Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1716/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun kredit borcuna görə X6 filialı tərəfindən onun əmək haqqından tutulmuş 3498,00 (üç min dörd yüz doxsan səkkiz) manat maddi ziyanın, eyni zamanda cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəyən 3000,00 (üç min) manat mənəvi ziyanın və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2014-cü ildə Quba şəhərində yerləşən “Dəmirbank” bankda olduğu zaman tanış olmuşlar. Belə ki, həmin dövrdə cavabdeh “Dəmirbank”da əməliyyatçı vəzifəsində işləmişdir. Onun cavabdehlə yaxın münasibətləri yaranmış, bundan istifadə edən cavabdeh ondan xahiş etmiş ki, X6 filialından kredit götürə bilməsi üçün ona bankda zamin dursun. Oda ona etibar edərək iş yerindən banka arayış təqdim etməklə cavabdehin X6 filialından götürdüyü 6500,00 (altı min beş yüz) manat kredit məbləğinə görə onun üçün zamin dayanmışdır. 2014-cü ilin fevral ayında işdə vaxtı olmasına baxmayaraq kreditin verilməsi üçün banka saat 18-də çatmışdır. Həmin vaxt orada cəmi bir nəfər işçi qalmış və onu gözləmişdir Həmin işçi ona zaminlik müqaviləsini təqdim etmiş, o, oxumadan həmin müqaviləni imzalamışdır. Cavabdeh ona söz vermişdir ki, heç bir problem olmayacaq, ödənişləri vaxtlı-vaxtında edəcək, o, sadəcə ona krediti götürə bilməsi üçün zamin qismində lazım idi. Beləliklə, 2-3 ay heç bir problem yox idi, cavabdeh banka olan kredit borcunu vaxtında ödəyirdi, odur ki, onu da heç kim axtarmır, narahat etmirdi. Lakin 3 aydan sonra cavabdeh banka olan borclarını ödəməyi yubatmağa, gecikdirməyə başladı və artıq bankdan onu da narahat etməyə başladılar. O, isə təbii ki, cavabdehlə bu barədə danışmaq üçün ona zəng etmiş, cavabdeh zənglərinə cavab verməmiş, ümumiyyətlə telefonunu açmamışdır. Dəfələrlə onun yaşadığı ünvana getmiş ki, banka olan borcunu ödəsin, o ödəmədiyi üçün banka olan borcu bank tərəfindən onun əmək haqqından tutulur, bu da onun ailəsinin büdcəsinə ağır təsir edir, xəstə övladını pulsuzluqdan müalicəyə apara bilmir, uşağın vəziyyəti gün-gündən ağırlaşır. Lakin cavabdeh hər dəfə müxtəlif vədlər və bəhanələrlə banka olan borcunu, o cümlədən bankın onun borcunun əvəzinə onun əmək haqqından tutulan vəsaitin ona ödənilməsindən yayınıb. Hətta sonradan cavabdeh və onun ailə üzvləri onu hədələməyə, şantaj etməyə başlamışlar. O, cavabdehin əvəzinə X6 filialına olan borcunun onun tərəfindən ödənilmiş, daha doğrusu məcburi qaydada bank tərəfindən əmək haqqından tutulmuş 3498,00 (üç min dörd yüz doxsan səkkiz) manat halal pulunun cavabdeh tərəfindən könüllü olaraq ona qaytarılması üçün lazım olan bütün hərəkətləri etsə də cavabdeh könüllü olaraq onun əvəzinə ödənilmiş vəsaiti ona qaytarmaq istəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlu iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh X8 oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli, 98-xx.xx.2015-SM57 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 98xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən 6400 manat məbləğində 60 ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” Bank ASC-nin hesab çıxarışından görünür ki, İddiaçı bankın xeyrinə zaminlik müqaviləsi üzrə 3407,53 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ilə “xxxx Bankı” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 98-xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 98xx.xx.2015-SM57 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və cavabdehin icra etmədiyi öhdəlik nəticəsində yaranmış borc iddiaçının əmək haqqına yönəldirilmişdir. İş materillarında olan hesabdan çıxarışla iddiaçıdan bankın xeyrinə zaminlik müqaviləsi üzrə ümumilikdə 3407,53 manat məbləğində borcun tutulması tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X7 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X7 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh X2 İddiaçı 3407,53 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPMin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 3407,53 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1716/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1716/2020
16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver