Məhkəmə qərarları › İş №2(027)-1644/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1644/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1644/2020 23.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh X3rşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qomiloviçdən 3000 manat məbləğində maddi zərərin, 7000 manat məbləğində mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehi Quba şəhərində yerləşən Gənc inşaat mağazasında icraçı direktor vəzifəsində işləyən Zaur adlı şəxs vasitəsi ilə tanımışdır. Cavabdeh Qomuiloviç ilə Qırmızı qəsəbədə Davudun özünə məxsus ofisində görüşərək iş barəsində danışaraq qiymətlərlə razılaşmışlar. Davut ona Qırmızı qəsəbədə yerləşən üç mərtəbə bir mansar ümumilikdə dörd mərtəbədən ibarət olan evinin istilik sistemini həvalə etmiş və yığılmasını tapşırmışdır. xx.xx.2018-ci il tarixdə o və Məstanov Zaur, Nizami Ağabalayev, Ceyhun Şükürov, Novruz Əyyubov adlı iş yoldaşları ilə birlikdə işə başlamışlar. Onlar 3 ay müddətində işi bitirib təhvil vermiş və iş yerindən ayrılmışlar. Davut ona 3.000 manat pul verməli olmuşdur. Hazırkı vaxta qədər Cavabdeh Qomuiloviç onun gördüyü işin haqqını ödəməmişdir. Bununla əlaqədar Quba RPŞ-yə müraciət etmiş və tələbi mülkü xarakterli olduğuna görə, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı cavabdehin evində müəyyən işlər görüb və pulunu alaraq gedib. Cavabadehin iddiaçıya hər-hansı borcunun olmadığını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-752.2-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.2-753.4-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərindən görünür ki, iddiaçı ilk növbədə sübuetmə yükü baxımından cavabdehin ona işin görülməsi nəticəsində 3.000 manat pul borclu olmasını sübut etməlidir. Lakin məhkəmə iclasında cavabdehin iddiaçıya 3.000 manat pul borclu olmasını təsdiq edən sübut təqdim edilmədi. Cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, iddiaçı cavabdehin evində müəyyən işləri görüb və onun qarşılığında muzdunu alıb. Belə olan halda cavabdehin iddiaçıya borcunun 3.000 manat təşkil etdiyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür, iddiaçı isə bunu sübut edə bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X8 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh X3rşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar