Məhkəmə qərarları › İş №2(026)-44/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-44/2025

03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-44/2025 03.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçılar İddiaçı1 və Qədirova (Abbaszadə) Ramilə Ramil qızının, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Qədirova (Abbaszadə) Ramilə Ramil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X15, cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan 10,9789 hektar kənd təsərrüfatı təyinatlı torpaqdan əri X6 mülkiyyətinə düşən 2,20 hektar torpaq sahəsinin ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Respublikada həyata keçirilən torpaq islahatı zamanı 29 dekabr 2023-cü ildə vəfat etmiş İddiaçı1 əri X15 da daxil olmaqla, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 23 saylı qərarı ilə Hüseyinbaba Qədirovun ailəsinin mülkiyyətinə 23,45 hektar pay torpağı verilmişdir. Həmin pay torpağı Ramil Qədirovun özündən başqa, atası X12, anası X4 və 4 nəfər cavabdehin mülkiyyətinə verilmişdir. Pay torpağının mülkiyyətə verilməsinə dair Qobustan rayon Aqrar İslahat Komissiyası 14 fevral 2001-ci il tarixli, JN-0027, KOD 30712018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı vermişdir. 07 aprel 2011-ci il tarixli torpağın alğı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən 11,65 hektarı qayınatası Hüseyinbaba X2 satmış, alğı-satqıya mərhum əri də razılıq vermişdir. Alğı-satqı müqaviləsi Qobustan rayon Dövlət Notariat kontorunda 07 aprel 2011-ci il tarixdə 4-Ə-09 sayla rəsmiləşdirilmişdir. 11 dekabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsindən 5,6653 hektar torpaq sahəsinə dair ********** saylı, 5,3136 hektar torpaq sahəsinə dair ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar alınmışdır. X14 29 iyul 2019-cu ildə, qayınanası Dədəbacı Qədirova 03 dekabr 2014-cü ildə vəfat etmişdir. Lakin ölüm haqqında şəhadətnamələr Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinə təqdim edilmədiyi üçün onların adları hər iki çıxarışda da qeyd olunmuşdur. Faktiki olaraq qalan 10,9789 hektar torpaq sahəsinin hazırda 5 mülkiyyətçisi qalmışdır. Onun əri 29 dekabr 2023-cü ildə vəfat etmişdir. İddiaçı1 Ramil Qədirovla faktiki olaraq 10 avqust 2003-cü ildə ailə qurmuş, nikahlarını 05 may 2005-ci ildə rəsmiləşdirmişdir. Onların birgə nikahından 18 avqust 2004-cü ildə Ramilə, 06 aprel 2015-ci ildə Kamil, 19 yanvar 2018-ci ildə Kamilə adlı 3 uşaqları doğulmuşdur. Ramil Qədirovun atası və anası vəfat etdiklərindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, İddiaçı1 və 3 uşağı onun birinci dərəcəli vərəsələridir. İddiaçılar onlara düşən torpaq sahəsini bu il əkmişlər. Ramil Qədirovdan qalan traktor, yedək və otbağlayana notariusdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Lakin ərinin pay torpağı paylı mülkiyyətdə olduğu üçün belə şəhadətnamə ala bilmirlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmələri üçün torpağı ayrıca olaraq öz adlarına rəsmiləşdirə bilmirlər. Torpağı öz adlarına rəsmiləşdirməklə dövlətin verdiyi subsidiyanı almaq istəyirlər. Paylı torpaqdan onların payı məhkəmə qaydasında ayrılmadan torpağı öz adlarına rəsmiləşdirmək və dövlətin verdiyi subsidiyanı almaq mümkün deyil. Ramil Qədirov öldükdən bəri cavabdehlərlə münasibətləri yoxdur, iddiaçıları Ramil Qədirovdan qalan kənd təsərrüfatı texnikalarını almaq üçün məhkəməyə vermişdilər. Ona görə də paylı mülkiyyətdə olan torpağın məhkəmə qaydasında ayrılmasını xahiş etmək məcburiyyətindədirlər. Sonradan iddiaçılar İddiaçı1 və Qədirova (Abbaszadə) Ramilə Ramil qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, iddiada Cavabdeh2 adını səhvən Taleh kimi qeyd etmişlər. Xahiş edirlər ki, cavabdehin adı Tali kimi oxunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, o, mərhum ərinin və cavabdehlərin paylı mülkiyyətində olan 10,9789 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əri Ramil Qədirovun mülkiyyətinə düşən 2,20 hektar torpaq sahəsinin ayrılmasını istəyir. O, həmin torpağı bu il özü əkmişdir. Lakin həmin sahənin əkilməsi üçün hər hansı subsidiya ala bilmir, gübrə almaqda çətinlik çəkir. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədirova (Abbaszadə) Ramilə Ramil qızı digər İddiaçı1 bildirdikləri ilə razılaşaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 çıxış edərək bildirdi ki, hazırda onların, valideynlərinin və qardaşı Ramil Qədirovun ümumi mülkiyyətində təxminən 11 hektar torpaq sahəsi mövcuddur. Həmin sahə valideynlərinin 3 hektar yeri çıxılmaqla, qardaşlar arasında bölünür və onların hər birinə təxminən 1 hektar yarım torpaq düşür. Buna baxmayaraq, onlar artıq 10 ildir ki, iddiaçı tərəfə 2 hektar 70 sot torpaq sahəsini əkibbecərməyə imkan verirlər, buna görə də müvafiq subsidiyaları da alırlar. Bildirdi ki, 11 hektar torpaq sahəsi 2 hissədədir, onlardan biri istifadəyə o qədər də yararlı deyil, digər yararlı hissənin yarıdan çoxu, təxminən 2 hektar 70 sotu iddiaçıların istifadəsindədir. Onlar əvvəlcə torpaqların bölgüsünü öz aralarında razılaşdırmaq istəsələr də, İddiaçı1 buna imkan verməmişdir. Qeyd etdi ki, torpaq sahəsi üzərində mərhum valideynlərinin də hüququ olduğundan əvvəlcə vərəsəlik qaydasında onların miras payı müəyyən olunmalıdır. Tezliklə Rusiya Federasiyasında olan bacısı da gəldikdən sonra bu məsələni həll edəcəklər. Yalnız bundan sonra torpaq sahəsinin naturada bölgüsü aparıla bilər. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 digər Cavabdeh3 bildirdikləri ilə razılaşdıqlarını qeyd edərək, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan JN-0027 saylı, 30712018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999cu il tarixli, 23 saylı qərarı ilə Qobustan rayonunun Xilmilli kəndində 23,45 hektar torpaq sahəsi X16 və onun ailə üzvləri X5, Cavabdeh1 Hüseynbaba oğlunun, X8, X9, Cavabdeh3 və Cavabdeh4 Hüseynbaba oğlunun ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 7999,29 kv.m, 104605,28 kv.m, 12066,95 kv.m, 56652,72 kv.m və 53135,55 kv.m ölçüdə olan 5 hissədən ibarət olmuşdur. İşdə surəti olan 07 aprel 2011-ci il tarixli torpağın alğı-satqı müqaviləsindən görünür ki, 10,460528 ha və 1,206695 ha torpaq sahəsi X21 tərəfindən X1. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5,6653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X12, X4, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 adına 11 dekabr 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5,3136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X12, X4, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 adına 11 dekabr 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə surəti olan Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən 23 aprel 2024-cü ildə verilmiş 3-16-5/8-69-118/2024 saylı arayışdan görünür ki, X13 15 noyabr 2014-cü ildə ölmüşdür. İşdə surəti olan Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən 23 aprel 2024-cü ildə verilmiş 3-16-5/8-69-119/2024 saylı arayışdan görünür ki, X19 29 iyul 2019-cu ildə ölmüşdür. İşdə surəti olan İİ-AZ 006441 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə X25 05 may 2005-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İşdə surəti olan AZ-İ 699186 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 avqust 2004-cü il təvəllüdlü İddiaçı2 atası X15, anası İddiaçı1dır. İşdə surəti olan AZ-İİİ 506648 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 aprel 2015-ci il təvəllüdlü X20 atası X15, anası İddiaçı1dır. İşdə surəti olan AZ-İV 083378 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 yanvar 2018-ci il təvəllüdlü X18 atası X15, anası İddiaçı1dır. İşdə surəti olan AZ-İİ 375483 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 29 dekabr 2023-cü ildə ölmüşdür. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 cavabdehlərin qardaşı mərhum Ramil Qədirovla nikahda olmuş, həmin nikahdan digər İddiaçı2 (Abbaszadə) da daxil olmaqla, 3 uşaqları olmuşdur. X34 29 dekabr 2023-cü ildə ölmüşdür. Hazırda mübahisə 2 müxtəlif torpaq sahəsi üzərində Ramil Qədirova məxsus olan hissənin ayrılması ilə bağlıdır. Belə ki, 11 dekabr 2022-ci ildə Qobustan rayonunun Xilmilli kəndində yerləşən 5,6653 ha və 5,3136 ha ölçüdə torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında X12, X4, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 adına qeydə alınmışdır. İddiaçılar da ümumi sahələri 10,9789 hektar olan həmin torpaq sahələrindən X6 mülkiyyətinə düşən 2,20 hektar torpaq sahəsinin ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sözügedən torpaq sahələrinin yanlış olaraq ümumi paylı mülkiyyətdə olduğunu qeyd etmişlər. İş materiallarından mərhum Ramil Qədirovun ölümündən sonra sözügedən torpaq sahələri ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması müəyyən edilmir. Bununla yanaşı, iddiaçılar da bu cür şəhadətnamə ala bilmədiklərini qəbul etmiş, məhz həmin şəhadətnaməni ala bilmələri üçün hazırda mərhum Ramil Qədirova məxsus payın ayrılmalı olduğunu qeyd etmişlər. Bu cür şəhadətnamənin olmamasına baxmayaraq, məhkəmə iddiaçıların mərhum Ramil Qədirovun birinci növbə vərəsələri olmasını qəbul edir. Bununla belə onu da bildirməyi zəruri sayır ki, iddiaçıların məhz hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). İddiaçıların mübahisəli torpaq sahələrinin ümumi paylı mülkiyyətdə olduqlarını bildirmələrinə baxmayaraq, ********** və ********** nömrəli çıxarışlardan da göründüyü kimi, mübahisəli torpaq sahələri ümumi birgə mülkiyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Mülki Məcəllənin 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. İddiaçılar hazırda birgə mülkiyyətin mülkiyyətçiləri olmasalar da, birgə mülkiyyətin mülkiyyətçisinin birinci növbə vərəsələri kimi onların hazırkı tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 223.2-ci maddəsi çıxış edir. Lakin həmin maddəyə görə mülkiyyətçilərdən birinin payının ayrıla bilməsi üçün əvvəlcə onların hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Lakin hazırda mübahisəli olmaqla ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyətçilərin bu cür paylarının müəyyən edilməsi aşkar olunmur. Həmçinin, qeyd olunmalıdır ki, ümumi birgə mülkiyyətin 7 mülkiyyətçisindən yalnız hazırda cavabdehlər sağ olmaqla, onların hər iki valideyni və qardaşları Ramil Qədirov vəfat etmişdir. Bu isə o deməkdir ki, sözügedən mülkiyyətçilərin payları müəyyənləşdirilərkən onların vərəsəlik üzrə əldə edəcəyi paylar da nəzərə alınmalıdır. Lakin həmin payların hazırda müəyyən edilməsi mümkün deyil və bu, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. İddiaçıların da tələbi ümumi birgə mülkiyyətdə mülkiyyətçilərin paylarının müəyyən edilməsinə deyil, ümumi paylı mülkiyyətçi kimi yalnız mərhum Ramil Qədirovun payının ayrılmasına yönəlmişdir. Bu baxımdan iddiaçıların hüquqi tələbi paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə biləcəyinə dair Mülki Məcəllənin 220.2-ci maddəsinə uyğun gəlsə də, sözügedən maddənin hazırkı mübahisə üzrə tətbiqinə torpaq sahələrinin ümumi birgə mülkiyyətdə olması və ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin paylarının müəyyən edilməməsi icazə vermir. Şübhəsiz ki, ümumi birgə mülkiyyətin mülkiyyətçisinin payı müəyyən edilmədən onun ayrılması da mümkün deyil. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və Qədirova (Abbaszadə) Ramilə Ramil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Qədirova (Abbaszadə) Ramilə Ramil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar