Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-64/2025 03.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının nəvələri 18 avqust 2018-ci il təvəllüdlü X9, 28 sentyabr 2019-cu il təvəllüdlü X6 və 28 dekabr 2020-ci il təvəllüdlü X4 qəyyumu təyin edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün nəvələri 18 avqust 2018-ci il təvəllüdlü X9, 28 sentyabr 2019-cu il təvəllüdlü X6 və 28 dekabr 2020-ci il təvəllüdlü X4 qəyyumu təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 21 noyabr 2024-cü il tarixli məktubla Qobustan RİH-nin yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına oğlu X10 və onun həyat yoldaşı X3 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirləndirilərək Qaradağ Rayon Məhkəməsi tərəfindən həbs olunaraq barələrində Qaradağ rayon prokurorluğunda cinayət işi getdiyindən nəvələri 18 avqust 2018-ci il təvəllüdlü X9, 28 sentyabr 2019-cu il təvəllüdlü X6 və 28 dekabr 2020-ci il təvəllüdlü X7 qəyyumluğa götürməklə əlaqədar müraciətinə 02 dekabr 2024-cü il tarixdə 560/2-3-165/2024 saylı məktubla imtina verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X5 və X2 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, uşaqlar hazırda digər baba və nənəsinin himayəsində Bakı şəhərinin Qaradağ rayonunda yaşayırlar. İddiaçı isə uşaqların ata tərəfdən nənəsidir. Onların istəyi uşaqların üzərində iddiaçının qəyyumluğunun müəyyən edilməsi ilə bağlıdır. Uşaqlar və onların atası X14 rayonunda qeydiyyatda olduqlarına görə onlar Qobustan RİH-ə müraciət etmişdir. Lakin Qobustan RİH tərəfindən onların müraciətinə imtina cavabı verilmişdir. Hazırda uşaqların hər iki valideyni barəsində cinayət işi getdiyindən və onlar həbs olunduğundan uşaqların üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. O, işə məhkəmədə baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 çıxış edərək bildirdi ki, uşaqların valideynləri barəsində hazırda cinayət işi gedir. Bu səbəbdən də İddiaçı Qobustan RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına öz nəvələrinin qəyyumu təyin edilməsi barədə müraciət etmişdir. Müraciət araşdırılan zaman uşaqların digər nənə və babasının da hüquqları olması səbəbindən onlar müraciətini təmin etməkdən imtina edilərək, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə etmişlər. Hazırda iş üzrə hansı qərarın qəbul olunmalı olması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tətbiq edilməli hüquq normalarının tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İşdəki Qobustan RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı ünvanlanmış 02 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sonuncunun oğlu Elşən Müzəffərov və gəlini Gülnar Müzəffərovanın barəsində cinayət işinin istintaqı getdiyi vaxtda onların övladları valideyn himayəsindən məhrum olmuş Rəşad Müzəffərov, Səbuhi Müzəffərov və Rauf Müzəffərovun üzərində qəyyum təyin edilmək istəyi uşaqların ana nənəsinin də eynilə uşaqları yanında saxlamaq istəyi ilə münaqişəli mövzu olduğuna görə və uşaqların hər iki nənəsi uşaqların saxlanmasında bərabər hüquqa malik olduğu üçün bu məsələnin həlli barəsində məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda iddia tələbindən müəyyən olunur ki, iddiaçı oğlunun və gəlininin həbsdə olması səbəbindən nəvələri üzərində özünün qəyyum təyin edilməsini istəyir. Lakin hazırkı tələb üzrə işə məhkəmədə baxılmalı deyil. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Məcəllənin 35.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, qəyyumluğa ehtiyacı olan fiziki şəxsin üzərində qəyyumluq qoyulması zərurəti ona məlum olduğu andan üç ay ərzində qəyyumu həmin şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı təyin edir. Qeyd olunan müddəaya uyğun olaraq, 18 avqust 2018-ci il təvəllüdlü X9, 28 sentyabr 2019-cu il təvəllüdlü X6 və 28 dekabr 2020-ci il təvəllüdlü X12 üzərində qəyyumluğun təyin edilməsinə həqiqətən də zərurət mövcuddursa, onlar üzərində qəyyumu onların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı təyin etməlidir. Məhkəmə yalnız maraqlı şəxslərin qəyyumun təyin edilməsi barədə etirazlarına baxmaq səlahiyyətinə malikdir. Hazırkı mübahisə üzrə isə qəyyumluq və himayəçilik orqanı uşaqlar üzərində ümumiyyətlə qəyyumluq təyin etməmişdir. Beləliklə, məhkəmə bildirir ki, qəyyumluğa ehtiyacı olan şəxslər üzərində qəyyumun təyin edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən həyata keçirilməli olduğundan hazırkı işə məhkəmədə baxılmalı deyil və bu səbəblə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “iddiaçının nəvələri 18 avqust 2018-ci il təvəllüdlü X9, 28 sentyabr 2019-cu il təvəllüdlü X6 və 28 dekabr 2020-ci il təvəllüdlü X4 qəyyumu təyin edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, nəvələri üzərində qəyyum təyin edilməsi barədə tələblə onların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-64/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-64/2025
03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver