Məhkəmə qərarları › İş №2(027)-1329/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1329/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1329/2021 04.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili və nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Elman oğlundan maddi ziyana görə 41620,80 manat, mənəvi ziyana görə 5000 manat pulun İddiaçı1 xeyrinə; maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 2000 manat pulun İddiaçı2 xeyrinə, maddi ziyana görə 8000 manat, mənəvi ziyana görə 5000 manat pulun İddiaçı3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, “Mercedes Benz G63 minik” markalı **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat ziyanın cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar iddiasını onunla əsaslandırmışlar ki, Cavabdeh 09.07.2020-ci il tarixdə, saat 21:48-də Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi "Nissan X Trail minik" markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri "köhnə avtovağzal" dairəsi istiqamətində 50 km/saat surətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun qırmızı işıq qadağanedici siqnalı verildikdə avtomobili işıqfor qarşısında dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək, qanunun qeyd edilən tələbinə əməl etməyib yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə "Amsar" istiqamətində hərəkət edən İddiaçı1 baş etibarnamə ilə idarə etdiyi "Mercedes Benz G63 minik" markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan "Mercedes Benz G63 minik" markalı avtomobildə olan sərnişin İddiaçı3 başın təpə nahiyəsində, sol qaşarası sahədə, burunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır hemotoma, burunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır-hemotoma, burun tənəffüsünün pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, "Mercedes Benz G63 minik" markalı avtomobilin sürücüsü İddiaçı1 başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, sərnişin İddiaçı2 sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə və İddiaçı1 avtomobilinin ciddi şəkildə zədələnməsi ilə ona 26620 manat 80 qəpik məbləğində maddi zərər vurmaqla yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Quba Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsə qarşı mülki iddia irəli sürülməmiş, həmçinin təqsirləndirilən şəxs nə cinayət işinin ibtidai istintaqı, nə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etməmiş, tərəflər arasında barışıq əldə edilməmişdir. Şəxsin təqsirli bilinməsi və məhkum edilməsi, onun törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsindən azad etmədiyindən və cinayət mühakimə icraatı qaydasında araşdırma zamanı dəymiş ziyan məsələsi həll edilmədiyindən, cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyi qanuni mənafelərinin təmin edilməsi və hüquqlarının müdafiəsi baxımından zəruri hesab edirlər. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, cinayət hadisəsi nəticəsində hər üç zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətlər almaqla sağlamlıqları müəyyən müddətə pozulmuş, mənəvi iztirab keçirmişlər, həmçinin zərərçəkmiş şəxs İddiaçı1 məxsus avtomobil demək olar ki, yararsız hala düşməklə sıradan çıxmışdır. Bu baxımdan cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış hər üç şəxs cavabdehə qarşı ayrı-ayrılıqda iddia tələbi sürməkdə haqlıdır. İddiaçı1-hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərcləri qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 5000 manatdır. -hadisə nəticəsində iddiaçıya məxsus "Mercedes Benz G63 minik" markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobil zədələnmiş, "xxxx" MMC-nin təqdim etdiyi 16.07.2020-ci il tarixli qüsur aktına əsasən abvtomobilin bərpası üçün təmir işlərinə 26620,80 manat vəsait tələb olunur - bu həmin avtomobilin təmiri üçün ehtiyyat hissələrinə çəkiləcək xərclərdir, həmçinin təmirin aparılması üçün servis mərkəzinə 15000 manat vəsait ödənilməlidir. Həmin hissə ilə bağlı iddiaçının tələbi 41620.80 manat təşkil edir. - hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 5000 manat tələb edir. İddiaçı2: - hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərcləri qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 2.000 manatdır. - hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 2000 manat tələb edir. İddiaçı3: - hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış və sağlamlığına zərər dəymiş, lakin cavabdeh bununla bağlı çəkilmiş xərcləri qarşılamamışdır. Həmin hissə ilə bağlı iddiaçının tələbi 8000 manatdır. - hadisə nəticəsində iddiaçı heç şübhəsizdir ki, mənəvi sarsıntı və iztirab keçirmiş, hadisə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu əsasla iddiaçı cavabdehdən mənəvi ziyana görə 5000 manat tələb edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təmir aktı tədqim edilmiş, həmin akta əsasən qanuni qüvvəsini almış hökmlə müəyyən edilmiş təmir xərci, yəni avtomobilin ehtiyyat hissələri üçün tələb olunan xərc 26620,80 manat dəyişməz qalır. Lakin muzd haqqı, yəni usta pulu 8531,40 manat təşkil edir, hansı ki, iddia ərizəsində bu məbləğ 15000 manat olaraq göstərilmişdir. Bu baxımdan hesab edir ki, tələb 35152,20 manatdan ibarət olmalıdır. Qeyd olunanlara əsasən cavabdehdən “Mercedes Benz G63 minik” markalı, **-ZR-*** qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat mənəvi ziyana görə 5000 manat İddiaçı1 xeyrinə və maddi ziyana görə 8000 manat, mənəvi ziyana görə 5000 manat pulun İddiaçı3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara dəymiş ziyan məbləği artıq hesablanmışdır. Ziyanın 35000 manat dəyərində qiymətləndirilmiş torpaqla əvəz edilməsi təklif edilmiş, iddiaçılar razılaşmamışlar. Tələb olunan maddi və mənəvi ziyanla məbləğləri ilə razı deyildir, belə ki, həmin məbləğlər şişirdilmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 1(027)-12/2021 saylı hökmündən görünür ki, Cavabdeh 09.07.2020-ci il tarixdə, saat 21:48-də Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nıssan X-Trail minik” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri “köhnə avtovağzal” dairəsi istiqamətində 50 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun qırmızı işıq qadağanedici siqnalı verildikdə avtomobili işıqfor qarşısında dayandırılmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək, qanunun qeyd olunan tələbinə əməl etməyib yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə Amsar kəndi istiqamətində hərəkət edən İddiaçı1 baş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz G63 minik” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz G63 minik” markalı avtomobildə olan sərnişin İddiaçı3 başın təpə nahiyyəsində, sol qaşarası sahədə, burnunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançırhematoma, burun tənəffüsünün pozulması ilə burun sümüklərinin açıq qəlpəli sınığı kimi sağlamlığına uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, “Mercedes Benz G63 minik” markalı sürücüsü İddiaçı1 başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sərnişin İddiaçı2 sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə və İddiaçı1 avtomobilin ciddi şəkildə zədələnməsi ilə ona 26620 manat, 80 qəpik məbləğində maddi zərər vurmaqla yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.06.2021-ci il tarixli, 1(105)-359/2021 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 1(027)-12/2021 saylı, 03 mart 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh Elmar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təyin edilmiş, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddərinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhruetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" AUTOSERVİCE MMC-nin təqdim etdiyi 16.07.2020-ci il tarixli qüsur və xidmət haqqı aktından görünür ki, “Mercedes Benz G63” markalı, **-ZR- *** dövlət qeydiyyat nişanlı avtomobilə 35152,2 manat məbləğində ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan 27.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanununvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı əmlakından məhrum olması ona dəymiş real zərər hesab edilir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. İşdəki sübutlardan görünür ki, İddiaçı1 cavabdehin qanunazidd hərəkətləri nəticəsində mülkiyyətində olan “MERCEDES G 63” markalı, ** ZR *** dövlət qeydiyyta nişanlı avtomaşınla bağlı maddi ziyan vurulmuş, həmin ziyanla cavabdehin qanunazidd hərəkətləri nəticəsində səbəbli əlaqə olmuş və həmin ziyan cavabdehin təqsiri nəticəsində yaranmışdır. İş üzrə digər iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində aldıqları xəsarətlə bağlı müalicə olunmalarına, dərman və sair avadanlıqların alınmasına İsmayıl Zeynalov 2000 manat və Orxan Hidyətli 8000 manat vəsait xərcləmələrini göstərsələr də, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişlər. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər iddianın həmin hissədə əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Həmçinin, iddiaçılar, İddiaçı1 5000 manat, İddiaçı2 2000 manat və İddiaçı3 5000 manat məbləğində mənəvi zərər tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 13 iyun 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə onu da nəzərə çatdırır ki, mənəvi ziyanın ödənilməsi 3 əsas funksiyaya malikdir: 1) zərərçəkənin tələbinin təmin edilməsi; 2) zərər vuran şəxsə təsir göstərilməsi; 3) digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi ziyanın ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi ziyan tələbi ilə bağlı məhkəmə onu da nəzərə alır ki, iddiaçılara cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində mənəvi zərər vurulsa da mənəvi zərər tələbi şişirdilmiş və reallığa uyğun olmayan bir rəqəmdə ifadə olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, ədalət və ağlabatanlıq meyarlarından çıxış edərək, İddiaçı1 5000 manat mənəvi zərər tələbini qismən - 500 manat, İddiaçı2 2000 manat mənəvi zərər tələbini qismən - 200 manat, İddiaçı3 5000 manat mənəvi zərər tələbini qismən - 500 manat hissəsində təmin etmək, qalan mənəvi zərər tələbi hissəsində isə iddianı rədd etmək qərarına gəlir. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq İddiaçı1, mənəvi ziyana görə 200 (iki yüz) manat alınaraq İddiaçı2 və mənəvi ziyana görə 500 manat alınaraq İddiaçı3 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 35152,20 (otuz beş min yüz əlli iki manat, iyirmi qəpik) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq, iddiaçı, İddiaçı1, mənəvi ziyana görə 200 (iki yüz) manat alınaraq, iddiaçı, İddiaçı2 və mənəvi ziyana görə 500 manat alınaraq, iddiaçı, İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar