Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1411/2023 02.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və dağılma vəziyyətinə gətirilmiş hasarın bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərlə son qoyulması və cavabdehin təqsiri üzündən ona məxsus hasarın dağılmaq üzrə olmasının nəzərə alaraq, həmin hasarın cavabdeh tərəfindən bərpa edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı evin həyətyanı torpaq sahəsi, mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu Alpan kəndində olan üzərində yaşadığı yaşayış evi olmaqla 0.14 ha həyətyanı torpaq sahəsi ilə qonşudur. Həmin qonşu arasındakı hasarı o, dəmir borular basdırmaqla dəmir tor ilə bağlamışdır. Cavabdeh onun dəmir setka ilə bağladığı həmin hasarla evinin arasında olan torpaq ərazini qazıyaraq dərindən götürmüş və onun hasarının qarşısının torpağı kəsilərək götürüldüyündən hasarın altı uçmuş və basdırılmış dirəklər əyilərək yıxılmaq üzrədir. Hətta hasarın yıxılmaması üçün dirəklərin bir-birinə bağlanmış qalın məftilləri qoz ağacına bağlanmış hissələrdən qəsdən kəsmişdir. Hasarın alt hissəsini qazıyır ki, uçulsun və öz ərazisini genişləndirsin. Həmin ərazini genişləndirərək, traktorunu orada saxlayır. O, dəfələrlə cavabdehə belə qanunsuz hərəkətlərinə soy qoymasını bildirsə də, sözlərinə məhəl verməmişdir. Bu səbəblə də onun hərəkətləri barədə kənd icra nümayəndəliyinə və bələdiyyəyə bildirmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan hasar 40 ildən çoxdur ki, mövcuddur. Həmin hasara onun tərəfindən heç bir müdaxiə olunmamışdır. İddiaçı ilə onun evinin arasında 40-50 metr məsafə vardır. Həmin hasarın yanından torpaq qazıb götürməmişdir. Çünki, onun buna ehtiyacı yoxdur. Hasarın yarasız hala düşməsinin səbəbini köhnə olması olduğunu düşünür. İddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, bələdiyyələr yaranmamışdan əvvəl tərəflərin torpaqla bağlı mübahisəsi olmuşdur. Həyətyanı torpaq mübahisəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Quba RPŞ-yə ünvanladığı ərizəsində göstərilənlər cinayət xarakterli deyil, mülki iddi və xüsusi ittiham xarakterlidir ki. Bu da məhkəmə qaydasında tənzimlənir. Ona görə də, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 170.1-170.5-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 176.1-176.2-ci maddəsinə əsasən gasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmədən cavabdeh - Cavabdeh qanunsuz hərəkətlərlə son qoyulması və cavabdehin təqsiri üzündən ona məxsus hasarın dağılmaq üzrə olmasının nəzərə alaraq, həmin hasarın cavabdeh tərəfindən bərpa edilməsini tələb edir. Lakin, mübahisə predmetini təşkil edən Quba rayonu, Alpan kəndində yerləşən hasarın cavabdehin müdaxiləsi nəticəsində yarasız vəziyyətə düşməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin tərəflər mübahisə predmetu təşkil edən torpağın dəqiq sərhəddini müəyyən etməyiblər. Hazirki vəziyyətdə kimin hansı istiqamətdə hasar çəkməsini müəyyən etmək mümkün olmadığından iddianın təmin edilməsinin əsası olmayacaq. Bundan başqa mübahisəli hasarın kimin müdaxiləsi nəticəsində yarasız vəziyyətə düşməsi barədə iş materillarından sübut mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və dağılma vəziyyətinə gətirilmiş hasarın bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və dağılma vəziyyətinə gətirilmiş hasarın bərpa edilməsi” tələbinə dair iddiası əsassızdır və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və dağılma vəziyyətinə gətirilmiş hasarın bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1411/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1411/2023
02.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver