Məhkəmə qərarları › İş №2(027)-167/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-167/2022

14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-167/2022 14.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “simmental cins sarı-ala inəkdən 1800 (1500+300) manat, 5 aylıq sarı-qonur cöngədən 900 manat, 23 aylıq sarı-qonur düyədən 950 manat dəyərində əldən çıxmış faydanın, ona vurduğu mənəvi zərərin əvəzi 1000 manat pulun alınaraq ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-266/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh dəyəri 2100 manat olan 1 baş körpə balalı “simmental” cins inək, dəyəri 1500 manat olan il yarımlıq cöngə, dəyəri 1350 manat olan düyə və dəyəri 1200 manat olan 1 baş dana və ya onların dəyəri, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 21.08.2020-ci il tarixli, 2(105)-1528/2020 saylı Qətnamə ilə, Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(027)-266/2020 saylı qətnaməsi “Cavabdeh dəyəri 1200 manat olan 1 baş dana və ya onun dəyəri alınıb İddiaçı verilsin” hissəsində ləvğ edilmiş və həmin hissədə təmin iddia təmin edilməmişdir. Qətnamə - Cavabdeh dəyəri 2100 manat olan il yarımlıq cöngə və dəyəri 1350 manat olan düyə və ya onların dəyəri alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (105)-1528/2020 saylı iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətinə dair işə 01.03.2021-ci il tarixdə Ali Məhkəmənin məhkəmə iclasında baxaraq, İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə 21.08.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, sübut olunmuşdur ki, Cavabdeh tərəfindən ona məxsus əmlak mənimsənilib və onun hüquqları pozulduğundan zərər çəkmişdir. Buna görə də ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edir. Pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərcləri, əmlakından məhrum olmağını, cavabdeh tərəfindən mal-qarasının mənimsənilməsi nəticəsində mülki dövriyyə şəraitində əldə edəcəyim gəlirləri (əldən çıxmış fayda) tələb edir. AR Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydanı cavabdehdən tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X4 Mərkəzi Heyvandarlıq sektorundan Məhkəməyə təqdim etmək üçün ona məxsus mal-qaradan əlavə olaraq əldə etməli olduğu gəlirlər barədə mütəxəssis rəyini ərizəsinə əlavə edir: Birincisi: Simmenlal cins sarı-ala inəkdən cəmisi 18 ay ərzində birinci bala - 1500 (bir min beş yüz) manat, ikinci bala - 300 (üç yüz) manat; İkincisi: Cavanlar qrupundan 5 aylıq sarı-qonur cöngənin dəyər artımı - 900 (doqquz yüz) manat; Üçüncüsü: 23 aylıq sarı - qonur düyənin 18 ayda dəyər artımı - 950 (doqquz yüz əlli) manat; olmaqla ona dəymiş zərərin əvəzi - əldən çıxmış fayda 3650 (1800+900+950) manat miqdarındadır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində şəxsi əmlakına bu günə qədər qeyri-qanuni vicdansız sahiblik edərək gəlir əldə etdiyinə görə hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və bu hal indiyədək davam etməkdədir. Cavabdeh tərəfindən ona zərərçəkən qismində birbaşa maddi ziyan vurmaqla bərabər mənəvi zərərin ödənilməsi barədə iddia tələbi fiziki və mənəvi sarsıntılar keçirməyi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsiri müəyyən edildiyindən iddiası təmin olunmalıdır. Vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. 29.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçının ona əvvələr iki ədəd inək verdiyini, daha sonra gələrək 1 ədəd inəyi apardığını, digər inəyin isə öldüyünü, ölən inəyin balasını istədiyini, lakin həmin inəyə 3 il qulluq etdiyini, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən iddiaçıya borclu olduğu pulu ödədiyini, ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-266/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə, Yarməmmədov Dəmir Rzabala oğlundan dəyəri 2100 manat olan 1 baş körpə balalı “semental” cins inək, dəyəri 1500 (bir min beş yüz) manat olan il yarımlıq cöngə, dəyəri 1350 (min üç yüz əlli) manat olan düyə və dəyəri 1200 manat olan 1 baş dana və ya onların dəyəri, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qərara alınımışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1528/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh D.R.Yarməmmədovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(027)-266/2020 saylı qətnaməsi qismən – «cavabdeh X1 dəyəri 1200 (min iki yüz) manat olan 1 baş dana və ya onun dəyəri alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş, və həmin hissədə iddia təmin edilməmiş, qətnamə – «cavabdeh X1 dəyəri 2100 (iki min yüz) manat olan 1 baş körpə balalı “semental” cinsli inək, 1500 (min beş yüz) manat olan il yarımlıq cöngə və dəyəri 1350 (min üç yüz əlli) manat olan düyə və ya onların dəyəri alınıb İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1400/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı ilə, İddiaçı və cavabdeh Yarməmmədov Dəmir Rzabala oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Quba rayonu Digah kənd sakini İddiaçı 18 ay ərzində iddiasında olduğu qaramaldan əlavə olaraq 18 ay müddətində əldə edilə biləcək gəlirin müəyyən edilməsi barədə Quba rayonu Aqrar inkişaf mərkəzinin 03.09.2021-ci il tarixli rəyindən görünür ki, bir baş inək qrupundan olan iribuynuzludan 19 dekabr 2019-cu il tarixində 3 aylıq boğaz ola biləcəyini nəzərə alsaq 18 ay müddətində 2 (iki) baş bala əldə etmək mümkündür. Həmin balalardan biri 18 ay yetişdirilərək (340 kq diri çəkidə) bazarda 1500 manata satmaq mümkün ola bilər. İkinci bala 3-4 aylıq ola biləcəyindən indiki bazar qiyməti ilə 300 manat dəyərində ola bilər. Beləliklə: Sarı-ala inəkdən 1-ci bala - 1500 manat 2-ci bala - 300 manat Cəmi: 1800 ( 1500+300) manat dəyərində əlavə gəlir gətirə bilər. Cavanlar qrupundan 5 aylıq sarı-qonur cöngəni 18 aylığına qədər yetişdirib (diri çəkisi 340 kq) bazarda 1500 manat dəyərində satmaq olar. Əvvəlki dəyəri 600 manat olduğunu nəzərə alsdaq son 18 ayda 900 (1500-900) manat dəyərində artım verə bilər. Beləliklə: 5 aylıq sarıqonur cöngənin son 18 aylıq dəyər artımı 900 manat. 23 aylıq sarı-qonur cöngə qrupundan olan iribuynuzlu artıq saxlanılması iqtisadi səmərə vermədiyindən əvvəlki dəyərindən artıq heç bir dəyərə malik deyildir. Beləliklə: 23 aylıq sarı-qonur cöngənin 18 ayda dəyər artımı 0 (sıfır) qiymətləndirilir. 23 aylıq sarı-qonur düyə cütləşməyə buraxılaraq son 18 ayda 8-9 aylıq bala əldə etmək mümkündür. Həmin balanın orta bazar qiytməti 950 manat dəyərində ola bilər. Beləliklə: 23 aylıq sarı-qonur düyə 18 ayda dəyər artımı: 1 bala - 950 manat. Yekun olaraq son 18 ayda 4 baş müxtəlif cinsiyyət və yaş qrupundan olan iribuynuzlu heyvanların dəyər artımı: 3650 (1800+900+0+950) manat ola bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Ədalətli təzminatın verilməsi Avropa İnsan Hüquqları Konvensiyası və ya onun protokolları ilə təmin edilən hüquqların pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edilməsinin avtomatik nəticəsi deyildir. 41-ci Maddədən aydın görünür ki, yalnız daxili hüquq pozuntunun nəticələrinin tam aradan qaldırılmasına imkan vermədiyi təqdirdə və hətta bu halda belə yalnız “zəruri olarsa” (fransızca mətndə s’il y a lieu) Məhkəmə zərərçəkən tərəfə ədalətli təzminat təyin edir. Konvensiyanın 10-cu maddəsinə əsasən Maddi zərərin əvəzinin ödənilməsində məqsəd ərizəçinin mümkün qədər Konvensiya pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir,. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Məhkəmə araşdrıması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba rayon Məhkəməsinin 2(027)-266/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə, Yarməmmədov Dəmir Rzabala oğlundan dəyəri 2100 manat olan 1 baş körpə balalı “semental” cins inək, dəyəri 1500 (bir min beş yüz) manat olan il yarımlıq cöngə, dəyəri 1350 (min üç yüz əlli) manat olan düyə və dəyəri 1200 manat olan 1 baş dana və ya onların dəyəri, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qərara alınımışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1528/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh D.R.Yarməmmədovun verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(027)-266/2020 saylı qətnaməsi qismən – «cavabdeh X1 dəyəri 1200 (min iki yüz) manat olan 1 baş dana və ya onun dəyəri alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş, və həmin hissədə iddia təmin edilməmiş, qətnamə – «cavabdeh X1 dəyəri 2100 (iki min yüz) manat olan 1 baş körpə balalı “semental” cinsli inək, 1500 (min beş yüz) manat olan il yarımlıq cöngə və dəyəri 1350 (min üç yüz əlli) manat olan düyə və ya onların dəyəri alınıb İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1400/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı ilə, İddiaçı və cavabdeh Yarməmmədov Dəmir Rzabala oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, Cavabdeh ona məxsus “simmental cins sarı-ala inəkdən 1800 (1500+300) manat, 5 aylıq sarı-qonur cöngədən 900 manat, 23 aylıq sarı-qonur düyədən 950 manat dəyərində əldən çıxmış faydanın alınaraq ona verilməsini tələb etsə də, cavabdeh məhkəmə iclasında iddiaçının ona əvvələr iki ədəd inək verdiyini, daha sonra gələrək 1 ədəd inəyi apardığını, digər inəyin isə öldüyünü, ölən inəyin balasını istədiyini, lakin həmin inəyə 3 il qulluq etdiyini, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən iddiaçıya borclu olduğu pulu ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı gələcəkdə əldə çıxmış faydanın ona verilməsini tələb edir. Lakin əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçıya cavabdeh tərəfindən dəymiş ziyanın vurulması müəyyən edilərək ödənilməsi qərara alınmışdır. Hazırki vəziyyətdə iddiaçı həmin ziyandan əldən çıxmış faydanı tələb etsə də, məhkəmə qeyd edirki iddiaçının hazirki tələbi, yəni adi mülki dövriyyədən əldə edəcəyi gəlir ağlabatan deyil. Ona görə də, tələbi təmin edilə bilməz. Bundan başqa iddiaçı vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qeyd edilən mülki hüquq normalarını, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı tərəfindən maddi və mənəvi ziyan iddia tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar