Məhkəmə qərarları › İş №2(027)-2135/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2135/2021

17.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2135/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-724E KOD 30307018 saylı Şəhadətnaməyə və Quba RİHB-nm Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.09.2021 -ci il tarixli 399 nömrəli arayışa əsasən ona məxsus Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh ailə qurarkən gətirdiyi özünə məxsus 1 ədəd kamot, 1 ədəd sürtgəc, 1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd termo, stol və stullar, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd xalça, 3 ədəd çilçıraq, 1 ədəd elektrik sobası, 1 ədəd uşaq çarpayısı, pərdələr, divan üstü, 1 ədəd soyuducu, 1 ədəd tozsoran. 1 ədəd ütü, 1 ədəd ətçəkən maşın, yorğan, döşək, 1 ədəd pakrıval, 1 ədəd ədyal, 1 ədəd teşt, 1 ədəd vedrə, 1 ədəd saatdan ibarət cehiz əmlaklarının çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 ilə Cavabdeh 13 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından nəvələri 21 aprel 2013-cü il təvəllüdlü X4 və 30 mart 2017-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ailə qurarkən özünə məxsus cehiz əşyalarını ona məxsus Quba rayonu Amsar kəndində yerləşən evə gətirmişdir. Artıq illərdir ki, cavabdeh hər iki nəvəsini də götürərək evdən getmişdir. Faktiki ailə münasibətləri pozulmuşdur. Lakin cavabdehə məxsus cehiz əmlakı onun evindədir. Dəfələrlə cavabdehə cehiz əmlakının çıxarılmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Evi 3 otaqlı olduğu və cavabdehin cehiz əşyaları evin 2 otağını zəbt etdiyi üçün cavabdehə məxsus cehiz əşyaları evdə narahatçılıq yaradır. Evindən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehə məxsus cehiz əşyalarının olduğu otaqlardan istifadə etmək mümkün deyildir. Cehiz əşyaları otaqlara yığıldığından və onlardan istifadə edilmədiyi üçün cehiz əmlakının nəmlənərək məhv olma ehtimalı olduğu üçün cavabdeh gələcəklə cehiz əmlakının əvəzini ondan tələb edə bilər. Ona görə də cavabdehə məxsus cehiz əmlakının evindən çıxarılması zəruridir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh qız arasında bağlanmış nikah Quba rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 19.05.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-352/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi ilə, cavabdehlər İddiaçı, D.T.Kərimova və R.İddiaçı tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(027)-998/2020 saylı qətnaməsi qismən – «Cavabdeh azyaşlı övladları 30.03.2017-ci il təvəllüdlü X5 və 21.04.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Quba rayonu, Amsar kəndində yerləşən İddiaçı, X2 və X1 olan, lakin mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan fərdi yaşayış evinə köçürülsün» hissəsində ləğv edilmiş və iddia təmin edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayədəliyinin 21.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) yaşayış otağından ibarət yaşayış evi vardır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə AİK-nın 03.05.1997-ci il tarixli, 04 saylı qərarına əsasən JN:724F, KOD30307018 saylı Şəhadətnamə tərtib edilərək, 0,08 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh məxsus cehiz əmlakların İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən yaşayış evində olması, həmin əşyaların iddiaçının iradəsinə zidd olaraq həmin evdə saxlanılması, eyni zamanda cavabdehə məxsus əmlakların iddiaçıya məxsus evdə saxlanması üçün hər hansı hüquqi əsasın olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin faktiki sahibi İddiaçıdur. Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülkiyyət toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə daxildir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmasa da, həmin əmlaka sahiblik edən şəxslərə mənsubluğu nəzərə alınaraq Quba rayonu, Amsar kəndində yerləşən torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinə “qanuni gözləntiyə” malik hesab olunan iddiaçı qeyd olunan evin sahibi hesab olunur və iddiaçı cavabdehdən cehiz əşyalarının evdən çıxarılması tələbində haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-724E KOD 30307018 saylı Şəhadətnaməyə əsasən İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən evdən Cavabdeh məxsus ailə qurarkən gətirdiyi 1 ədəd kamot, 1 ədəd sürtgəc, 1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd termo, stol və stullar, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd xalça, 3 ədəd çilçıraq, 1 ədəd elektrik sobası, 1 ədəd uşaq çarpayısı, pərdələr, divan üstü, 1 ədəd soyuducu, 1 ədəd tozsoran. 1 ədəd ütü, 1 ədəd ətçəkən maşın, yorğan, döşək, 1 ədəd pakrıval, 1 ədəd ədyal, 1 ədəd teşt, 1 ədəd vedrə, 1 ədəd saatdan ibarət cehiz əmlakları çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-724E KOD 30307018 saylı Şəhadətnaməyə əsasən, İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən evdən Cavabdeh məxsus ailə qurarkən gətirdiyi 1 ədəd kamot, 1 ədəd sürtgəc, 1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd termo, stol və stullar, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd xalça, 3 ədəd çilçıraq, 1 ədəd elektrik sobası, 1 ədəd uşaq çarpayısı, pərdələr, divan üstü, 1 ədəd soyuducu, 1 ədəd tozsoran. 1 ədəd ütü, 1 ədəd ətçəkən maşın, yorğan, döşək, 1 ədəd pakrıval, 1 ədəd ədyal, 1 ədəd teşt, 1 ədəd vedrə, 1 ədəd saatdan ibarət cehiz əmlakları çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar