Məhkəmə qərarları › İş №2(027)-1086/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1086/2023

06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1086/2023 06.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi qismində vəkili X4, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ataları X2 miras qalmış 0,406 hektar torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 atası X7 ilə onun arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən X5 məxsus 0.406 hektar torpaq sahəsini xx.xx.2021-ci il tarixdə 19.800 (on doqquz min səkkiz yüz) manata almışdır. 0 vaxt torpaq sahəsinin çıxarışı olmadığına görə onlar alqı-satqı müqaviləsini öz aralarında şifahi bağlamışdılar. Teymur söz vermişdir ki, Daşınmaz Əmlakın Dövlət Qeydiyyatından çıxarış aldıqdan sonra alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunacaqdır. Teymur onun bacısının qaynatası olduğu üçün və ona etibar etdiyinə görə ona inanıb və xx.xx.2021-ci ildə ona şahidlərin yanında 19.800 (on doqquz min səkkiz yüz) manat pul vermişdir. Teymurdan xahiş edib ki, ondan pul alması barədə heç olmasa bir sənəd versin, Teymur onunla razılaşıb qardaşı Ələsgəri, oğlu Fədaili, Məhəmmədi çağırıb və onlardan xahiş etmişdi ki, ondan pul alınması barədə bir akt təltib edib, ona versinlər. Onlar Teymurun ona torpaq sahəsi satması və ondan 19.800 (on doqquz min səkkiz yüz) manat pul alması barədə akt tərtib etsinlər. Onlar Teymurun xahişi ilə akt tərtib ediblər və ona veriblər. Akt tərtib edərkən Teymur xəstə olduğu üçün aktı Teymurun qardaşı Ələsgər yazmış və aktı şahidlər imzalayıb ona vermişdilər. Cavabdehin atası Teymur öldükdən sonra cavabdeh Fədail söz veribdi ki, vərəsəlik haqqında şəhadətnamə aldıqdan sonra torpaqın alqı-satqısı barədə onunla notariat qaydasında müqavilə bağlıyacaqdır. Cavabdeh Fədail 2022-ci ilin yanvarında ona bildirib ki, Teymura məxsus olan 0,406 hektar torpaq sahəsi barədə ona torpağın 1/4 hissəsi barədə şəhadətnamə verildiyi üçün o, torpağın hamısını ona sata bilməyəcəkdir. Sonradan ona məlum olub ki, həmin torpağı 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi isə Cavabdeh4 verilmişdir. Fədail ona bildirib ki, Fətəli, Aynurə və Tahirə həmin torpaq sahəsini satmaqa razılıq vermirlər. Buna görədə o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili X8 ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi kimi vəkili Vəkil izahatında bildirmişdir ki, müvafiq hüquq müəyyənedici sənəd təqdim olunmamışdır və ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil məhkəməyə idda tələbinə dair yazılı etirazı təqdim edərək etirazı onunla əsaslandırmışlar ki, iddia tələbi tamamilə qanunsuz və əsassız olmaqla barəbər yalan və uydurmalardan ibarətdir. İlk əvvəl onu qeyd edirlər ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada bağlanılır. Əgər mərhum ataları pul alıb torpaq satsa idi onda həmin müqavilə notarail qaydada bağlanardı. İddia ərizəsinə qeyd edilənlər tamamilə yalan və uydurmadır. Ümumiyyətlə həmin vaxt atalarının 0,406 ha deyil 0,506 ha torpaq sahəsi olmuşdur. Bu iddiaçının bir yalanıdır. Bundan əlavə atası həmin vaxt heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Əksinə səhhəti yaxşı olmuş, 07 iyun 2021-ci il tarixdə qəfil ölmüşdür. Ataları xəstə idisə torpaq sahəsi alırdısa notariat kontorundan evlərə notarius gələ bilirdi. Evə notariusu gətirə bilərdilər. Əgər həqiqətən 19800 manat pul verib torpaq almışdılarsa, hansı dövrdür ki, əlyazma ilə torpaq sahəsi satırdılar. Bundan əlavə niyə həmin əlyazmada atalarının imzası yoxdur? Əgər ataları torpaq satmışdırsa, əlyazmaya imza etməsinə nə maneə olurdu? Ataları hansı ciddi xəstəlikdən əziyyət çəkirdi ki, əlyazmaya da imza edə bilməyib? Bundan əlavə hanı onun görüntüləri ki, torpaq sahəsini satıblar, guya ataları pul alıb? Belə bir alqı-satqı olsaydı ən azından video görüntüyə də çəkə bilərdilər. Əgər həqiqətən torpaq sahəsi satılıbsa, həmçinin sorğu verərək Quba regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən aldığı 27 may 2022-ci il tarixində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ataları X7 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********399 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,506 ha torpaq sahəsinin 0,10 ha hissəsini X1. Beləliklə göründüyü kimi atalarının guya iddiaçının iddia etdiyi tarixdə yəni 21 may 2021-cı il tarixdə 0,406 ha deyil, 0,506 ha torpaq sahəsi olmuşdur. Bundan başqa ataları necə xəstə olmuşdur ki, 21 may 2021-ci il tarixdə notariusa gedə bilmir, imza edə bilmir, ancaq 27 may 2021-ci il tarixdə Quba regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə gedərək torpaq sahəsini satır. Göründüyü kimi bunlar hamısı İddiaçıla qardaşları Cavabdeh1 oyunudur. İşin əsli bundan ibarətdir ki, ataları Teymur Fətəliyev ölən zaman onun digər əmlakları ilə birlikdə 0,406 ha torpaq sahəsi da qalmışdır. Onlar həmin torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq torpaq sahəsinə dair mübahisəni sülh yolu ilə bacı-qardaş öz aralarında həll etmək istəmişdirlər. Lakin qardaşları olan hazırkı Cavabdeh1 mübahisəni sülh yolu ilə razılaşma ilə həll etmək istəməmişdir. Torpaq sahəsini bütünlüklə istifadə edir. Belə olduqda onlar 0,406 ha torpaq sahəsindən onlara qalan hissəsinə çıxarış aldıqdan sonra naturada bölgü tələbinə dair Quba Rayon Məhkəməsinə 28 mart 2023-cü il tarixdə iddia ərizəsilə müraciət etmişdilər. Bundan sonra qardaşları Cavabdeh1 torpaq sahəsini verməmək üçün, bölünmənin qarşısını almaq üçün öz qohumu ilə əlbir olub belə bir qurama yalan iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadaladığları halları nəzərə alınmasını və İddiaçı onlara qarşı olan torpaq tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdilər. İlkin məhkəmə iclasında iştirak edən vavabdeh Cavabdeh1 atası ilə iddiaçı arasında müqavilə bağlanmasına dair faktı təsdiq edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehlərin vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Çıxarış”ın surətindən göründüyü kimi Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-17 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” dən göründüyü kümi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsələri oğlu- Cavabdeh1 Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ¼ hissədə pay almalıdır. İş materiallarına olan xx.xx.2021-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində X6, Cavabdeh1, X9, İddiaçı iştirakı ilə tərtib olunan “Akt”dan görünür ki, qeyd edilən şəxslər X3 özünə məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satdığını əvəzində X7 19800 manat aldığını təsdiq etmişlər. İş materiallarına əlavə olunan vəkil sorğusu əsasında təqdim edilmiş Quba regional “Asan Xidmət”Mərkəzinin Notariat Ofisinin 27 may 2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X7 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********399 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,506 ha torpaq sahəsinin 0,10 ha hissəsini X1. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin yuxarıda qeyd olunan hallarını, habelə qanunvericliyin tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüququnun olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh1 atası ilə iddiaçı arasında alqı-satqı barədə razılığa dair faktı təsdiq etməsilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar