Məhkəmə qərarları › İş №2(026)-379/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-379/2023

29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-379/2023 29.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 3110 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 3110 manat məbləğində cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayır. Hazırda təqaüdçüdür. Evində iki nəfər, özü və həyat yoldaşı qalırlar. 2021-ci ilin ortalarına kimi onunla birlikdə qalmış kiçik oğlu Qala qəsəbəsinə köçmüşdür. İstifadə etdiyi qazın pulunu vaxtında ödəmişdir. 27 aprel 2023-cü il tarixdə Qobustan rayonu qaz idarəsindən işçilər onun ünvanına gələrək qaz sayğacını həyətindən çıxararaq yeni qaz sayğacını küçədə quraşdırmışlar. Sayğac açılarkən plomb yerində olmuş, sayğacda hər-hansı müdaxilə izləri aşkar olunmamışdır. Bir neçə gün sonra onun ünvanına bildiriş gələrək qaz sayğacına müdaxilə olunduğu üçün 3110 manat debitor borcu olduğu bildirilmişdir. Həmişə istifadə etdiyi qazın pulunu vaxtında ödəmişdir. Lakin “Azəriqaz” İstehsalat birliyi tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən 3110 manat məbləğində cərimə edilmişdir. Sayğaca onun tərəfindən hər-hansı bir müdaxilə olunmamışdır. Sayğacda nasazlıq həqiqətən varidisə laboratoriyada onun iştirakı təmin edilməli idi. Hər ayın sonlarında qaz işçisi sayğacı yoxlayır, borc barədə bildiriş-xəbərdarlıq verir. Əgər onun sayğacı qaz sərfiyyatını az yazırdısa niyə aprel ayına kimi heç bir tədbir görülməmişdir.Həyətində olan sayğacın küçəyə çıxarılmaqla quraşdırılması üçün dəfələrlə qaz işçilərinə müraciət etmiş, lakin müraciəti 2023-cü ilin aprel ayına kimi nəticəsiz qalmışdır. Onların tərəfindən sayğaca heç bir müdaxilə olunmadığı üçün iddiasının təmin edilməsi və “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 3110 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Azəriqaz” X1 İstismarı İdarəsinin nümayəndəsi X13 izahatında göstərmişdir ki, Qobustan rayon Ərəbşalbaş kəndində yaşayan X9 qaz sayğacı 27 aprel 2023-cü il tarixdə dəyişdirildikdən sonra əvvəlki sayğac Ağsu RQİİ tərəfindən “Azəriqaz X3 Departamentinə göndərilmiş, laboratoriyada yoxlama zamanı sayğacın içərisindəki plastmas çıxış borusunda deşik olduğu aşkar olunaraq 25 may 2023-cü il tarixli akt tərtib olunmuş, 25920 m3 qaz itkisinə görə abonentdən 3110 manat tələb olunmuşdur. X4 ifadəsində göstərdi ki, Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsində qaz qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyir. İddiaçı istifadəsindəki qaz sayğacının dəyişdirilməsinində iştirak etməmişdir. Sibran kişi ilə heç bir ədavəti, münaqişəsi yoxdur, onu abonent kimi tanıyır. Sibranın qaz sayğacı dəyişdirildikdən sonra laboratoriyaya dövlət yoxlamasına göndərilmiş, laboratoriyanın 25 may 2023-cü il tarixli aktında sayğacın çıxış plastmas borusunda deşik olduğu göstərilmişdir. 05 iyun 2023-cü il tarixdə o digər işçilərlə iddiaçının evində olmuş, evdə PQ-3 qaz pilitəsi və qaz sobasının olduğu müəyyən edilmişdir. “Ağsu RQİİ”-nin işçilərinin tərtib etdikləri 05 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə abonent tərəfindən 25950 m3 qaz itkisi olduğu göstərilmişdir. Üzərində deşik olan plastik boru sayğacın gövdəsinin içərisindədir. Hüsablama mexanizimindən qabaqda olur, həmin çıxış borusunda deşik olarsa, qaz sərfiyyatını düzgün ölçmür. Sayğacın plombu qaydasında olduğu və sayğacın gövdəsinə kənar müdaxilə olmadığı halda plastik çıxış borusunda deşiyin necə yaranmasının səbəbini dəqiq bilmir, ola bilsin ki, sayğacın yaxınlığında qaynaq işi görülərkən qığılcım gövdədən içəri keçib plastik borunu deşsin. X2 ifadəsində göstərdi ki, Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsində təmir-bərpa xidməti rəisi vəzifəsində işləyir. 27 aprel 2023-cü il tarixdə İddiaçı Ərəbşalbaş kəndindəki evinin həyətində yerləşən qaz sayğacını sökərək sayğacı küçədə quraşdırmışlar. Həyətdəki sayğac düzgün işləmədiyi üçün yenisi ilə əvəzlənmişdir. Çıxarılmış sayğac laboratoriyaya göndərilmişdir. X5 ifadəsində Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsində qaz avadanlıqlarının istismar və təmiri üzrə çilingər işlədiyini bildirərək göstərdi ki, İddiaçı qaz sayğacı evinin həyətində idi. Sayğacı 27 aprel 2023-cü il tarixdə çıxararkən aşkar olundu ki, qayğacdan qaz keçir, lakin sərfiyyatı az yazır. X6 ifadəsində göstərdi ki, Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsində mühəndis işləyir. İddiaçı X9 qaz sayğacı 27 aprel 2023-cü il tarixdə dəyişdirilərkən o, iştirak etməyib. İddiaçı sayğacı 2021-ci ildə onun tərəfindən dəyişdirilib. Həmin vaxtı sayğacın həyətdən küçəyə çıxarılmamasının səbəbini bilmir. 2021-ci ildə dəyişdirilən sayğacda vizual baxışla heç bir xəta olmayıb. Bir qayda olaraq çıxarılan sayğac təzə sayğacın qutusuna qoyularaq idarəyə aparılır, oradan Ağsu Regional qaz İstismarı İdarəsinə göndərilir. Mexaniki hesablama mexanizmi olan sayğacların istismar müddəti 25 ildir. Lakin təlimata görə 5 ildən bir dəyişdirilərək yoxlamaya göndərilir. X8 ifadəsində göstərdi ki, “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsində çilingər işləyir. 2023-cü ilin aprel ayında İddiaçı sayğacını o açmış, sayğacı açarkən plomblar yerində olmuş və gözlə görünən heç bir müdaxilə aşkar olunmamışdır. Tehran Sibrana açdıqları sayğacın aşağı səviyyədə işlənən qazın sərfini qeyd etmədiyini demişdir. İş materiallarına əlavə olunmuş 27 aprel 2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, həmin tarixdə Qobustan rayonu Ərəbşalbaş kənd sakini İddiaçı yaşayış evinə quraşdırılmış Zenner-G4T markalı **********7 nömrəli qaz sayğacı Ağsu RQİİ-in Qobustan XS-in əməkdaşları tərəfindən açılaraq götürülmüş, əvəzinə yeni sayğac quraşdırılmış və həmin aktda açılıb götürülən sayğacda heç bir müdaxilə aşkar edilməmişdir. Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan XS-nin 05 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında göstərilir ki, İddiaçı mənzilində PQ-3 qaz sobası, kamin İran peçi vardır. Ağsu Regional qaz İstismarı İdarəsinin 05 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, İddiaçı sayğacındakı xətaya görə 25920 m3 qaz istisinə görə 3110 manat debitor borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş abonent nömrəsi **********01040 olan İddiaçı adına olan 2020-2023-cü illərin qaz sərfinə dair abonentin saldosundan görünür ki, sayğac hər ay qaz sərfiyyatını yazmış, İddiaçı hər ay sərf edilmiş qazın dəyərini ödəmişdir. Müəyyən olundu ki, “Azəriqaz” X12 RQİİ-nin Qobustan XS-nin işçiləri 27 aprel 2023-cü il tarixdə Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan İddiaçı həyətində quraşdırılmış qaz sayğacını çıxararaq təzə sayğacı küçədə qoymuşlar. Sayğac çıxarılarkən üzərindəki plomblar qaydasında olmuş, vizual qaydada sayğaca hər-hansı müdaxilənin olunması aşkar olunmamışdır. Çıxarılmış sayğac Qobustan Xidmət Sahəsinə, sahədən “Ağsu RQİİ”nə, oradan isə “Azəriqaz” X3 Departamentinin laboratoriyasına göndərilmişdir. Lakin sayğacın laboratoriyaya hansı vəziyyətdə təhvil verilməsinə dair heç bir sənəd tərtib olunmamışdır. Laboratoriyanın sayğacın gövdəsində yerləşən çıxış plastmas boruda deşik olması barədə 25 may 2023-cü il tarixli aktına əsasən “Ağsu RQİİ”nin və Qobustan Xidmət Sahəsinin işçiləri tərəfindən 25950 m3 qaz itkisi olduğu və abonentin 3110 manat debitor borcu olduğu barədə sənədləşmə aparılmışdır. İddiaçı sayğacı çıxarılarkən plombu yerində olduğu, sayğaca xaricdən heç bir müdaxilə izi aşkar olunmadığından məhkəmə çıxarılan sayğacın göndəsinin içərisində yerləşən plastmas çıxış borusuna istehlakçının müdaxilə etmək imkanının olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli ******* saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış 3110 manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli ******* saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 3110 manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar