Məhkəmə qərarları › İş №2(026)-65/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-65/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-65/2025 12.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat borc pulun, 86 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 160 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Aralarında həmişə xoş münasibətlər olmuşdur. Cavabdeh dəfələrlə ondan borc pul alıb qaytarmışdır. Sonuncu dəfə 29 mart 2024-cü il tarixində iki ay müddətinə qaytarmaq şərtilə 3500 manat almış, bu barədə öz xətti ilə qəbz yazmışdır. Bundan sonra yenə 26 aprel 2024-cü il tarixdə bir aya qaytarmaq şərtilə 3000 manat almış və yenə də öz xətti ilə qəbz yazmışdır. Lakin hal-hazıra kimi borcunu qaytarmamışdır, son vaxtlar isə qaytarmaqdan imtina edir. Dəfələrlə cavabdehə aldığı pulları qaytarmasını bildirsə də, eləcə də, qeydiyyatda olduqları ünvanlara pretenziya məktubu göndərsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, ona görə də məhkəmə qaydasında təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, cavabdeh qızıl alveri ilə məşğul olduğuna görə ondan əvvəlcə 29 mart 2024-cü ildə 3500 manat, daha sonra isə 26 aprel 2024-cü ildə 3000 manat borc almış, hər dəfə borcu alarkən qəbz yazıb təqdim etmişdir. Cavabdeh ilk dəfə borc məbləğini götürərkən oğluna məxsus əmək haqqı kartını ona versə də, o, həmin kartdan hər hansı məbləğdə pul çıxarmadan cavabdeh həmin kartı ondan geri almışdır. O, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Belə ki, onun həm qeydiyyatda olduğu, həm də yaşadığı ünvana, eləcə də, həmin ərazilər üzrə yerli icra orqanına və yerli özünüidarə orqanına da müvafiq bildirişlər göndərilmiş olsa da, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki 29 mart 2024-cü il tarixli əlyazma qəbzin məzmununda qeyd edilmişdir ki, “Mən Cavabdeh AZE №******** mənə məxsusdur. Zəruri ehtiyacım olduğu üçün çoxdan tanıdığım Cəlilabad r-n Qarazəncir kənd sakini İddiaçı (AZE №********) şəxsdən 3500 azn (üç min beş yüz manat) borc aldım. Borcu alarkən oğluma məxsus əmək haqqı kartını 2121 kodu olan verdim. 2 ay müddətində pulu ordan çıxaracağına söz verirəm. Qəbzi özüm yazdım. Doğruluğunu imzamla təsdiq edirəm. Hər hansı bir təzyiq altında bu qəbzi yazmamışam”. Bundan sonra “İmza” yazılaraq imza icra edilmişdir. İşdəki 26 aprel 2024-cü il tarixli əlyazma qəbzin məzmununda qeyd edilmişdir ki, “Mən Məlikli X1 78A bina, mənzil 20A-da yaşayıram. Mən zəruri ehtiyacım olduğu üçün İddiaçı 3 min manat pul aldım. 1 ay müddətinə qaytaracağıma söz verdim. Qəbzi özüm yazdım, hər hansı bir təzyiq altında yazmamışam. Doğruluğunu imzamla təsdiq edirəm”. Bundan sonra “İmza. Cavabdeh” yazılaraq imza icra edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İşdəki Ağcabədi Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(017)-3/2025 saylı məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir. Hazırda barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Belə ki, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə baxış iclaslarına gəlmədiyinə görə barəsində 29 sentyabr 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə axtarış elan edilmişdir. İşdə surəti olan Ağcabədi Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 1(017)-129/2024 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh barəsində axtarış elan edilmiş, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzi onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Eləcə də, həmin qəbzin əslinin kreditorda olması həmin sənəddə qeyd olunan öhdəliyə xitam verilmədiyini göstərir. Məhkəmə bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi 29 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixli qəbzlər tərəflər arasında öhdəlik münasibətlərini təsdiq etməklə yanaşı, həm də müqavilə hesab edilir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzlərdə olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş və qəbzlərin məzmununun həqiqiliyini təsdiq etmişdir. İddiaçı isə həmin qəbzləri qəbul etməklə və onlara istinad etməklə, onların məzmunu ilə bağlı olmasına dair iradəsini göstərmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehin iddiaçıdan 29 mart 2024-cü ildə 3500 manat və 26 aprel 2024-cü ildə 3000 manat, ümumilikdə 6500 manat borc almasını və borc sənədləri olan qəbzlərin əsli hazırda iddiaçıda olduğundan həmin öhdəliklərə xitam verilmədiyini qəbul edir. Bundan başqa, 29 mart 2024-cü il tarixli qəbzdə cavabdeh aldığı borcun ödənilməsi məqsədilə iddiaçıya oğluna məxsus əmək haqqı kartını verdiyini qeyd etsə də, iddiaçı həmin kartdan hər hansı məbləğdə pul çıxara bilmədən yenidən cavabdeh tərəfindən ondan alındığını bildirmişdir. Həmçinin, iddiaçı cavabdehə borcun verilməsini və öhdəliklərə xitam verilmədiyini təsdiq edən sübutları təqdim etsə də, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya olan borcunun ödənilməsini təsdiq edən hər hansı sübut, qəbz, çek və ya digər sənəd təqdim etməmişdir. Bundan əlavə, cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiqləyən qəbzlərin üzərində də borcun ödənilmiş olmasına dair hər hansı qeyd icra edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, borca dair hissədə iddia təmin edilməli, 6500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 11 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Qobustan Rayon Məhkəməsinin hesabına 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən tələb olunan borc məbləğinə görə zəruri olan dövlət rüsumu məbləğindən artıq hissənin cavabdehdən tutulmasına əsas yoxdur. Ona görə də iddia tələbi dövlət rüsumuna dair hissədə təmin edilərək, 86 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının sonuncu tələbi isə vəkilə ödənildiyini qeyd etdiyi 160 manat məbləğində pul ilə bağlı olmuşdur. Lakin məhkəmə həmin hissədə tələbi əsassız hesab edir və bildirir ki, iddiaçı tərəfindən vəkillə müqavilə bağlanılmasını təsdiq edən hər hansı bir sənəd və ya vəkil orderi, eləcə də, vəkilə ödənildiyi iddia olunan məbləğə dair hər hansı sübut təqdim olunmamışdır. Belə olan halda isə həmin hissədə iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6500 manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 86 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar