Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-505/2025 19.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Cavabdeh “icra qeydinin ləğv edilməsi, işin iddia icraatına keçirilərək araşdırılması, əsassız yazılmış penya pulunun silinməsi və əsas borcun dəqiqləşdirilməsi barədə” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Cavabdeh icra qeydinə etiraz ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Qobustan rayon Notariat ofisinin xüsusi notariusu Tural Bayramovun 08 iyul 2025ci il tarixli, 8İ-1866 nömrəli icra qeydinin ləğv edilməsi, iddia icraatına keçərək işin hərtərəfli araşdırılması, ona əsassız yazılmış penya pulunun silinməsi və qeyd edilmiş əsas borcun dəqiqləşdirilərək qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh icra qeydinə etiraz başlığı altında ərizəsini təqdim etsə də, ərizənin məzmunundan və mahiyyətindən aydın olur ki, o, icra qeydinin ləğv edilməsinə yönəlmiş iddia ərizəsi niyyəti ilə verilmişdir. Eyni zamanda, ərizənin giriş hissəsində tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxs olaraq göstərilmişdir. Həmin ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 149.2.1, 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir:
1. ərizənin verildiyi məhkəmənin adı;
2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);
3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Lakin hazırda Cavabdeh tərəfindən verilmiş ərizə mahiyyəti etibarilə iddia ərizəsi olsa da, həmin ərizənin tərtib olunması zamanı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər” müddəası icra qeydinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırılmasını nəzərdə tutsa da, Cavabdeh sadəcə icra qeydinə etiraz şəklində öz ərizəsini yazmışdır. Bundan başqa, icra qeydi Cavabdeh tərəfindən mübahisələndirilsə də, o, iddiaçı kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ni, cavabdeh kimi özünü göstərmişdir. Bu qaydada iddianın verilməsi isə MPM-in 149-cu maddəsinin tələblərinə uyğun deyil. Belə ki, icra qeydi Cavabdeh tərəfindən mübahisələndirildiyindən həmin iddia üzrə o iddiaçı kimi, icra qeydi üzrə tələbkar olan şəxs və həmin icra qeydini aparmış notariat orqanı isə cavabdeh kimi göstərilməli, onlara dair müvafiq məlumatlar doldurulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırda Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı Qobustan Rayon Məhkəməsində qaldırılmış hər hansı bir tələbi olmadığından, məhkəmənin icraatında olmayan bir iş üzrə iddia icraatına keçirilməsi də mümkün deyil. Ona görə də Cavabdeh qeyd olunan nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək istədikdə bu halı da nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh qarşı məhkəmənin icraatında hər hansı bir iş olmasa da, o, iddiaçı kimi BOKT "xxxx" MMC-nin adını qeyd etdiyindən mahiyyət etibarilə iddia ərizəsi olan ərizəni də imzalamaq səlahiyyətinə malik olmamışdır. Çünki icra qeydinin mübahisələndirilməsinə dair iddia ərizəsi üzrə yalnız onun özü iddiaçı kimi çıxış etməklə iddia ərizəsini imzalaya bilərdi. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub
QƏRARA ALDİ:
Cavabdeh “icra qeydinin ləğv edilməsi, işin iddia icraatına keçirilərək araşdırılması, əsassız yazılmış penya pulunun silinməsi və əsas borcun dəqiqləşdirilməsi barədə” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Samir Mayılov