Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-28/2025 03.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlak payı kimi verilmiş tikililərdən iddiaçıların payına düşən hissələrinin naturada bölünərək iddiaçılara təhvil verilməsi, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə və tikililərin bərpa edilməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən əmlak payı kimi verilən Qobustan rayonunda “Qarıq” qışlağında yerləşən 9×110 metr uzunluğunda qoyun banıstanının (qoyun fermasının), 1 ədəd quzu küzünün və 2 ailəlik çoban evinin İddiaçı1 düşən 1/14 hissəsinin və digər İddiaçı2 düşən 1/14 hissəsinin naturada bölünərək iddiaçılara təhvil verilməsi, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, 1997-ci ildə bütün ölkə üzrə aqrar islahatlar həyata keçirilərkən Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən kəndin 17 nəfər sakininə, o cümlədən də iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlak payı kimi “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü, 2 ailəlik çoban evi verilmişdir. İş üzrə Cavabdeh 2022-ci ildə X29 və qeyrilərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin çoban evi və banıstandan cavabdehlərin çıxarılmasını tələb etmişdir. Həmin iş üzrə qəbul edilən məhkəmə aktları ilə də müəyyən olunmuşdur ki, “Qarıq” qışlağındakı banıstan, quzu küzü və çoban evi əmlak payı almaq hüququ olan şəxslərə verilmişdir və həmin əmlak payı alan şəxslərin siyahısında iddiaçıların da adı var. Beləliklə, həmin əmlaklar üzərində iddiaçıların da paylı mülkiyyət hüquqları var. İddiaçılar “Qarıq” qışlağındakı banıstanın, 1 ədəd quzu küzünün və 1 ədəd çoban evinin paylı mülkiyyətçiləridirlər. İddiaçıların həmin əmlaklar üzərində payları bəlli olmadığından hazırda həmin əmlaklar ümumi paylı mülkiyyətdədir. Onlar həmin əmlaklardakı paylarının naturada ayrılmasını istəyirlər. Bu məqsədlə cavabdehə yazılı qaydada müraciət edərək, “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik çoban evinin paylarına uyğun hissəsinin (hər birinə ən azı 1/14 hissəsini) naturada bölünərək onlara təhvil verilməsinə yazılı razılıq bildirməsini təklif etmişlər. Lakin cavabdeh tərəf bu təklifi aldıqdan sonra onlara heç bir cavab verməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh həmin əmlakların yalnız özünə məxsus olduğunu iddia edir və iddiaçıların həmin əmlakda pay haqlarının olduğuna etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci, 220-ci, 221-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən hesab edirlər ki, Qobustan rayonu ərazisindəki “Qarıq” qışlağında yerləşən 9×110 metr uzunluğunda qoyun banıstanının (qoyun fermasının), 1 ədəd quzu küzünün və 2 ailəlik çoban evinin paylarına uyğun hissəsinin (hər birinə ən azı 1/14 hissədə) naturada bölünərək onlara təhvil verilməsi, həmin hissələrdən sərbəst istifadələrinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçılar sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin tələblərlə yanaşı, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilən tikililəri bərpa etməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 16 dekabr 2024-cü il, 13 yanvar 2025-ci il, 24 yanvar 2025-ci il və 05 fevral 2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmiş İddiaçı1 bildirmişdir ki, mübahisəli “Qarıq” qışlağında təxminən 14-15 nəfərin əmlak payı mövcuddur. Əvvəllər olan məhkəmə mübahisələri zamanı da bildirmişlər ki, onlar həmin qışlaqdakı paylarını Maarif Poladova vermişdir. Bunun qarşılığında Maarif Poladov onlara mütəmadi olaraq haqq da ödəmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, mübahisəli əmlakdakı payını Maarif Poladova 1000 manat müqabilində satmış, bu zaman digər payçılara əvvəlcədən payını təklif etməmişdir. Həmin qışlağa dair hər hansı bir sənəd mövcud deyil. Ona görə də o, Maarif Poladovla şifahi razılığa gəlmişdir. Bildirdi ki, kolxozların bölünməsi zamanı atası X3 da həmin kolxozun əmlakından pay düşmüşdür, lakin bununla bağlı sənəd olmamışdır. Ağakərim dayı adlanan həmkəndlisi bir neçə dəfə onlara icarə haqqı kimi pul da vermişdir. Atasının 9 övladı olmuşdur və onların hər biri hazırda sağdır. Atası 27 fevral 2002-ci ildə, anası isə 25 yanvar 2015-ci ildə vəfat etmişdir. O və bacı-qardaşları atasından qalmış miras əmlaka dair hər hansı şəhadətnamə almamış, ailə üzvləri ilə miras paylarını müəyyənləşdirməmişlər. Sadəcə özü ata yurdunda yaşadığına görə əmlaka faktiki olaraq sahiblik etmişdir. Bildirdi ki, yalnız ümumi mülkiyyətçilərdən Cavabdeh onun “Qarıq” qışlağındakı qoyun banıstanında payı olmadığını bildirdiyindən hazırda ona qarşı iddia qaldırmışdır. Məhkəmənin 16 dekabr 2024-cü il, 13 yanvar 2025-ci il və 05 fevral 2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmiş İddiaçı2 bildirmişdir ki, mübahisəli “Qarıq” qışlağında həm özünün, həm də ata və anasının ayrı-ayrılıqda payları mövcuddur. X1 və anası X13 2011ci ildə vəfat etmişlər. Valideynlərinin onunla birgə 7 övladı olmuşdur və onlardan 6-sı sağdır. Onun valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi yoxdur. O, öz payını Eyvaz Poladova etibarnamə ilə vermişdir. Onun “Qarıq” qışlağında payının mövcudluğunu təsdiq edən sənəd tikintidə payının mövcudluğunu göstərən arayışdır, onların “Qarıq” qışlağındakılardan başqa tikintiləri mövcud deyil. Cavabdeh tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehə payının ona verilməsinə dair təklif irəli sürməmişdir. Əmlakdakı payı müqabilində ona Tapdıq və Ağakərim adlı həmkəndliləri bir neçə dəfə pul və heyvan vermişdir. Əmlak payı kimi verilmiş maşında onun, anasının və qardaşı Tahirin payı mövcud olmuş, maşın üçün 12000 manat qiymət müəyyən edilmişdir, tikintiləri üçün nə qədər qiymət verildiyini dəqiq bilmir. Məhkəmənin 13 yanvar 2025-ci il, 24 yanvar 2025-ci il və 05 fevral 2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi Vəkil bildirmişdir ki, mübahisəli ərazi və tikililər vaxtilə sovet dövründə kolxoz kimi mövcud olmuş, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özəlləşdirmə həyata keçirilərkən həmin kolxoz və sovxozların əmlakı orada çalışan işçilərə onların iş stajı, əmək məhsuldarlığı və digər xüsusiyyətlər nəzərə alınmaqla müəyyən edilən əmsallar əsas götürülməklə əmlak payı kimi verilmişdir. Mübahisəli “Qarıq” qışlağında da qoyun banıstanı, quzu küzü və çoban evi kimi tikililər mövcuddur. İddiaçılardan İddiaçı1 atasının, İddiaçı2 isə həm özünün, həm də valideynlərinin həmin əmlakda payı olmuşdur. Həmin şəxslərin orada əmlak payının mövcudluğu arxivdən verilən arayışla öz təsdiqini tapır. Eyni zamanda onlar öz tələblərini əsaslandırmaq üçün həm də əvvəllər tərəflər arasındakı məhkəmə mübahisəsi zamanı qəbul olunmuş qətnamələrə istinad edirlər. “Qarıq” qışlağındakı tikililərdə 14 nəfərin əmlak payı mövcuddur. Bunu təsdiq edən arayış da mövcuddur. Hesab edir ki, yazılı vəsatətində də təqdim etdiyi həmin şəxslərdən sağ olanlar özü, sağ olmayanların isə vərəsələri hazırkı iş üzrə cavabdeh qismində cəlb olunmalıdırlar. Həmçinin qeyd etdi ki, məhz sözügedən 14 nəfərlik siyahıda adları qeyd olunduğuna görə hazırkı iddiaçılar əvvəlki məhkəmə mübahisəsi zamanı üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Onlar sadəcə 14 nəfərlik siyahıda adları qeyd olunan şəxslərin cavabdeh qismində cəlb edilməsini istəyirlər. 17 nəfərlik siyahıda ailə üzvləri qeyd olunsa da, 14 nəfərlik siyahıda isə məhz həmin şəxslərin kolxozda işləməsinə görə onlara tikinti və texnikada pay müəyyən edilmişdir. 05 fevral 2025-ci il tarixli iclasda isə bildirmişdir ki, onun tərəfindən Qobustan rayon Dövlət arxivinə sorğu verilmişdir. Sorğusuna cavab məktubunda bildirilmişdir ki, Göydərə kənd Göydərə kolxozunun islahat sənədlərində tikintidən pay əmsalı Ağamirzə Qurbanov, İddiaçı2, Quba Qurbanova, Şahməmməd Məmmədov, Əlifxan Poladov və Eyvaz Poladov üçün də müəyyən edilmişdir. Eləcə də, “Qarıq” qış otlaq sahəsinə dair islahat sənədlərində subyektlərə veriləcək bina və qurğuların payına bölmək üçün birlikdirmə cədvəli aşkarlanmışdır. Göründüyü kimi, iddiaçıların da həmin əmlaklarda payı qeyd olunmuşdur. Hər bir halda onlar cavabdehin də mübahisəli əmlakda payı olmasını qəbul edirlər. Həmçinin bildirdi ki, cavabdeh qismində cəlb edilməsi üçün vəsatətində qeyd etdiyi şəxslərdən kimin cəlb edilməsini məhkəmə məqsədəmüvafiq hesab edirsə, o cəlb edilsin. Məhkəmənin bütün iclaslarında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisəli “Qarıq” qışlağındakı qoyun banıstanı, quzu küzü və çoban evi tikililərinin 17 nəfər şəxsin ümumi birgə mülkiyyətində olması Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmin 17 nəfərin siyahısında isə iddiaçıların ikisi də, həmçinin, onların cavabdeh qismində cəlb olunmasını istədikləri şəxslərin də adı olmamışdır. Həmin 17 nəfərin içərisində adı qeyd olunanlar Ağabala Balayev, arvadı Şüşə Balayeva, oğlu Tapdıq Balayev və gəlini Mahilə Balayeva, onun özü, atası Ağababa Mustafayev, anası Sona Mustafayeva, bacısı Əminə Mustafayeva, həmkəndlisi Mirabbas Əhmədov, onun arvadı Şəfiqə Əhmədova, oğlu Rafayıl Əhmədov, həmkəndlisi Ağakərim Əşrəfov, arvadı Şura Əşrəfova, həmkəndlisi və qayınatası Heybət Hidayətov, onun arvadı və qayınanası Gülsura Hidayətova, həmkəndlisi Həmid Həmidov və onun arvadı Gülgəzə Həmidovadır. Onun Eyvaz və Maarif Poladov qardaşları ilə əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Bununla bağlı artıq onun xeyrinə qəbul edilmiş və hazırda qanuni qüvvəsini almış məhkəmə qətnamələri də mövcuddur. Ona görə də o, iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçıların nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hava şəraiti və səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin 03 fevral 2025-ci il tarixli arayışından görünür ki, Göydərə kənd Göydərə kolxozunun islahat sənədlərində tikintidən pay əmsalı məktubda adları göstərilən vətəndaşlara aşağıdakı qaydada qeyd edilmişdir: 1) Ağamirzə Qurbanov – pay əmsalı 37.8, miqdarı 1732.9; 2) İddiaçı2 – pay əmsalı 4.14, miqdarı 189.7; 3) Quba Qurbanova – pay əmsalı 21.87, miqdarı 1002.6; 4) Şahməmməd Məmmədov – pay əmsalı 31.2, miqdarı 7430; 5) Əlifxan Poladov – pay əmsalı 12.4, miqdarı 2560; 6) Eyvaz Poladov – pay əmsalı 0.05, miqdarı 20. “Qarıq” qış otlaq sahəsinə dair islahat sənədlərində subyektlərə veriləcək bina və qurğuların payına bölmək üçün birlikdirmə cədvəli aşkarlanmışdır. İşdə surəti olan bina və qurğuların əmlak payına bölmək üçün birrikdirmə cədvəlindən görünür ki, 1993-cü ildə tikilmiş “Qarıq” qoyun banıstanına 1 ədəd qoyun banıstanı, 1 ədəd quzu küzü və 2 ədəd 2 ailəlik çoban evi daxil olmuşdur. Eləcə də, həmin cədvəldə obyekt kimi Göydərə 8 illik məktəbi, Alıbəy toyuq damı, Ağabəy mal tövləsi, Baydar qoyun banıstanı, idarə və anbar binasının da adı çəkilmişdir. İş materiallarına surəti əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin 11 may 2022ci il tarixli, 2(026)-164/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, cavabdehlər X14 və X6 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar Cavabdeh, Mustafayev Ağababa Hacıbaba oğlu, X26, X7 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2023-cü il tarixli, 2(105)-123/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X29 və X27 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(102)-3823/2023 saylı qərarından görünür ki, həmin qərarla iddiaçılar X26, X22 və Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2023-cü il tarixli, 2(105)-123/2023 saylı qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarına surəti əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-217/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X29 və X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı və digər iddiaçı Mustafayev Ağababa Hacıbaba oğlunun hüquqi varisi Cavabdeh, iddiaçılar X8 və X4 cavabdehlər X29 və X15 qarşı “tikilidən məcburi çıxarılma” barədə iddiaları təmin edilmiş, cavabdehlər X14 və X6 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar Cavabdeh, Mustafayev Ağababa Hacıbaba oğlu, X26 və X7 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılmaları qət edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)-2492/2024 saylı qərarından görünür ki, həmin qərarla cavabdehlər X29 və X27 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-217/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan əmlak “Qarıq” qışlağında yerləşən qoyun banıstanı, quzu küzü və 2 ədəd 2 ailəlik çoban evindən ibarətdir. İddiaçılar mübahisəli əmlak üzərində kolxoz islahatı zamanı özlərinin də payının tanındığına istinad etmiş, həmin əmlak üzərində 14 nəfər payçının olduğunu bildirmiş, İddiaçı2 həm özünün, həm də valideynlərinin, digər İddiaçı1 isə atasının sözügedən əmlakın payçılarından olduğunu qeyd etmişdir. Bu halı sübuta yetirmək məqsədilə iddiaçılar tərəfindən 03 fevral 2025-ci il tarixli arayış təqdim olunmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçılar Cavabdeh, Mustafayev Ağababa Hacıbaba oğlunun, X8, X4 cavabdehlər X23 və X15 qarşı hazırkı mübahisə predmeti barəsində iddiaları olmuş, həmin iş üzrə hazırkı iddianı qaldırmış İddiaçı1 və İddiaçı2 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Bu isə onu deməyə əsas verir ki, həmin mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilənlər hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir və həmin qətnamə ilə müəyyən edilən faktlar başqa məhkəmə prosesində yenidən mübahisələndirilmir. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı). Yuxarıda da qeyd olunduğu kimi hazırkı iş üzrə iddiaçılar əvvəlki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etmişlər. Bu isə həmin iş üzrə qəbul edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin onlara münasibətdə də preyudisial hesab edildiyini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək özünün 05 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə əvvəlki iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)- 217/2024 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)-2492/2024 saylı qərarının hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığını və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş faktların və hüquq münasibətlərinin yenidən hazırkı prosesdə araşdırılmasının mümkünsüzlüyünü qəbul edir. Əvvəlki mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9×110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmçinin, həmin mübahisə üzrə iddia predmetini təşkil edən əmlak ümumi (birgə) mülkiyyətdə olan əmlakdır. Mübahisə predmeti olan banıstan həmin iş üzrə iddiaçılara (Cavabdeh, Mustafayev Ağababa Hacıbaba oğluna, X16, X7) əmlak payı olaraq verilmiş və birgə mülkiyyətdədir, həmin əmlakdan paylar naturada ayrılmamış, mübahisə predmeti olan əmlak paylı mülkiyyətə çevrilməmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(102)- 2492/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, kassasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə müvafiq qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Göründüyü kimi, preyudisial əhəmiyyət kəsb edən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə hazırkı iş üzrə də mübahisə predmeti olan “Qarıq” qışlağında yerləşən qoyun banıstanının, quzu küzünün və 2 ədəd çoban evinin 17 nəfərin ümumi birgə mülkiyyətində olması halı öz təsdiqini tapmışdır və həmin halın yenidən mübahisələndirilməsinə və ya sübuta yetirilməsinə yol verilmir. Həmin 17 nəfərlik siyahının olduğu arayışın surəti hazırkı iş materiallarına da əlavə olunmuşdur. Belə ki, Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Göydərə kənd Göydərə kolxozunun islahat sənədlərində tikintidən pay əmsalı adları göstərilən vətəndaşlara aşağıdakı qaydada qeyd edilmişdir: 1) Cavabdeh – pay əmsalı 2.19 tikintidən 2339; 2) Mustafayev Ağababa Hacıbaba oğlu – pay əmsalı 80.0 tikintidən 3635580; 3) X30 – pay əmsalı 21.87 tikintidən 10023628; 4) X9 – pay əmsalı 2.67 tikintidən 122604; 5) X17 – pay əmsalı 21.87 tikintidən 734688; 6) X31 – pay əmsalı 21.87 tikintidən 1002628; 7) X18 – pay əmsalı 5 tikintidən 229223; 8) X22 – pay əmsalı 57.04 tikintidən 2631501; 9) X48 – pay əmsalı 21.87 tikintidən 1002628; 10) X19 – pay əmsalı 87.29 tikintidən 4001808; 11) X10 – pay əmsalı 21.87 tikintidən 1002628; 12) X43 – pay əmsalı 81.39 tikintidən 3731322; 13) Gülgəz Həmidova – pay əmsalı 21.87 tikintidən 3731322; 14) X24 – pay əmsalı 21.87 tikintidən 1002628; 15) X26 – pay əmsalı 52.02 tikintidən 2384857; 16) X49 – pay əmsalı 21.87 tikintidən 1002628; 17) X20 – pay əmsalı 2.24 tikintidən 53921. Göründüyü kimi, mübahisəli əmlakın ümumi birgə mülkiyyətçiləri kimi qəbul edilən həmin 17 nəfərlik siyahıda hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 adları yoxdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçıların mübahisə predmeti olan “Qarıq” qışlağındakı qoyun banıstanı, quzu küzü və çoban evləri barəsində hər hansı tələb irəli sürməyə hüquqları mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, iddiaçılar tərəfindən istinad olunmasına baxmayaraq, mübahisəli əmlak üzərində 14 nəfərin payının olmasını özündə əks etdirən arayış təqdim olunmamış, əvvəlki məhkəmə mübahisəsi üzrə iş materiallarına baxış keçirilərkən bu cür arayış həmin işdə də aşkar edilməmiş, yalnız məhkəmə qətnamələrində apellyasiya şikayətinin dəlilləri hissəsində sözügedən 14 nəfərlik siyahıdan və həmin 14 nəfərin kimliyindən bəhs edilmişdir. İddiaçıların istinad etdiyi həmin 14 nəfərlik siyahıda (1.X12; 2.X5; 3.X19; 4.X17; 5.X25; 6. X21; 7.X35; 8.Mustafayev Ağababa Hacıbaba oğlu; 9.X22; 10.X32; 11. İddiaçı2; 12. X2; 13. X26; 14.X43) Cavabdeh adının olmamasına baxmayaraq, onlar məhkəmə iclasında Cavabdeh də mübahisəli əmlak üzərində payının olmasını qəbul etdiklərini bildirərək ziddiyyətli mövqe sərgiləmişlər. İddiaçıların bildirdiyi digər bir ziddiyyətli məqam isə ondan ibarətdir ki, onlar iddia ərizəsində 1997-ci ildə bütün ölkə üzrə aqrar islahatlar həyata keçirilərkən Qobustan rayon Göydərə kəndi üzrə yerli aqrar islahat komissiyasının qərarına əsasən kəndin 17 nəfər sakininə, o cümlədən də iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlak payı kimi mübahisəli əmlakın verildiyini bildirmiş, sonradan məhkəmə iclaslarında mübahisəli əmlakın 14 nəfərə verildiyini qeyd etmişlər. Hər bir halda hazırkı iş üzrə iddiaçıların mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququna malik olmaması preyudisial məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçıların mübahisəli əmlak üzərində hüquqları olsaydı belə, hazırkı iddia rədd olunmalı idi. Belə ki, mübahisə predmeti olan əmlakın ümumi birgə mülkiyyətdə olması işin mübahisələndirilə bilməyən halıdır. Mülki Məcəllənin 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi, iddiaçılar mübahisəli əmlakın birgə mülkiyyətçilərindən olsaydılar belə, onların payının ayrılıb verilməsi yalnız mülkiyyətçilərin hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinə əsasən, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11-ci maddəsinə əsasən, sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir. Qeyd olunanları nəzərə alan məhkəmə bildirir ki, əmlak payı kimi verilmiş tikililərdən iddiaçıların payına düşən hissələrinin naturada bölünərək iddiaçılara təhvil verilməsi hissəsində iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Bundan başqa, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə və tikililərin bərpa edilməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə hissədə də iddianın hüquqi taleyi ilk tələbin təmin edilib-edilməməsindən asılı olduğundan və ilk hissədə iddia tələbi təmin edilmədiyindən, sonuncu hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlak payı kimi verilmiş tikililərdən iddiaçıların payına düşən hissələrinin naturada bölünərək iddiaçılara təhvil verilməsi, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə və tikililərin bərpa edilməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlak payı kimi verilmiş tikililərdən iddiaçıların payına düşən hissələrinin naturada bölünərək iddiaçılara təhvil verilməsi, iddiaçıların həmin hissələrdən sərbəst istifadəsinə və tikililərin bərpa edilməsinə, eləcə də, həmin tikililərin bərpasının səmərəli şəkildə planlaşdırılmasına mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-28/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-28/2025
03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver