Məhkəmə qərarları › İş №2(027)-142/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-142/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-142/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı2 və X1 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara və cavabdehlərə verilmiş JN-596 KOD 30320018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə hər birinin payına düşən 1,52 ha torpağın naturada ayrılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli 14 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Quba rayon, 2-ci Nügədi kəndi ərazisində 1,52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN-596 KOD 30320018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hal-hazırda torpaq onların istifadəsindədir. Cavabdehlər öz torpaq payları ilə maraqlanmır, torpağın vergi borclarını ödəmirlər, ümumiyyətlə iddiaçıların pay torpağından istifadə etməyə maneçilik törədirlər. Ona görə də iddiaçılar paylarına düşən torpağın naturada ayrılması qərarına gəlmişlər. İddiaçı və digər iddiaçılar İddiaçı2 və X1 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən zaman iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı və digər iddiaçılar İddiaçı2 və X1 nümayəndəsi İddiaçı1 və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-596 KOD 30320018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Quba rayon, 2-ci Nügədi kəndi ərazisində 1.52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyin arayışlarından görünür ki, İddiaçı1 Quba rayon, İİ Nügədi kəndində yaşayır və İddiaçı2, X3 və Cavabdeh1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində JN-596 KOD 30320018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.52 ha özəl torpaq sahəsinin İddiaçı1 Nüsrət oğluna 0.253 ha, İddiaçı2 0.253 ha, X5 oğluna 0.253 ha, Cavabdeh1 0.253 ha, Cavabdeh3 0.253 ha və Cavabdeh2 0.253 ha olmaqla paylara bölünməsi mümkündür. JN-596 saylı KOD 30320018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.52 ha torpaq sahəsi payçıların sayına və sahəsinə görə hissələrə bölünərək sxem tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, JN-596 KOD 30320018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli 14 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Quba rayon, 2-ci Nügədi kəndi ərazisində 1.52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Hazırda iddiaçılarla cavabdehlər tərəfindən Quba rayon, 2-ci Nügədi kəndi ərazisində 1.52 ha kənd təsərrüfatı torpaq sahəsinin birgə təsərrüfatda idarə edilməsi mümkün olmadığından iddiaçı tərəf həmin torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi tələbini qoymuşdur. İşin materiallarında olan mütəxəssis rəyinə əsasən Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.52 ha özəl torpaq sahəsinin tərəflər arasında paylara bölünməsi mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, paylı mülkiyyətdə olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.52 ha torpaq sahəsi mülkiyyətçilər arasında naturada ayrılmalı, İddiaçı1 0.253 ha, İddiaçı2 0.253 ha, X2 0.253 ha, Cavabdeh1 0.253 ha, Cavabdeh3 0.253 ha və Cavabdeh2 0.253 ha olmaqla paylara bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Paylı mülkiyyətdə olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.52 ha torpaq sahəsi mülkiyyətçilər arasında naturada ayrılsın. İddiaçı1 0.253 ha, İddiaçı2 0.253 ha, X2 0.253 ha, Cavabdeh1 0.253 ha, Cavabdeh3 0.253 ha və Cavabdeh2 0.253 ha olmaqla paylara bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar