Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-408/2023 29.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı X6 nümayəndəsi X13 iştirakı ilə iddiaçı X6 cavabdeh “Azəriqaz” X2 İstismarı İdarəsinə qarşı həmin idarənin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1566.42 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh “Azəriqaz” X2 İstismarı İdarəsinə qarşı Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1566.42 manat məbləğində cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Qobustan rayonu Çalov kəndində yaşayır. Evinə gələn qazın sayğacı həyətində deyil, küçədə yerləşir. İstifadə etdikləri qazın dəyərini həmişə vaxtında ödəmiş, qazdan istifadəyə görə heç bir borcu olmamışdır. 11 may 2023-cü il tarixdə qaz işçilər gələrək sayğacı dəyişdirəcəklərini bildirmiş, sayğacı dəyişdirərkən sayğaca müdaxilə olunduğu barədə ona heç nə deməmişlər. Latın hərflərini tanımadığı üçün sayğacın dəyişdirilməsi barədə aktda yazılanları oxuya bilmədən imza etmiş, elə bilmişdir ki, akt sayğacın dəyişdirilməsinə görə yazılıb, ona 3 yerə imza etdirmişlər. Təxminən 15-20 gündən sonra qaz işçiləri evinə gəlib evdə istifadə olunan qaz qurğuları barədə akt yazmış və guya sayğaca kənar müdaxilə olduğu üçün onlara 1566,42 manat borcları olmasına dair sənəd vermişlər. Onlar qaz sayğacına müdaxilə etməmişlər, evdə bir dördgözlü plitə, bir “ceyran” peçi, bir də çörək bişirmək üçün gözlük var. Çörəyi də həmişə təzəklə bişirmişlər. Evlərinin 3 tərəfindən hasarlarının üstü və yanı ilə qaz kəməri keçir. Müdaxilə etmək fikirləri olsaydı, həmin kəmərlərdən birinə müdaxilə edərdilər. Kəndlərində qaz bildirişlərini yazan həmkəndlisi Elsevərlə onunla yaşayan oğlu Vüqar onlara yazılmış 66 manat cərimənin səbəbini öyrənmək istəyərkən mübahisə etmişdir. Belə artıq yazılma kənd camaatının hamısına yazılmışdır və həmin mübahisədən bir neçə gün sonra onların sayğacını dəyişmişlər və evinə gələn qaz buraxılışını dayandırmışlar. Sayğaca müdaxilə etmədiklərindən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı X6 nümayəndəsi X18 anası Gülçöhrə Qaniyevanın izahatına oxşar izahat verərək göstərdi ki, sayğac dəyişdirilən tarixdən təxminən bir həftə əvvəl kəndin qaz çilingəri onların sayğacına baxaraq qaz sərfiyyatı və ödəməli olduqları pul barədə evlərinə bildirişxəbərdarlıq vermiş, lakin sayğaca hər-hansı müdaxilə olması barədə evlərinə heç bir söz deməmişdir. Bundan sonra Elsevərlə qardaşı Vüqar arasında sayğac göstəricisindən kənar yazılmış 66 manat görə mübahisə olmuş və mübahisədən bir neçə gün keçdikdən sonra anasıgilin qaz sayğacı dəyişdirilmiş və sayğaca guya müdaxilə olunduğu aşkarlanmışdır. Anasına “sayğacı dəyişmişik” adı ilə aldadaraq özlərinə lazım olan sənədlərə imza etdirmişlər. Evlərinin üç tərəfindən qaz kəməri keçir, müdaxilə etsəydilər sayğaca deyil, birbaşa kəmərə müdaxilə edərdilər. Qaz sayğacı küçədə, evlərinin arxasında olduğundan sayğacının hesablama mexanizmi üzərindəki şüşəyə kimin müdaxilə etdiyini bilmir. O, “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasına sayğacların yoxlanılmasında iştirak etmək üçün getmiş, laboratoriyada artıq sayğacların açıldığını görmüşdür. Sayğacın hesablama mexanizminin şüşəsinin qapağında deşik yox, cızıqlar olmuşdur. O, laboratoriya işçilərinə deşik olmadığını, hesablama mexanizminin şestrnalarının təmiz olduğunu, plasmas şüşədə olan cızıqlardan “lent keçirə bilirsinizsə keçirin, cəriməni ödəyərik” demiş, laboratoriya işçiləri onun iradlarına əhəmiyyət verməmişlər. Bu səbəbdən onların tərtib etdikləri akta imza etməmişdir. Sayğaca belə müdaxilənin ancaq qaz işçisi tərəfindən edilə biləcəyini ehtimal etdiyini, sayğaca heç bir müdaxilə etmədiklərini bildirərək iddialarının təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” X2 İstismarı İdarəsinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, iddiaçının qaz sayğacına kənar müdaxilə olduğu üçün sayğac dəyişdirilmiş, çıxarılan sayğac “Azəriqaz” X4 Departamentinin laboratoriyasına göndərilmiş, laboratoriyada Metrologiya institutunun əməkdaşlarının iştirakı ilə sayğac yoxlanılmış, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sol yan hissəsində kənar təsir nəticəsində deşik olmuş, daxilində kənar təsir izləri aşkar edilmiş, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, 12960 m3 qaz itkisinə görə 1566,42 manat abonentdən tələb edilmişdir. Sayğaclar 5 ildən bir dəyişdirilir. Lakin sayğaca müdaxilə olunanda, yəni plomb qırılanda, şüşəsi və gövdəsində deşiklər olanda müdaxilə aşkar olunan kimi dəyişdirilir. X3 ifadəsində göstərdi ki, Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan xidmət sahəsində yaşadığı Çalov kəndində çilingər işləyir. Qrafikə əsasən hər gün 30 abonentin sayğacına baxış keçirir və hər ayın əvvəllərində abonentlərin borcları barədə onlara bildiriş-xəbərnamə verir. Gülçöhrə Qaniyevanın istifadəsindəki qaz sayğacına baxış keçirərkən sayğacın xəta ilə işlədiyini görmüş, bu barədə rəhbərliyə məlumat vermişdir. Qaz sayğacının dəyişdirilməsində və iddiaçının evində istifadə olunan qaz qurğularının dəqiqləşdirilməsində iştirak etmişdir. X8 ifadəsində göstərdi ki, iddiaçı X1 dəyişdirilən zaman orada olsa da, 5-6 metr aralıda saxlanılmış avtomaşında oturmuş, sayğacın açılmasında iştirak etməmişdir. Sayğacı digər işçi Elsevər açmış, Elsevərin yanında mühəndis Tehran Məlikov və Elməddin Hüseynov olmuşdur. Sayğacda hər-hansı dəyişiklik olduğunu bilməmişdir. Akta iş yoldaşları imza etdikləri üçün o da imza etmişdir. İş materiallarına əlavə olunmuş 22 mart 2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, həmin tarixdə Qobustan rayonu Çalov kənd sakini X6 yaşayış evinə quraşdırılmış Zenner-G4T markalı **********7 nömrəli qaz sayğacı Ağsu RQİİ-in Qobustan XS-in əməkdaşları tərəfindən açılaraq götürülmüş, əvəzinə yeni sayğac quraşdırılmış və həmin aktda hesablama mexanizminin qapağının gövdəyə birləşən hissəsində sınıq olduğu göstərilmişdir. Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan XS-nin 06 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında göstərilir ki, X6 mənzilində PQ-4 qaz pilitəsi, qaz sobası-dəmir peç, çörəkbişirən sex, odluq vardır. Ağsu Regional qaz İstismarı İdarəsinin 06 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, 12960 m3 qaz itkisinə görə abonentin 1566,42 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası İN AİBNDX-nin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun 25 may 2023-cü il tarixli qaz sayğacının dövlət yoxlamasında keçirilməsi barədə 14-2-2/3-5-5397/Q001 saylı aktından görünür ki, 20339090 nömrəli plomb kəsilərək G-4 SM/5787 saylı qutu açılmış, sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağının sol yan hissəsi kənar təsir nəticəsində deşilib və daxilinə baxış keçirilərkən kənar təsir aşkarlanmışdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilib, sayğac istismara yararsızdır. Abonent nömrəsi 0-**********01010 olan X6 adına olan 2021-2023-cü illərin qaz sərfinə dair abonentin saldosundan görünür ki, sayğac hər ay qaz sərfiyyatını yazmış, X10 hər ay sərf edilmiş qazın dəyərini ödəmişdir. Müəyyən olundu ki, 11 may 2023-cü il tarixdə Qobustan rayonu qaz idarəsinin işçiləri X7 evinə gələrək qaz sayğacının dövlət yoxlamasına göndərilməsi məqsədilə açıb yenisi ilə əvəz etmişlər. Sayğac Qobustan Xidmət Sahəsindən Ağsu RQİİ-yə, oradan “Azəriqaz” X4 Departamentinin laboratoriyasına göndərilmiş və həmin laboratoriyada sayğac yoxlanılmışdır. İddiaçının oğlu X18 laboratoriyaya gələrkən qaz sayğacı sökülmüş vəziyyətdə olmuş, sayğacın vəziyyəti ilə bağlı iradları laboratoriya işçiləri tərəfindən qəbul edilməmişdir. Bu səbəbdən M. Ə. Qəniyev sayğacın yararsız olması barədə tərtib olunmuş akta imza etməkdən imtina etmişdir. Laboratoriyanın aktına əsasən X11 tərəfindən 12690 m3 qaz itkisi olduğu və həmin itkiyə görə iddiaçıya 1566 manat 42 qəpik debitor borcu hesablanmışdır. İddiaçının sayğacı həyətindən kənarda, küçədə quraşdırılmışdır. İddiaçı X11 və onun ailə üzvləri tərəfindən istifadələrində olan Zenner-G4T markalı **********0 nömrəli qaz sayğacına müdaxilə etmələri təsdiq olunmadı. Həmçinin müəyyən olundu ki, “Ağsu RQİİ-nin Qobustan Xidmət Sahəsinin çilingəri tərəfindən Çalov kəndində qaz istifadəçilərinin qaz sayğaclarına mütəmadi olaraq hər ay baxış keçirilməklə nəzarət edilmişdir. Hər ayın əvvəllərində əvvəlki ay üçün abonentlərin, o cümlədən iddiaçının sərf etdiyi qazın miqdarı və borcu barədə bildiriş-xəbərdarlıq abonentə verilmişdir. Lakin sayğacın dəyişdirildiyi aydan əvvəlki aylarda sayğaca kənar müdaxilə olunması barədə heç bir məlumat olmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının istifadə etdiyi qazın sərfiyyatını ölçmək üçün küçədə qoyulmuş sayğaca iddiaçı və ya ailə üzvləri tərəfindən müdaxilə edilməsi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmadına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətində saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” X2 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli ******* saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış 1566,42 manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli ******* saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 1566,42 manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-408/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-408/2023
29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver