Məhkəmə qərarları › İş №2(026)-342/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-342/2024

30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-342/2024 30.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2, onun vəkili Vəkil2 və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X3 üçüncü şəxs qismində göstərilməklə) “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25100 manat əsas borc və ödənilmiş 166,30 manat dövlət rüsumu olmaqla, cəmi 25266,30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə Nadirin əmisi qızı Zeynəb Alcanovanın vasitəsi ilə tanış olmuşdur. 2023-cü ilin sentyabr ayında Zeynəb ona zəng vuraraq əmisi oğluna pul lazım olduğunu bildirmişdir. Üç ildən çoxdur ki, həmin şəxslər ondan pul almış və qaytarmışlar. Beləliklə, etibar qazanmışlar. İddiaçı da inanıb bu adamlara pul vermiş, iddiaçıya hörmət etmişlər. Hazırda isə həmin hörməti faiz adlandırırlar. 2023-cü ilin sentyabr ayının 27-dən 2024-cü ilin yanvar ayının 12-nə kimi ondan 25100 manat pul almış, həmin pulu bugünə kimi qaytarmamışlar. Pullar Nadirə və Fizuliyə məxsus olan kart hesablarına “Milli-Ön” aparatı vasitəsilə köçürülmüşdür. Bugünə kimi həmin pulun özünü qaytarmaq istəmirlər. Qonşuları ilə düşmən vəziyyətinə gəlib çıxmışdır. Bugünə kimi olan borcu 25100 manat pulu ödəməkdən boyun qaçırır, telefonlara cavab vermirlər. Hətta iddiaçıdan polisə şikayət etmişlər. Pullar bu tarixlərdə hər ikisinin kartına Zeynəb və iddiaçının iştirakı ilə köçürülmüşdür. İddiaçı Qəbələ rayonunda yaşadığına görə oradan, yəni Zarağan kəndindən köçürülmüşdür. Qəbzlərin çox hissəsi Zeynəb tərəfindən saxlanmamış və atılmışdır. Banka müraciət olunmuşdur ki, onların hesabına daxil olmuş pulların siyahısını vəkilə təqdim etsin. Bank, ancaq məhkəmə tərəfindən sorğu olunarsa, o halda məlumat verəcəyini bildirmişdir. 01 dekabr 2023-cü il tarixdə 3000 manat Aşağı Güzdək “Cənnət” park yaşayış massivi marketdən; 05 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə 2 c ünvanında “Rahat Market”də 1000 manat; anası Məsimənin kartından 300 manat; 25 dekabr 2023-cü il tarixdə Qəbələ rayonundan 5500 manat + 4800 manat; 24 noyabr 2023-cü il tarixdə 2000 manat + 1500 manat olmaqla, cəmi 3500 manat Aşağı Güzdək; 19 oktyabr 2023-cü il tarixdə 2500 manat Aşağı Güzdək; 27 sentyabr 2023-cü il tarixdə 4500 manat Aşağı Güzdək “TUR Market”dən. Bu pullar Cavabdeh1 məxsus olan “Leobank” **********59853, Cavabdeh2 məxsus olan “Leobank” **********896596, “Unibank” **********363485 kart hesablarına köçürülmüşdür. Aldıqları məbləğ bugünə kimi geri qaytarılmamışdır. Pulu 2024-cü ilin yanvar ayının sonuna kimi qaytarmalı idilər. Cavabdehlər almış olduqları pulları 31 yanvar 2024-cü il tarixə kimi qaytarmağa söz versələr də, uzun müddət keçməsinə baxmayaraq, bugünə kimi borclarını qaytarmamışlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyi bildirərək qeyd etdi ki, o, cavabdehləri ümumiyyətlə məhkəməyə qədər tanımamışdır. Tələb etdiyi pulları ondan üçüncü şəxs kimi göstərdiyi Zeynəb Alcanova almışdır. X6 Ələskərovun əmisi qızıdır. Pulun bir hissəsini Zeynəb ondan alıb cavabdehlərə göndərmiş, bir hissəsini isə Zeynəbin bildirdiyi kartlara onun özü göndərmişdir. Cavabdehlərlə məhkəməyə qədər hər hansı canlı və ya telefon vasitəsilə ünsiyyəti olmamışdır. Öhdəliyi də onun qarşısında Zeynəb Alcanova götürmüşdür. Həmçinin, qeyd etdi ki, Zeynəb Alcanova hətta onun bacısı Kəmalədən də borc pul götürüb cavabdehlərə vermiş, sonradan Kəmalədən aldığı borc məbləği ilə bağlı özü məhkəmədə iddia qaldırmış və iddiası da qismən təmin olunmuşdur. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, hazırda iddia tələbinin hüquqi əsası kimi tərəflər arasında borc öhdəliklərinin mövcud olmasına istinad edirlər. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, o, borcu iddiaçıdan yox, əmisi qızı Zeynəb Alcanovadan almışdır. Belə ki, o, əmisi qızından 53000 manat məbləğində borc almış, lakin sonradan ona 57000 manat pul qaytarmışdır. Zeynəb Alcanovanın ona verdiyi borc pulu başqasından almasının ona hər hansı aidiyyəti yoxdur. O, İddiaçı tanımamış, ondan borc istəməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 bildirdi ki, həm iddiaçı, həm də cavabdeh tərəfin bildirdikləri yalandır. Belə ki, İddiaçı borcu cavabdehlərə verdiyini bilirdi, cavabdehlər də borcun iddiaçıdan alındığını bilirdilər, özləri bir-biri ilə danışırdılar, o isə yalnız vasitəçi olmuşdur. Eyni zamanda, həqiqətən də, iddiaçının bacısı olan Kəmalədən də pul götürüb cavabdehlərə vermişdir. Lakin sonradan Kəmalə xəstə olduğuna görə Kəmalədən aldığı pulla bağlı məhkəmədə cavabdehlərə qarşı iddianı o özü qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)- 189/2024 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 onun əmisi oğludur. Bir gün Nadir ona zəng vuraraq Cavabdeh1 ilə birlikdə maşın və torpaq alıb-satmaq istədiklərini və bunun üçün onlara pul lazım olduğunu bildirərək qonşusu Təranə adlı qadından onun üçün faizə pul götürməsini xahiş etmişdir. O da Nadirə zamin duraraq qonşusu Təranə adlı qadından Nadir və Fizuli üçün bir neçə dəfə faizlə pul götürüb Nadir və Fizulinin kartına vurmuşdur. Təranə ona Nadirin borcunun 40000 manatı keçdiyi demişdir. 25 noyabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü ilə kimi də digər qonşusu Kəmalə adlı qadından ümumilikdə 25200 manat pul götürüb “Milli-Ön” aparatı vasitəsi ilə Nadir və Fizulinin kartına köçürmüşdür. Bugünə kimi cəmi 825 manat pul qaytarmışlar. Nadir və Fizulinin təqsiri üzündən qonşuları ilə münasibəti pozulmuşdur. Cavabdeh1 və Cavabdeh2 aldıqları pulu 31 yanvar 2024-cü il tarixə kimi qaytaracaqlarına söz versələr də, hazırkı vaxta kimi heç bir ödəniş etməmişlər. Hər dəfə onlardan pulun ödənilməsini tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina edirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)- 189/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22377 manat pulun və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəf cavabdehlərə qarşı irəli sürülmüş tələbini aralarında borc münasibətlərinin olmasına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, hazırda iddiaçının tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəlir. Lakin iddiaçı məhkəmə iclasında onun qarşısında öhdəliyi üçüncü şəxs kimi cəlb olunmuş Zeynəb Alcanovanın götürdüyünü, cavabdehləri isə məhkəməyədək görüb tanımadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da borc pulu iddiaçıdan deyil, əmisi qızı Zeynəb Alcanovadan götürdüyünü və geri qaytardığını bildirmişdir. Zeynəb Alcanova borcun götürülməsi ilə bağlı öhdəlik münasibətlərinin tərəflərin özləri arasında əmələ gəldiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qətnaməsinin məzmunundan da göründüyü kimi, X4 və Kəmalə adlı qadınlardan pul götürüb cavabdehlərə verdiyini qeyd etmiş, həmin iş üzrə verilmiş borc məbləğini də özü tələb etmişdir. Bu halı da nəzərə alan məhkəmə iddiaçı qarşısında öhdəliyin cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Zeynəb Alcanova tərəfindən götürülməsini müəyyən edir, bunu iddiaçının özü də məhkəmə iclasında təsdiq etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Məhkəmə bildirir ki, iddiaçının hazırkı tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəldiyinə görə iddiaçının mənafeyi bilavasitə borclu şəxsin, yəni onun qarşısında öhdəlik götürmüş şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunmalıdır. Hazırkı iş üzrə mahiyyəti etibarilə hissə-hissə borcun verilməsi ilə bağlı olan müqavilə üzrə onun qarşısında öhdəliyi cavabdehlərin deyil, üçüncü şəxs Zeynəb Alcanovanın götürməsi barədə iddiaçının qeyd etdikləri də təsdiq edir ki, hazırkı iddia əsl olmayan cavabdehə qarşı qaldırılmış, tələb öhdəlik münasibətinin digər tərəfi olan şəxsə qarşı qaldırılmamışdır. Tərəflərin bir-birini əvvəllər tanımamasını, iddiaçının onun qarşısında cavabdehlərin deyil, Zeynəb Alcanovanın öhdəlik götürdüyünü bildirməsini, Cavabdeh2 isə borcu iddiaçıdan deyil, əmisi qızı Zeynəb Alcanovadan aldığını bildirməsini nəzərə alan məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddianın təmin edilməsinə hər hansı əsas yoxdur və iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumuna dair hissədə də iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X3 üçüncü şəxs qismində göstərilməklə) “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar