Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-457/2024 28.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 15000 manat pulun və 4058 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 2023-cü ildə 120 baş xırda buynuzlu heyvanı Cavabdeh2 30000 manata satmağa razılaşmışlar. Bununla əlaqədar aralarında müqavilə tərtib etmişlər. Həmin gün 120 baş xırda buynuzlu heyvanı cavabdehə təhvil vermişdir. Aralarında tərtib olunmuş müqaviləyə əsasən Cavabdeh2 həmin məbləğin 15000 manatını 30 avqust 2023-cü il tarixə kimi, qalan 15000 manatı isə 30 iyun 2024-cü il tarixə kimi ona ödəməli idi. Lakin o, heyvanları iddiaçıdan alsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıdan satın aldığı heyvanların pulunu ona tam ödəməmişdir. O, 15000 manatı hissə-hissə iddiaçıya ödəmiş, qalan 15000 manatı isə ödəməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcunu könüllü qaytarmaqdan imtina edir. İddiaçıda olan məlumata əsasən Cavabdeh2 quzuları satmış, qalan heyvanları isə qardaşı Nərimana vermişdir. Cavabdehdən 15000 manatı ala bilmədiyinə görə ehtiyacı olduğundan həm bankdan, həm də əldən faizə pul götürməyə məcbur olmuş və faiz ödəməli olmuşdur. Ona görə də cavabdehin təqsiri üzündən iddiaçıya əlavə 4058 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirərək qeyd etdi ki, o, hazırkı iddiasını iki cavabdehə qarşı irəli sürmüşdür. Lakin o, heyvanları müqavilə əsasında Cavabdeh2 nisyə satmışdır. Cavabdeh1 cavabdeh kimi göstərməsinin səbəbi isə odur ki, Cavabdeh2 qoyunları ondan aldıqdan sonra aparıb qardaşı Nərimangilə qoymuşdur. O, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlanılmış, həmin şəxsin həqiqətən də Cavabdeh2 olub-olmaması barədə şəxsiyyətin müəyyən edilməsi istiqamətində suallar verilmiş, onun şəxsiyyəti müəyyən edilmiş, həmin şəxsin həqiqətən də Cavabdeh2 olması öz təsdiqini tapmışdır. O bildirdi ki, hazırda işləməsi səbəbindən Türkiyə Respublikasındadır. Həqiqətən də İddiaçı nisyə alğı-satqı qaydasında 30000 manata heyvan almış, bununla bağlı yazılı müqavilə imzalamışlar. Həmin müqavilə üzrə iddiaçıya 15000 manat bir vermiş, 1500 manat da bir vermişdir. Hazırda onun İddiaçı 13500 manat borcu qalmışdır və həmin borcu ödəyəcəkdir. Bundan sonra iddia ərizəsində göstərilənlərdən başqa Cavabdeh2 tərəfindən 1500 manat əlavə ödənişin də edilib-edilməməsi barədə İddiaçı verilmiş suala cavab olaraq o bildirmişdir ki, Cavabdeh2 ona əlavə 1500 manat ödəniş etmiş olsa da, həmin pul onun özünə deyil, bankdan kredit götürdüyünə görə banka çatmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına əlavə edilmiş telefonoqramdan göründüyü kimi, Cavabdeh1 ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, hazırkı iddianın ona heç bir aidiyyətinin olmadığını və məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşdəki İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus 120 baş xırda buynuzlu heyvanı Cavabdeh2 30000 manata satmağa razılaşmış və 120 baş heyvanı ona təhvil vermişdir. Cavabdeh2 həmin məbləğin 15000 manatını 30 avqust 2023-cü ildə, qalan 15000 manat pulu isə 30 iyun 2024-cü ildə alacaqdır. Cavabdeh2 120 baş xırda buynuzlu heyvanı İddiaçı 30000 manata almağa razılaşmış və ondan heyvanları təhvil almışdır. Cavabdeh2 razılaşdıqları 30000 manat məbləğin 15000 manatını 30 avqust 2023-cü ildə, qalan 15000 manat pulu isə 30 iyun 2024-cü ildə İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilə satıcı İddiaçı və alıcı Cavabdeh2 tərəfindən imzalanmışdır. İşdə surəti olan ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 09 avqust 2024-cü ildə 56 ay müddətinə 21,9 illik faiz dərəcəsi ilə 6700 manat məbləğində kredit götürmüşdür. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı Cavabdeh2 nisyə satılmış xırda buynuzlu heyvanın hazırda digər Cavabdeh1 sahibliyində olduğunu bildirmişdir. İddia ərizəsində onların hər ikisi cavabdeh kimi göstərilmiş olsa da, iddiaçı Cavabdeh2 15000 manat pulun və 4058 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə baxış iclasında iştirak edən zaman iddiaçı hər iki cavabdehə qarşı tələb irəli sürdüyünü bildirərək, tələbinin həm Cavabdeh2, həm də Cavabdeh1 qarşı olduğunu qeyd etmişdir. Hazırkı mübahisə müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, hazırda iddiaçının tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəlir. İşdən görünür ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 24 iyul 2023-cü il tarixli müqavilə onunla Cavabdeh2 arasında bağlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Məhkəmə bildirir ki, iddiaçının hazırkı tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəldiyinə görə iddiaçının mənafeyi bilavasitə borclu şəxsin, yəni müqavilənin digər tərəfi olan Cavabdeh2 üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunmalıdır. Mahiyyəti etibarilə hissə-hissə ödənilməsi şərtilə heyvanların nisyə alğı-satqı müqaviləsi olan müqavilə üzrə Cavabdeh2 satılmış heyvanların hazırda Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapsaydı belə, bu hal Cavabdeh1 iddiaçı qarşısında hər hansı öhdəlik daşımasına əsas vermir. Belə olan halda məhkəmə bildirir ki, Cavabdeh1 qarşı iddianın təmin edilməsinə hər hansı əsas yoxdur və iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə bildirir ki, iddiaçının Cavabdeh2 qarşı iddiası iki hissədən ibarətdir: müqavilə üzrə ödənilməmiş 15000 manat və borc götürdüyü pul məbləğlərinə görə faiz kimi ödənilməli olan 4058 manat. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli müqavilə onlar arasında öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edir, həmin müqavilə üzrə tərəflər 120 baş heyvanın 30000 manata Cavabdeh2 nisyə satılmasını, həmin məbləğin 15000 manatının 30 avqust 2023-cü ildə, qalan 15000 manatının isə 30 iyun 2024-cü ildə ödəniləcəyini razılaşmışlar. Müqavilə üzrə ilk 15000 manatın ödənilmiş olmasını iddiaçı da iddia ərizəsində qəbul etmiş, ikinci 15000 manat məbləğində ödənişin Cavabdeh2 tərəfindən icra edilmədiyini bildirmişdir. Lakin məhkəmə iclasında Cavabdeh2la istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlanılmış, o, iddiaçıdan nisyə alğı-satqı qaydasında 30000 manata heyvan aldığını, bununla bağlı yazılı müqavilə imzalandığını, həmin müqavilə üzrə iddiaçıya 15000 manat bir verdiyini, 1500 manat da bir verdiyini, hazırda iddiaçıya 13500 manat borcu qaldığını və həmin borcu ödəyəcəyini bildirmişdir. Cavabdeh2 bildirdiklərindən sonra iddiaçı verilmiş suala cavab olaraq qeyd etmişdir ki, Cavabdeh2 ona əlavə 1500 manat ödəniş etmiş olsa da, həmin pul onun özünə deyil, bankdan kredit götürdüyünə görə banka çatmışdır. Tərəflərin bildirdiklərini nəzərə alan məhkəmə qeyd edir ki, hazırda Cavabdeh2 müqavilə üzrə iddiaçıya 13500 manat borcunun qalması Cavabdeh2 özü tərəfindən də etiraf edilir. Mübahisəli məqam isə Cavabdeh2 ödədiyini bildirdiyi 1500 manat ilə əlaqədardır ki, həmin məbləğdə pulun həqiqətən də ödənilməsi halı iddiaçı tərəfindən də təsdiq edilməsinə baxmayaraq, iddiaçı həmin pulun ona deyil, kredit ödənişlərinə görə banka çatdığını bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Cavabdeh2 müqavilə üzrə iddiaçıya ödədiyi məbləğin sonradan hansı təyinat üzrə istifadə olunmasının Cavabdeh2 üçün hər hansı bir əhəmiyyəti yoxdur. Ona görə də onun etdiyi 1500 manat məbləğində ödəniş də iddiaçının tələb etdiyi 15000 manatdan çıxılmalıdır. Beləliklə də, hazırda Cavabdeh2 iddiaçıya 13500 manat borcunun qalması öz təsdiqini tapır. İddiaçı hazırda iddia tələbində müqavilə üzrə ödənilməmiş məbləğ ilə yanaşı, borc götürdüyü pullara görə ödəməli olduğu faizlərlə bağlı 4058 manatın da cavabdehin təqsiri üzündən ona dəymiş zərər kimi Cavabdeh2 tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, Cavabdeh2 öhdəliklərini icra etməməsi səbəbilə sonradan iddiaçının hansısa mənbədən faizə borc alması həmin borc üzrə faizlərin cavabdehdən tutulmasına əsas vermir. Cavabdeh özünün iştirakçısı olmadığı öhdəlik münasibətlərindən irəli gələn faiz ödənişlərini icra etmək məcburiyyəti daşımır. İddiaçının hüquqi imkanı müvafiq sübutlar təqdim etməklə, hazırkı halda müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi nəticəsində cavabdehdən dəbbə pulunun tutulmasını tələb etməkdən və ya gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini tələb etməkdən ibarətdir. Ona görə də iddia tələbi dəymiş zərər kimi 4058 manatın Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 13500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iş üzrə İddiaçı müharibə veteranı olması səbəbindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh2 tutulmalıdır. Hazırda iddianın təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun məbləği isə 130,5 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 13500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 130,5 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-457/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-457/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver