Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-429/2024 18.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48000 manat borc məbləğinin, 4800 manat həmin borcun ödənilməməsinə görə hesablanmış faizlərin, 234 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayından başlayaraq noyabr ayınadək olan dövr ərzində cavabdehə ümumilikdə 165000 manat pul vermişdir. Belə ki, ilk dəfə 2018-ci ilin sentyabr ayının əvvəllərində 34000 manat, növbəti dəfə 24 sentyabr 2018-ci ildə qardaşı X7 vasitəsilə 96000 manat, daha sonra 17 oktyabr 2018-ci il tarixdə 31000 manat və nəhayət 2018-ci ilin noyabr ayının ortalarında 4000 manat olmaqla, ümumilikdə 165000 manat pul vermişdir. Həmçinin, əlavə olaraq 5000 manat da borc vermişdir. Beləliklə, cavabdehin ümumilikdə 170000 manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən borc məbləği qaytarılmadığı üçün bu barədə Sumqayıt ŞPİ-yə şikayət etmişdir. Faktla bağlı 18 oktyabr 2019-cu il tarixdə cinayət işi başlanılmışdır. Nəticədə cavabdeh tərəfindən 2019-cu ilin noyabr ayında ona 65000 manat geri ödənilmişdir. Həmçinin, 08 fevral 2020-ci il tarixdə 30000 manat ona ödənilmişdir. Eyni zamanda, 2022-ci ildə cəmi 27000 manat vəsaiti iddiaçıya Bəxtiyar Xəlilov vasitəsilə ödəmişdir. Beləliklə, borc məbləğindən iddiaçıya ümumilikdə 122000 manat vəsait ödənilmişdir. Qalan 48000 manat vəsait isə bugünədək ödənilməmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsində baş tutmuş məhkəmə iclasında yuxarıda qeyd edilənlərin hamısını təsdiq etmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(105)-879/2024 saylı qətnaməsinin 8-ci, 10-cu, 11-ci və digər bəndlərində cavabdeh məhz iddiaçıdan pul aldığını və hələ də tam qaytarmadığını qeyd etmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən borclu öhdəliyini icra etmədikdə gecikdirdiyi məbləğə görə iddiaçının illik 5 faiz ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı da bu hüququndan istifadə edərək, yalnız hazırda qalıq borca faiz ödənilməsini tələb edir ki, 48000 manat vəsaitin 2 ildir ödənilmədiyi nəzərə alınsa, bu məbləğ hər il üçün 2400 manat olmaqla, 2 il ərzində 4800 manat təşkil edir. Borclu öz borcundan sonuncu dəfə 2022-ci ildə ödəniş etmişdir, ona görə də iddiaçının ən azı hazırkı qalıq borc məbləğinə faiz ödənilməsini tələb etməsi ədalətlidir. Hətta qanunvericilik imkan verir ki, iddiaçı 2018-ci ildən bugünədək ödənilməyən borc məbləğinə görə faiz ödənilməsini tələb etsin. Cavabdeh iddia ərizəsinə qarşı yazılı qaydada etiraz etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “kredit müqaviləsi üzrə borc tələbi barərə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya ona vurulmuş maddi ziyan olaraq ondan 48000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mən bu iddia tələbini tamamilə əsassız və qeyri-obyektiv hesab edərək ona qarşı yazılı şəkildə etirazla məhkəməyə müraciət etməyi lazım bilir. Belə ki, iddiaçının məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərdiyi hallar düzgün qeyd olunmamış, həqiqət təhrif edilərək məhkəmənin aldadılmasına cəhd göstərilmişdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, Sumqayıt şəhərinin 1-ci mikrorayonu ərazisində Sülh küçəsində kiçik bir obyekti bərbərxana olaraq işlədən cavabdehlə bir məhəllədə yaşamış, aralarında yaxın dostluq və yoldaşlıq münasibəti olan ikinci qrup əlil X8 2018-ci ildə cavabdehə müraciət edərək, maddi dəstək göstərilməsini və həmin obyekti böyüdərək müasir üslubda yenidən tikməyi və sonradan bu obyekti birlikdə işlətməyi təklif etmiş, cavabdeh də onun bu təklifini qəbul etmişdir. Bu minvalla həmin obyektin yenidən qurulmasına icazə verilməsi barədə müraciət olunmuş və Sumqayıt ŞİHB-nin 04 sentyabr 2018-ci il tarixli, 194 nömrəli sərəncamına əsasən ikinci qrup əlil X5 Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması məqsədi ilə 150 kvadrat metr sahədə razılaşdırılmış layihəyə uyğun olaraq obyektin tikintisinə və layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncama uyğun olaraq yeni tikiləcək obyektin layihəsini hazırlatdıraraq aidiyyəti təşkilatlarla razılaşdırdıqdan sonra tikinti işlərini həyata keçirməyə başlamışlar. Lakin sənədləşmə və tikinti işlərinə hesabladıqlarından daha çox maddi vəsait tələb olunmuş, S.Nuriyevin belə vəsaiti olmamış, cavabdeh də özündə olan pul vəsaitini tamamilə bu işlərə xərclədiyindən, kənardan əlavə pul vəsaiti axtarmağa məcbur olmuşlar. Bu minvalla da çoxdan tanıdığı, həmyerlisi olan İddiaçı ilə söhbətləşmiş, onun bu tikiliyə şərik girməsi və gələcəkdə əldə ediləcək gəlirin yarısının ona çatması şərti ilə tikiliyə pul ayırması barədə razılığa gəlmişlər. Həmin razılaşma əsasında İddiaçı tərəfindən sözügedən tikinti üçün ona ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 156000 manat pul verilmişdir ki, həmin pul vəsaitinin 96000 manat hissəsinə dair iddiaçının qardaşı X7 ilə cavabdeh arasında 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Yəni həmin 96000 manat pul vəsaiti iddiaçıya məxsus olsa da, formal olaraq iddiaçının qardaşı X7 ilə cavabdeh arasında notariat qaydasında bağlanılmış kredit müqaviləsi əsasında cavabdehə verilmişdir. Qeyd edilən pul vəsaiti ilə sözügedən tikinti başa çatdırıldıqdan sonra İddiaçı daha öncə aralarında əldə edilmiş razılaşmanın ziddinə olaraq torpaq sahəsinin sənədinin öz adına keçirilməsini təklif etmişdir. Cavabdeh torpağın sənədinin X3 adına qalmaqda davam edəcəyini və əldə edəcəkləri qazancdan onun da payının cavabdehin öz gəlirindən ödəyəcəyini bildirdikdə, İddiaçı bununla razılaşmayaraq ödədiyi 156000 manat pulun və daha öncə borc verdiyi 5000 manat pulun dərhal ona qaytarılmasını tələb etməyə başlamışdır. Halbuki, onlar arasında olan razılaşmaya əsasən həmin pul vəsaiti obyekt işlədikcə hissə-hissə ona qaytarılacaqdı, obyektin sənədləri qaydaya salındıqdan və hüquq müəyyənedici sənədlər əldə edildikdən sonra isə həmin obyekt bankda girov qoyularaq pul götürülüb birdəfəlik adı çəkilən şəxsin pulu qaytarılacaqdı. Nəticədə, İddiaçı aralarında əldə edilmiş razılaşmanı pozaraq tikintiyə qoyulmuş pulu vaxtından əvvəl ondan tələb etməyə başlamış, həmin pulu tam şəkildə geri ödəmək iqtidarında olmadığı halda da barəsində şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin şikayət ərizəsində də cavabdehin guya onu aldadaraq pul vəsaitini dələduzluq yolu ilə mənimsədiyini iddia etmişdir. Polis orqanında aparılmış araşdırmaların nəticəsi olaraq Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Asəf Hətəmli tərəfindən 21 oktyabr 2020-ci il tarixdə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 123-35140-1220 saylı qərar qəbul edilmişdir. Həmin qərarda da əks olunmuşdur ki, cavabdeh tərəfindən İddiaçı əvvəlcə 65000 manat, daha sonra isə 30000 manat pul vəsaiti olmaqla, ümumilikdə 161000 manat pulun 95000 manatı geri qaytarılmışdir. İddiaçı qardaşı X7 ilə bağlanılmış kredit müqaviləsində də dəyişiklik edilərək qalan 66000 manat pul vəsaitinin 03 oktyabr 2021-ci il tarixinədək geri qaytarılacağına dair öhdəlik müəyyən olunmuşdur. Lakin obyektin sənədləşmə işləri ləngidiyindən və bugünədək də başa çatmadığından, habelə COVİD pandemiyasının təsiri ilə işləri lazımi şəkildə getməmiş və cavabdeh sözügedən müddətdə həmin pul vəsaitini geri qaytara bilməmişdir. Bununla yanaşı, sözügedən 66000 manat pul vəsaitinin 27000 manatını sonradan hissə-hissə olmaqla ümumi tanışları Bəxtiyar adlı şəxs vasitəsi ilə İddiaçı qaytarmışdır. O, faktiki olaraq İddiaçı aldığı və X7 ilə bağlanılmış kredit müqaviləsində göstərilmiş məbləğ də daxil olmaqla, cəmi 39000 manatı ödəməmişdir. Bunun da səbəbini o, ətraflı olaraq yuxarıda qeyd etmişdir. Onun sözügedən pul vəsaitinin böyük hissəsini, yəni 95000 manatını İddiaçı qaytarması 21 oktyabr 2020-ci il tarixdə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 123-35140-1220 saylı qərarda əks olunmuş, eyni zamanda onun tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanmış 05 dekabr 2019-cu il tarixli ərizədə də etiraf edilmişdir. Bütün bu hallara baxmayaraq ödənilməmiş qalan borcun məbləği 39000 manat olduğu halda, əvvəlcə İddiaçı qardaşı X4 adından ona qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək əsassız şəkildə 96000 manat borc məbləğinin ödənilməsi tələb edilmişdir. Qobustan Rayon Məhkəməsi tərəfindən çıxarılmış 29 fevral 2024-cü il tarixli, e-2(024)-24/2024 saylı qətnaməsi ilə iddiaçı X4 ona qarşı iddia tələbi tamamilə əsassız olaraq qismən təmin edilmiş və cavabdehdən guya borclu olduğu X6 66000 manat borc məbləğinin alınaraq verilməsi qət olunmuşdur. Həmin qətnaməni çıxararkən məhkəmə onun X6 deyil, İddiaçı borclu olduğunu, bunun iş materiallarında olan sənədlərlə və ifadələrlə, o cümlədən Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Asəf Hətəmli tərəfindən qəbul edilmiş 21 oktyabr 2020-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 123-35140-1220 saylı qərarla sübuta yetirildiyinə əhəmiyyət verməmiş, eləcə də sözügedən 66000 manat pul vəsaitinin 27000 manatını sonradan hissə-hissə olmaqla ümumi tanışları Bəxtiyar adlı şəxs vasitəsi ilə İddiaçı qaytardığını da nəzərə almayaraq həmin pul vəsaitini ümumi borcdan silməmişdir. Bu səbəbdən cavabdeh adıçəkilən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-879/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)- 24/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı X4 adından ona qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “X1 olan Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması və yeni inşa ediləcək obyektin birgə fəaliyyət (şərikli) nəticəsində istifadə edilməsi ilə bağlı razılıq çərçivəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən Cavabdeh, İddiaçı iddiasına əsasən ümumilikdə 170000 manat, Cavabdeh etirafına əsasən 161000 manat pul verilmiş, həmçinin həmin pulun 96000 manatı iddiaçı X9 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredti müqaviləsi ilə yalan əqd qismində pərdələnmişdir. Belə ki, yuxarıda istinad olunan işin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmamaqla, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı cavabdehə verdiyi pul məbləği, borc müqaviləsi adı altında onun qardaşı olan iddiaçı ilə bağlanmış əqd əsasında pərdələnmişdir ki, bununla da iddiaçının tələbinin əsasını təşkil edən Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla, əhəmiyyətsiz olmuşdur. Əhəmiyyətsiz əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, heç bir hüquqi nəticəyə səbəb olmadığından, iddiaçının iddiası əsassız olmuşdur. Həmçinin, mübahisə predmeti olan kredit müqaviləsi cavabdehlə müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd olduğundan, hüquqi nəticələr də əslində həmin şəxslər arasında yaranmış hesab olunur. Yəni, hazırkı iddianın predmetini təşkil edən pul məbləğinə dair iddia qaldırmaq hüququna müstəqil tələb sürən üçüncü şəxs malik olduğundan, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əhəmiyyətsiz əqd üzrə verilmiş pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi mümkün deyildir”. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-879/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən hal-hazırda İddiaçı ona qarşı “kredit müqaviləsi üzrə borc tələbi barərə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, guya ona vurulmuş maddi ziyan olaraq cavabdehdən 48000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, cavabdehin həm polis orqanlarında, həm də məhkəmələrdə verdiyi ifadələrdən də görünür ki, onun iddiaçıya 161000 manat borcu olmuş, bu borcun da böyük qismini ödədikdən sonra 39000 manat borcu qalmışdır. Bu hal onunla da sübuta yetirilir ki, Qobustan Rayon Məhkəməsi tərəfindən çıxarılmış 29 fevral 2024-cü il tarixli, e-2(024)-24/2024 saylı qətnamə ilə iddiaçı X4 ona qarşı iddia tələbi qismən təmin edilmiş və ondan X6 66000 manat borc məbləğinin alınaraq verilməsi qət olunmuşdur. Həmin qətnamə çıxarılarkən sözügedən 66000 manat pul vəsaitindən ümumi tanışları Bəxtiyar adlı şəxs vasitəsi ilə İddiaçı qaytardığı 27000 manat pul vəsaiti nəzərə alınmamışdır. Adı çəkilən məhkəmə qətnaməsindən nə iddiaçı X7, nə də məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı apellyasiya şikayəti verməyərək qətnamə ilə müəyyən olunmuş hallarla, o cümlədən borc məbləği ilə razı olduqlarını göstərmişlər. Qobustan Rayon Məhkəməsinin adı çəkilən qətnaməsindən yalnız cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan apellyasiya şikayətinə baxılarkən isə məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qismən etiraz edərək bildirmişdir ki, X6 39000 manat məbləğində borc olduğunu təsdiq edərək, apellyasiya şikayətini həmin hissədə qəbul edirlər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı bildirmişdir ki, 39000 manat məbləğində borc X2r. Əgər həmin məbləği ona ödəmək istəyirsə, buna da etiraz etmir. O, cavabdehə ümumilikdə 170000 manat pul vermiş, həmin pulun 96000 manatını isə qardaşı vasitəsi ilə vermişdir. 96000 manatı qardaşının vasitəsi ilə verməsinə səbəb isə birgə inşa etdikləri tikili üzərində qardaşı Rafiq Atayevin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı razılaşma olmuşdur. Hazırda 96000 manatlıq borc müqaviləsi üzrə 39000 manat borc qalmışdır. Bundan başqa, ümumi məbləğdə cavabdehlə arasında əlavə olaraq 9000 manat pulun verilməsi ilə bağlı da mübahisəli məsələ vardır. Göründüyü kimi, iddiaçı hal-hazırda da əsassız şəkildə cavabdehdən əlavə olaraq 9000 manat pul qopartmağa cəhd göstərir. Halbuki, onun iddiaçıya ümumi borcu 161000 manat olmuşdur ki, hal-hazırda da bu borcun 39000 manatı qalmaqdadır. O, iddiaçıdan 9000 manat əlavə pul almamışdır, əgər bu pulu almış olsaydı, əvvəlki məhkəmə proseslərində bu üzə çıxmış olardı. Onun İddiaçı olan borcu hal-hazırda cəmi 39000 manat təşkil edir ki, həmin borcun yaranmasına da İddiaçı aralarında əldə edilmiş razılaşmaya uymaması səbəb olmuşdur. Adıçəkilən şəxsin hərəkətləri nəticəsində ziyana uğrayan tərəf cavabdehdir, çünki obyektin tikintisinə qoyulmuş pulu vaxtından əvvəl tələb etməklə İddiaçı onu çətin vəziyyətə salmış, borclu duruma düşürmüşdür. Bu səbəbdən o, iddiaçıya olan borcunu, yəni 39000 manat pulu hissə-hissə ona verəcəyini məhkəməyə bildirərək, hazırkı iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edib bununla bağlı ərizə də təqdim edərək bildirdi ki, o, İddiaçı ona qarşı “pul tələbinə dair” iddiası üzrə iddia tələbinin 39000 manat hissəsini qəbul edir və iddiaçıya həmin məbləğdə borcunun olduğunu etiraf edir. Bu səbəbdən də İddiaçı iddia tələbinin 39000 manat hissəsində və 234 manat dövlət rüsumunun ödənilməsi hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 İddiaçı iddia tələbinin 39000 manat hissəsində və 234 manat dövlət rüsumunun ödənilməsi hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə bununla bağlı ərizə də təqdim edərək bildirdi ki, hazırkı iş üzrə 39000 manat iddia tələbi və 234 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə razıdırlar. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və ona etirazı nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş 21 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində işdə iştirakına xitam verilmiş, İddiaçı ilə Cavabdeh arasındakı mübahisə mülki xarakter daşıdığından onlara məhkəməyə müraciət etməli olduqları hüququ izah edilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e- 2(026)-24/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh 66000 manat borc məbləğinin və 378 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2024-cü il tarixli, 2(105)-879/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2(026)-24/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. Hazırda qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2024-cü il tarixli, 2(105)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X1 olan Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması və yeni inşa ediləcək obyektin birgə fəaliyyət (şərikli) nəticəsində istifadə edilməsi ilə bağlı razılıq çərçivəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən Cavabdeh, İddiaçı iddiasına əsasən ümumilkdə 170000 manat, Cavabdeh etirafına əsasən 161000 manat pul verilmiş, həmçinin həmin pulun 96000 manatı iddiaçı X9 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə yalan əqd qismində pərdələnmişdir. Belə ki, işin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmamaqla, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı cavabdehə verdiyi pul məbləği, borc müqaviləsi adı altında onun qardaşı olan iddiaçı ilə bağlanmış əqd əsasında pərdələnmişdir ki, bununla da iddiaçının tələbinin əsasını təşkil edən Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla, əhəmiyyətsiz olmuşdur. Əhəmiyyətsiz əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, heç bir hüquqi nəticəyə səbəb olmadığından, iddiaçının iddiası əsassız olmuşdur. Həmçinin, mübahisə predmeti olan kredit müqaviləsi cavabdehlə müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd olduğundan, hüquqi nəticələr də əslində həmin şəxslər arasında yaranmış hesab olunur. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilənlərdən də göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2024-cü il tarixli, 2(105)-879/2024 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçının qardaşı ilə cavabdeh arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir və əslində sözügedən müqavilə üzrə borc məbləği hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş, müqavilə isə həqiqi borc münasibətlərini pərdələmişdir. Qeyd olunan hallar hazırda sübut edilmiş sayılır və yenidən mübahisələndirilə bilməz. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı əslində hazırkı iş üzrə iddia tələbi ilə yalan əqd üzrə verilmişlərin cavabdehdən geri qaytarılmasını tələb edir. İddiaçı ilə cavabdeh arasında ilkin olaraq mübahisəli məqam ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 170000 manat məbləğində borc verildiyini, cavabdeh isə cəmi 161000 manat məbləğində borc aldığını qeyd etmişdir. Lakin hər iki tərəf mübahisəsiz olaraq qəbul edir ki, cavabdeh həmin borcdan 122000 manat qaytarmışdır. Beləliklə, iş üzrə əvvəlcə geri qaytarılmamış pulun məbləğinə dair mübahisə olsa da, məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının ona qarşı olan tələbini 39000 manata dair hissədə qəbul etdiyini bildirmiş, iddiaçının buna səlahiyyətli nümayəndəsi isə cavabdehdən 39000 manat məbləğində pulun tutulması ilə bağlı qətnamə qəbul edilməsinə razı olduqlarını bildirmişdir. Göründüyü kimi, tərəflər qaytarılmalı pul məbləğinin 39000 manat olmasına dair razılığa gəlmiş, cavabdeh həmin məbləğdə pulun ondan tutulmasına razılığını bildirmiş, iddiaçı tərəf isə buna etiraz etmədiyini göstərmişdir. Beləliklə də, məhkəmə MM-in 337.5-ci maddəsinə uyğun olaraq bildirir ki, etibarsız əqd üzrə əldə olunmuş, lakin hələ geri qaytarılmamış 39000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, qalan 9000 manata dair hissədə isə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir (T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli Qərar, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərar, S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 12 iyul 2017-ci il tarixli Qərar). Məhkəmə iddia tələbinin digər hissəsi olan borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olaraq hesablanmış 4800 manat faiz borcunun tutulmasına dair hissəsi ilə bağlı bildirir ki, həmin hissədə iddia tələbi təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 337.4-cü maddəsindən də göründüyü kimi, iddiaçı hazırda əslində etibarsız əqd üzrə verilmiş pulun geri qaytarılmasını tələb edir və həmin etibarsız əqd yalnız onun etibarsızlığı ilə bağlı MM-in 337.5-ci maddəsində göstərilmiş hüquqi nəticələrin yaranmasına səbəb olmaqla, iddiaçının tələbi üzrə MM-in 445.7-ci maddəsində qeyd olunan nəticələrə səbəb olmur. MM-in 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 06 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 234 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini, eləcə də, cavabdehin buna dair yazılı ərizəsini nəzərə alaraq bildirir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 234 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 39000 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 234 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 39000 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 234 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-429/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-429/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver