Məhkəmə qərarları › İş №2(026)-324/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-324/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-324/2025 14.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 3500 manat, sənədlərin hazırlanması üçün vəkilin xidmətlərindən istifadəyə görə verdiyi 100 manat, dövlət rüsumuna görə ödədiyi 86 manat və mənəvi zərərə görə 3000 manat olmaqla, ümumilikdə 6686 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1972-ci ildə Kürdəmir rayonunun Ərşəli kəndində doğulmuş, 1994-cü ildə ailə həyatı qurmuşdur və 3 uşaq atasıdır. 09 sentyabr 2024-cü il tarixdə kənddə mal nobatında olarkən əslən Qobustan rayonunun Təklə Mirzəbaba kəndindən olub, bir neçə ildir ki, Kürdəmir rayonunun Ərşəli kəndində yaşayan X2 öz mal-qaralarını kəndin örüş sahəsində otardığını görüb iradını bildirmişdir. Bir qədər sonra onun oğlu Cavabdeh iddiaçının yanına gələrək heç bir əsas olmadan hay-küy salmış və atdan düşməsini tələb etmişdir. İddiaçı atdan düşdüyü zaman Cavabdeh əlindəki çomaqla onun burun nahiyəsindən, daha sonra isə başına, alnına və sol çiyninə çox saylı zərbələr endirmişdir. Zərbələr nəticəsində müxtəlif bədən xəsarətləri almış və bununla bağlı DİN-nin “102” Xidmət Mərkəzinə şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq polis şöbəsində araşdırma aparılmış, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və iş materialları rayon məhkəməsinə verilmişdir. Kürdəmir Rayon Məhkəməsində aparılmış istintaq zamanı Cavabdeh özünü tam təqsirli bilərək, törətdiyi əməli etiraf etmişdir. Məhkəmə zamanı iddiaçıya vurulmuş ziyanın ödənilməsi cavabdehə təklif olunsa da, bununla bağlı o, heç bir pozitiv addım atmamışdır. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli, 1(041)-122/2024 saylı hökmü ilə Cavabdeh 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh qeyd olunan hərəkətləri nəticəsində iddiaçıya fiziki xəsarətlərlə yanaşı, maddi və mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin qeyri-insani hərəkətlərinin nəticəsi olaraq ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrində əks olunmuş silsilə ziyanlar vurulmuşdur. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltmış, kənd camaatı arasındakı hörmətini, nüfuzunu aşağılamış, onu maddi xərclərə salmışdır. Həmçinin burnunun deformasiyaya uğraması ilə bağlı bir neçə dəfə Bakıdakı özəl klinikalarda müayinələrdən keçmiş (taksi ilə getməklə) və ambulator müalicələr almışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də sınıq burnu ilə normal nəfəs ala bilmir. Özəl klinikada burnunda əməliyyat aparılmasının vacibliyi vurğulanmış və bunun 2500 manata başa gələcəyi bildirilmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 1000 manat (çəkdiyi xərclər), burnunun əməliyyatı üçün 2500 manat (çəkməli olduğu) real maddi ziyan dəymişdir. Vurulan mənəvi zərərin məbləğini isə 3000 manat müəyyən edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, indiyədək çəkdiyi və çəkməli olduğu xərclərin məbləğini 3500 manat olaraq qiymətləndirir, hətta bundan da artıq xərci çıxa bilər. Bu ziyanı təsdiq edə biləcək bütün sübutlarını məhkəməyə təqdim etmişdir, hazırda isə onun zərərin məbləğini təsdiq edən hər hansı başqa bir sübutu yoxdur. O, iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, artıq onun əməllərinə məhkəmə hökmü ilə qiymət verilmişdir. Ona görə də iddiaçının hazırkı iddiası əsassızdır. Əslində isə mənəvi zərəri iddiaçı ona vurmuşdur. Belə ki, iddiaçı ona və qardaşına “gəlmə” deyərək kənd içərisində onların rahat yaşamasına imkan vermir. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Kürdəmir Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(041)- 122/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 07 sentyabr 2024-cü il tarixdə, saat 08 radələrində Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən pay torpaq sahəsində həmkəndlisi İddiaçı ilə anası X1 tərəfindən təhqir olunmasına və kənd sakinlərinə məxsus pay torpaq sahəsində mal-qara otarmasına irad bildirməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan taxta çomaqla qəsdən İddiaçı burun nahiyəsindən bir dəfə, daha sonra isə baş və çiyin nahiyələrindən bir neçə dəfə qəsdən zərbələr vurmaqla ona başın sol təpə nahiyəsində qançır, burun, alın və sol çiyin nahiyələrində sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmayan, burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Cavabdeh da elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. İşdə surəti olan Kürdəmir Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(041)- 122/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsinin qoyulması, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ... Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə MPM-in 82.4-cü maddəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(041)-122/2024 saylı hökmünün preyudisial əhəmiyyət daşıdığını qəbul edir və bildirir ki, həmin hökmlə Cavabdeh tərəfindən İddiaçı sağlamlığına yüngül zərər vurulması artıq öz təsdiqini tapmışdır. İddiaçı hazırkı maddi zərərin əvəzinin ödənilməsi iddiasının təmin olunması üçün isə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq vurulan zərərin həcmini təsdiq edəcək mötəbər sübutlar təqdim etməli idi, çünki zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı 1000 manat xərc çəkdiyini və 2500 manat da xərc çəkməli olduğunu bildirərək, həqiqətən də həmin xərclərin çəkildiyini və ya çəkilməli olduğunu təsdiq edən sübutlar təqdim etməyərək sadəcə mülahizələrlə kifayətlənmişdir. Bu baxımdan iddianın maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsində təmin edilməsi üçün hazırda əsas müəyyən edilmir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin məbləğini 3000 manat olaraq qiymətləndirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 8-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hazırda Kürdəmir Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(041)-122/2024 saylı hökmü ilə cavabdehin iddiaçının sağlamlığına yüngül zərər vurmaqda təqsirli bilinməsini nəzərə alaraq bu halın iddiaçıda mənəvi sarsıntı və iztirablara səbəb olduğunu qəbul edir və iddiaçıya mənəvi zərərin vurulması qənaətinə gəlir. Ali Məhkəmə Plenumunun sözügedən qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini 3000 manat olaraq qiymətləndirsə də, məhkəmə zərərin həmin məbləğini ağlabatan və ədalətli hesab etmir və cavabdehin iddiaçının sağlamlığına vurduğu zərərin yüngül olmasını da nəzərə alaraq iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin 500 manat həcmində müəyyən edilməsini məqsədəuyğun sayır. Ona görə iddia tələbi mənəvi zərərə aid hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının digər tələbi sənədlərin hazırlanması üçün vəkilin xidmətlərindən istifadəyə görə verdiyi 100 manatın cavabdehdən tutulması ilə bağlı olsa da, həmin hissədə iddiaçı öz tələbini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, vəkilin xidmətlərindən istifadə etməsinə və ona həqiqətən də ödənişin edilməsinə dair təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Ona görə iddia həmin hissədə təmin olunmamalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 25 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə əvəz kimi iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar