Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1538/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı LPO ASC İddiaçı Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO ASC İddiaçı Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaitinin LPO ASC İddiaçı Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO ASC İddiaçı Şirkətinin Ləğvetmə Komissiyasının etibarnamə üzrə nümayəndəsi Habil İsgəndərov məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclaslarının Ləğvetmə Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddialarının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı LPO ASC İddiaçı Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, 27.05.2019-cu ii tarixdə Quba rayonu Fətəlixan küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində, Cavabdeh1, hazırda ləğvetmə prossesində olan (LPO)ASC İddiaçı Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, digər Cavabdeh2 məxsus VAZ 21074 minik markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə azyaşlı piyada X1 vuraraq ona ağır xəsarət yetirmişdir. Quba rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(027)-133/2019 saylı qərarı ilə Cavabdeh1 etibarnamə olmadan yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası CM-in 263.1-lci maddəsi ilə təqsirli bilinmiş, lakin zərərçəkənə dəymiş zərəri ödədiyinə və zərərçəkənlə barışdığına görə, CPM-in 39.1.11 43.1.2-ci maddələrinə əsasən barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərin təqsiri üzündən zərərçəkənə dəymiş zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin 1500.0 (bir min beş yüz ) manat məbləğində sığorta ödənişi ASC İddiaçı Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda İddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən cavabdehlər həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Belə ki, göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaitinin LPO ASC İddiaçı Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki işdə olan sənədlərin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.12.2019-cu il tarixli İCAA5600/19 saylı sığorta aktından görünür ki, LPO ASC İddiaçı Şirkəti 1500 ( bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan 06.12.2019-cu il tarixli 22 nömrəli ödəniş tapşırığından görünür ki, LPO ASC İddiaçı Şirkəti X2 adına “Respublika” SKB-nin Quba filialından 1500 ( bir min beş yüz) manat məbləğində pul ödənilmişdir. İşdə olan sənədlərdə LPO ASC İddiaçı Şirkəti tərəfindən Cavabdeh1 ünvanına 14.03.2020-ci il tarixli, 345 saylı pretenziya məktubu ilə X3 ödənilmiş 1500 ( bir min beş yüz) manat məbləğində pul vəsaitinin geriyə tələb (subroqasiya) edilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İş sənədlərinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, Qəçrəş kəndində qeydiyyatdadır və həmin kənddə yaşayırlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 1500 (bir min beş yüz) manat vurulmuş ziyanın əvəzi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə tutulması əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 1500 (bir min beş yüz) manat vurulmuş ziyanın əvəzi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub LPO ASC İddiaçı Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1538/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1538/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver