Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-630/2024 23.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6500 manat borcun, qızı Cavabdeh2 2500 manat borcun və oğlu Cavabdeh3 2500 manat borcun, eləcə də, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 800 manatın və 160 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan normalardan görünür ki, qanunverici iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmək üçün hüquqi imkan vermişdir. Lakin hazırkı halda İddiaçı iddiasından görünür ki, onun borca dair tələbləri hər cavabdehə qarşı ayrıayrılıqda yönəlmiş, hər cavabdehdən ona aid olan borcun tutulması tələbi irəli sürülmüşdür. Belə olan halda isə həmin tələblərin bir-biri ilə bağlılığını müəyyən etmək mümkün deyil. İddiaçının öz ərizəsində digər cavabdehləri Cavabdeh1 qızı və oğlu kimi göstərməsi və onları məhz Cavabdeh1 vasitəsilə tanıyıb onlara borc verdiyini qeyd etməsi tələblərin bir-biri ilə bağlı olması qənaətinə gəlməyə əsas vermir. Bundan əlavə, əsas borc məbləğlərinin hər bir cavabdehə münasibətdə ayrı olmasına baxmayaraq, onlardan hüquqi yardıma və dövlət rüsumuna görə ödənilmiş xərclərin müştərək şəkildə tələb edilməsi də tələbləri bir-biri ilə bağlı hala gətirmir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.7-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məlumatların sorğulanması nəticəsində müəyyən edilir ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 ünvan 1i ünvanında qeydiyyatdadır. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqəli olmamaqla yanaşı, Cavabdeh2 münasibətdə ərazi aidiyyəti qaydalarına da riayət olunmamışdır. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri sayır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 və X1 qarşı əvvəl də “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(026)-551/2024 saylı qərardadı ilə həmin iddia ərizəsi də məhz MPM-in 152.1.3-cü və 152.1.7-ci maddələrinə istinad edilməklə geri qaytarılmışdır. Lakin hazırda müəyyən olunur ki, iddiaçı həmin qərardadda göstərilmiş nöqsanları tam olaraq nəzərə almamışdır. Yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-630/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-630/2024
23.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver