə 34000 manat dəyərində satmışlar. Ev tapana kimi 1 ay da ev sahibindən möhlət götürmüşlər. Pulu isə onun özü götürmüş, dəllal Yusifə isə 600 manat pul ödəmişdir. Daha sonra isə onlar əllərində olan pul ilə ev almaq məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bina evindən iki otaqlı 94000 manat dəyərində mənzil tapmışlar. Həmin evi öz adına sənədləşdirsə də, sonradan baldızı sənədləşdirmə məsələsinə narazılıq etmiş, mənzili ala bilməmişlər, nəticədə isə Abşeron rayonu, Masazır qəsəbəsində evlərin birində 5 ay müddətinə kirayədə qalmışlar. Sonradan isə ona məlum olmuşdur ki, barəsində şikayət ərizəsi yazılmışdır. Əlavə olaraq bildirir ki, Elxan Arzumanov ayrı-ayrı vaxtlarda onu döymüş və hədələmişdir, bu barədə bir neçə dəfə Elxanın barəsində Abşeron RPİ-də şikayət ərizəsi mövcuddur. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, 34000 manat məbləğində pul yoldaşı Elxan Arzumanovda idi, yoldaşı Elxan Arzumanov içkili halda evə gələrək onu döyür, pulu boş yerə sağa-sola xərcləyirdi, o həmin məbləğdən isə Elxan Arzumanovun razılığı ilə pulu ondan götürüb ailəsini dolandırmışdır. Onun Vüqar adlı şəxslə arasında qabaqcadan evin pulunu ələ keçirməklə bağlı heç bir razılıq olmamışdır. Həmçinin 34000 manat pul yoldaşı Elxan Arzumanovun özündə olmuş, Elxan Arzumanov həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Sadəcə olaraq ona qarşı yalan və böhtandan istifadə edir. O, həmin puldan Elxan Arzumanovla birlikdə yaşamaq üçün gələcəkdə mənzil almağı nəzərdə tutmuşdu, həmin puldan başqa məqsədlə istifadə etmək fikri olmamışdır, yaşadıqları ev isə nikahda olduqları müddətdə alınmışdır. İzahatın onun sözləri ilə yazıldığını və doğruluğunu Cavabdeh imzası ilə təsdiq etmişdir. Həmin materialda olan izahatında X5 qeyd etmişdir ki, hal-hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. İzahatının təhqiqatçı tərəfindən kompüter vasitəsilə yazılmasına heç bir etirazı yoxdur. Latın əlifbası ilə sərbəst yazıb oxuya bilir. Bildirir ki, hal-hazırda heç bir rəsmi yerdə işləmir. Təxminən 15 il bundan əvvəl Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olmuş, bu nikahdan 2 övladı olmuşdur. Münasibətin ilk mərhələsində onlar valideynləri ilə birlikdə yaşamış, lakin yoldaşı Nuranə sonradan ayrı yaşamaq istədiyini bildirmiş, o da onun dediyi ilə razılaşmışdır. Bu məqsədlə təxminən 7-8 il bundan əvvəl bacısına məxsus olan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir otaqlı mənzili onun razılığı ilə 40000 manat dəyərində satdıqdan sonra həmin məbləğin 24000 manat dəyərindən Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində iki otaqlı həyət evi almış, həmin ünvanda yaşamağa davam etmişlər. Qeyd olunan ünvanda yerləşən həyət evini aldıqdan sonra 5000 manat dəyərində təmir xərci çəkilərək evi yaşamaq üçün uyğun vəziyyətə gətirmişlər. Bir müddət keçdikdən sonra 15000 manat dəyərində təmir xərci çəkilərək ev yenidən təmir edilmişdir. Alınan evin sənədi olmadığından evin işıq və su sayğacları atası İddiaçı adına keçirilmiş, qaz sayğacı isə evin əvvəlki sahibinin adına olduğu üçün onun adında qalmışdır. Təxminən 2022-ci ilin sonlarında o, atasıgilə ailə üzvləri ilə birlikdə gedəsi olmuş, “2111” taksi şirkətindən taksi sifariş etmiş, həmin şirkətdən göndərilən taksilərdən birinə əyləşib atasının yaşadığı ünvana yollanmışlar. Belə ki, yolboyu adını ona Vüqar deyə təqdim etmiş taksi sürücüsü ilə arasında səmimi münasibət yaranmışdır. O, özünün avtomobillərin alğı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Onlar atasının yaşadığı ünvana gəlib çatdıqdan sonra Vüqar ona evə qayıdan zaman istifadəsində olan mobil nömrəsini ona təqdim etmişdir ki, ona xəbər etmiş olsun, o da Vüqarın mobil nömrəsini götürüb telefonunda yaddaşa salmışdır. İşini bitirdikdən sonra isə Vüqarla telefon əlaqəsi saxlayıb onları yaşadığı ünvana aparmasını bildirmişdir. Təxminən bir neçə müddət ərzində Vüqarla aralarında münasibət daha da yaxınlaşmağa doğru getmişdir. Elə olurdu ki, Vüqar ailəsi ilə birlikdə yaşadığı evə gəlib gedirdi. Belə ki, o, yaşadığı evdə olan zaman yoldaşı Nuranə ona qonşuların ondan narazılıq etdiyi üçün, həmçinin də Vüqarın tez-tez yaşadığı evə gəlməsinə görə adına söz çıxarıldığını əsas götürüb evi satıb başqa yerdə ev alaraq yaşamaq istədiyini bildirmişdir. O, əvvəlcə Nuranənin dediyi ilə razılaşmasa da, sonradan məcbur qalaraq evi satmaq qərarına gəlmişdir. 2024-cü ilin yay aylarında o, dəllal Yusiflə telefon əlaqəsi saxlayıb evi satmaq fikrində olduğunu bildirmiş, evi ümumilikdə 35000 manat dəyərində satmış, ev tapana kimi 1 ay da ev sahibindən möhlət götürmüş, pulu isə yoldaşı Nuranə götürmüş, dəlla Yusifə isə 600 manat pul ödəmiş, 1000 manat isə Vüqarın qaynatası Xanbabaya olan borcunu ödəmək üçün vermişdir. Səhəri gün evdə olan zaman yoldaşı Nuranənin evdə olmadığını görüb ona zəng vurduqda Nuranə ona Qobustan rayonuna getdiyini bildirmiş, o da pulun yerini soruşan zaman əvvəl bilmədiyini desə də, sonradan özündə olduğunu bildirərək kirayə qaldıqları müddətdə münasib ev tapıb alacağını bildirmiş, evin alınmasında Vüqarın köməklik edəcəyini, Vüqar da ona sonradan narahat olmamasını, köməklik edəcəyini bildirmişdir. Sonradan isə Nuranə ona pulun bankda olduğunu, məhkəmədə pul məsələsinin həll ediləcəyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, o, Nuranəyə 35000 manat dəyərində pulu özündə saxlaması üçün vermiş, evi isə heç bir sənədləşmə olmadan satmışdır. Vüqar adlı şəxslə arasında hər hansısa bir iş görülməsi ilə bağlı razılaşma olmamışdır. İzahatın onun sözləri ilə yazıldığını və doğruluğunu X5 imzası ilə təsdiq etmişdir. Həmin materialda olan Abşeron RPİ-nin 04 yanvar 2025-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, iddiaçının oğlu (üçüncü şəxs) Elxan Arzumanov ilə Cavabdeh 04 may 2012-ci ildə nikahda rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan 2 uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra bir müddət iddiaçıya məxsus evdə yaşasalar da, sonradan cavabdeh öz ailəsi ilə birgə iddiaçının ailəsindən ayrı yaşamaq istəmişdir. Buna görə də iddiaçı öz qızına məxsus evi 40000 manat dəyərində sataraq onun 24000 manat hissəsinə oğlunun ailəsi üçün Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində sənədsiz özbaşına tikili olan iki otaqlı həyət evi almışdır. İddiaçı tərəfindən həmin evin alınıb verilməsinin dəqiq tarixi müəyyən edilməsə də, tərəflər bunun ən azı 7-8 il əvvəl olduğunu, cavabdeh isə iddiaçının oğlu ilə birgə təxminən 9 il həmin evdə yaşadığını bildirmişdir. Həmin evin işıq və su sayğacı iddiaçının, qaz sayğacı isə evin əvvəlki sahibinin adına olmuş, iddiaçının bildirdiyinə görə, sonradan evin işıq sayğacını oğlunun adına keçirmiş, bu zaman niyyətinin oğlunun uşaqlara və özünə arayış lazım olanda ala bilməsi olduğunu qeyd etmişdir. Bundan sonra həmin ev 2024-cü ilin yay aylarında iddiaçının oğlu və cavabdeh tərəfindən 34000 manata, evin içərisindəki əşyalar isə 900 manata Vaqif adlı şəxsə satılmış, lakin alğı-satqı özbaşına tikilinin satılmasına görə notarial qaydada rəsmiləşdirilməmişdir. Daha sonra isə onlar həmin pul ilə ev almaq məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bina evindən iki otaqlı 94000 manat dəyərində mənzil tapmışlar. Həmin evi almaq istədikdə isə sonradan cavabdehin baldızı (iddiaçının qızı) sənədləşdirmə məsələsinə narazılıq etdiyindən onlar həmin mənzili ala bilməmişlər, nəticədə Abşeron rayonu, Masazır qəsəbəsində bir müddət kirayədə yaşamalı olmuşlar. 2024-cü ilin oktyabr ayında isə iddiaçının oğlu cavabdehi döyərək kirayədə yaşadıqları evdən qovmuş, cavabdeh isə 1 gün Vüqar İsayevin evində, daha sonra isə bir neçə gün mağazasında qalmış, daha sonra valideynləri gəlib onu kəndə öz evlərinə aparmışdır. İddiaçı iddia ərizəsinin məzmununda başqa məbləğlərin də tutulmasını istəsə də, iddia ərizəsinin tələb hissəsində gəlini tərəfindən mübahisəli evin satışından əldə olunmuş 34900 manat məbləğində pulun ondan tutulmasını xahiş etmiş, öz tələbini əsaslandırmaq üçün isə həmin evi onlara bağışlamadığını, yalnız onların müvəqqəti istifadəsi üçün verdiyini bildirmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçının qızına məxsus evin satışından əldə olunmuş 40000 manat pulun 24000 manat hissəsinə oğlu və gəlini üçün ev alması işin mübahisəsiz halıdır. İddiaçı həmin evi oğlunun ailəsinin yaşaması üçün onların müvəqqəti istifadəsinə verdiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Oğlu və gəlininin həmin evdə ən azı 7-8 il yaşaması, həmin evin satılmasından xəbərdar olsa da, yalnız gəlini ilə oğlunun münasibətləri pozulduqdan sonra öz etirazlarını bildirməsi isə iddiaçının həmin evi onlara bağışlama niyyəti ilə verdiyini göstərir. Belə ki, mübahisəli ev 2024-cü ilin yay aylarında satılmışdır. İddiaçının oğlu Elxan Arzumanov məhkəmə iclasında evin satılması barədə atasına məlumat vermədiklərini bildirsə də, bu hal iş materialları ilə əsaslı şübhə altına düşür. Belə ki, iddiaçının işıq sayğacını oğlunun adına keçirməsi, oğlu və gəlininin həmin evi satdıqdan sonra yeni ev almaq istədikdə iddiaçının qızının sənədləşmədə narazılıq törətməsi iddiaçının da həmin vaxtdan evin satılmasından xəbərdar olduğunu düşünməyə əsas verir. Buna baxmayaraq, oğlu və gəlini bir neçə ay kirayədə yaşasa da, iddiaçı yenə də evin satılması ilə bağlı hər hansı etirazını bildirməmiş, yalnız 2024-cü ilin oktyabr ayında oğlu ilə gəlini arasındakı münasibətlər pozulduqdan sonra 25 dekabr 2024-cü ildə Abşeron RPİ-yə müraciət etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçı əslində həmin evi oğlu və gəlininin müvəqqəti istifadəsinə vermək deyil, onlara bağışlamaq niyyətində olmuşdur. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən həmin ev özbaşına tikili olmaqla sənədsiz olmuşdur. Başqa sözlə, ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində də qeydiyyata alınmamışdır. Buna görə də həmin evin birbaşa özünün iddiaçının oğluna və gəlininə bağışlanması halı mümkün olmamaqla, həmin evin alınması üçün sərf edilmiş pul vəsaitinin onlara bağışlanması halı mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ər-arvadın ümumi birgə mülkiyyətinin mahiyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən, onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdandır ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərar). Qanunverici ər-arvadın hər birinə məxsus olan əmlakın dairəsini Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə konkret müəyyən etmişdir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərar). Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Mülki hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin 397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ərarvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır. Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Mülki Məcəllənin 668.1.3-cü maddəsinə uyğun olaraq, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adı çəkilən 28 dekabr 2023-cü il tarixli qərarında onu da qeyd etmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Hazırkı halda isə iddiaçı tərəfindən mübahisəli evin oğlu və gəlininin müvəqqəti istifadəsinə verilməsinin sübuta yetirilməməsi ilə yanaşı, onun həmin özbaşına tikilinin alınması üçün pulu da onlara bir ailə kimi deyil, oğluna bağışlamış olması da sübuta yetirilmir, bununla bağlı iddiaçı tərəfindən hər hansı bir əyani sübut təqdim edilməmiş, ümumiyyətlə hər hansı bir yazılı müqavilə və s. mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 5.6-cı bəndində də qeyd edilmişdir ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Həmin Qərarın 5.7-ci bəndində isə qeyd olunmuşdur ki, ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Məhkəmə Ali Məhkəmə Plenumunun mövqeyini hazırkı işin halları ilə əlaqəli şəkildə təhlil edərək bir daha bildirir ki, iddiaçı mübahisəli evi oğlunun ailəsinin yaşaması üçün onların müvəqqəti istifadəsinə verdiyini qeyd etsə də, oğlu və gəlininin həmin evdə ən azı 7-8 il yaşaması, həmin evin satılmasından xəbərdar olsa da, yalnız gəlini ilə oğlunun münasibətləri pozulduqdan sonra öz etirazlarını bildirməsi iddiaçının həmin evi onlara bağışlama niyyəti ilə verdiyini göstərir. Belə ki, mübahisəli ev 2024-cü ilin yay aylarında satılmışdır. İddiaçının oğlu Elxan Arzumanov məhkəmə iclasında evin satılması barədə atasına məlumat vermədiklərini bildirsə də, bu hal iş materialları ilə əsaslı şübhə altına düşür. Belə ki, iddiaçının işıq sayğacını oğlunun adına keçirməsi, oğlu və gəlininin həmin evi satdıqdan sonra yeni ev almaq istədikdə iddiaçının qızının sənədləşmədə narazılıq törətməsi iddiaçının da həmin vaxtdan evin satılmasından xəbərdar olduğunu düşünməyə əsas verir. Buna baxmayaraq, oğlu və gəlini bir neçə ay kirayədə yaşasa da, iddiaçı yenə də evin satılması ilə bağlı hər hansı etirazını bildirməmiş, yalnız 2024-cü ilin oktyabr ayında oğlu ilə gəlini arasındakı münasibətlər pozulduqdan sonra 25 dekabr 2024-cü ildə Abşeron RPİ-yə müraciət etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçı əslində həmin evi oğlu və gəlininin müvəqqəti istifadəsinə vermək deyil, onlara bağışlamaq niyyətində olmuşdur. Eyni yanaşma bütövlükdə həm də iddiaçı tərəfindən evin təmiri üçün çəkildiyini iddia etdiyi xərclərə də aid edilir, həmin xərclərin də ailə üçün çəkildiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Hazırda mübahisəli evin alınması üçün ödənilən pulun və onun təmirinə çəkilən xərclərin iddiaçı tərəfindən oğlunun ailəsinə bağışlanmış məbləğlər olduğunu müəyyən edən məhkəmə artıq iddiaçının həmin evin sonradan notarial qaydada olmasa da, satışından əldə olunmuş pula dair hər hansı subyektiv hüququnun olmadığı nəticəsinə gəlir və bildirir ki, belə olan halda hazırkı iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə çıxış edə bilmək üçün subyektiv hüququnun olmadığı müəyyən edilməklə yanaşı, cavabdehin evin satışından əldə edilmiş məbləğ vasitəsilə əsassız varlanması halı da müəyyən edilmir. Qeyd olunanlarla yanaşı, məhkəmə onu da bildirir ki, evin satışından əldə olunmuş məbləğdən sonradan ailənin saxlanılması üçün çəkilmiş xərclər çıxılmaqla, qalan pulun həqiqətən cavabdehdə olması barədə də iddiaçı tərəfindən mötəbər sübut təqdim olunmamış, onun tərəfindən yalnız Cavabdeh Abşeron RPİ-də aparılan araşdırma zamanı verdiyi izahata istinad olunmuş, Cavabdeh isə həmin izahat zamanı həmin pulu ərinin öz şəxsi xərclərinə sərf etdiyini, yalnız ailənin dolandırılması üçün ondan pul götürdüyü bildirmiş, ailənin saxlanılması üçün çəkilən xərclər çıxıldıqdan sonra yekunda qalan pulun onda olmasına dair hər hansı təsdiqedici məlumat verməmişdir. Onun əri (iddiaçının oğlu) Elxan Arzumanov isə polisdə verdiyi izahatında əvvəlcə evin satılmasından sonra Cavabdeh pulu götürüb Qobustan rayonuna getdiyini, məhkəmə iclasında isə həqiqətən də evi satdıqdan sonra ailənin saxlanılması, kirayə və s. xərclərə pul sərf olunduğunu bildirməklə ziddiyətli mövqelər sərgiləmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə surəti olan 11 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107 və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna dair hissədə də tələb təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh (X5 üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “pul tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (X5 üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar