Məhkəmə qərarları › İş №2(027)-227/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-227/2025

21.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-227/2025 21.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızına qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ona mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri, Heydər Əliyev prospekti 207A ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Heydər Əliyev prospekti 207 saylı ev 1979-cu ildən mərhum həyat yoldaşı X8 mülkiyyətindədir. Həyat yoldaşı 2014cü ildə vəfat etmişdir. Qeyd olunan yaşayış evi xx.xx.2010-cu il tarixdə həyat yoldaşının və uşaqlarının adına Dövlət reyestrində qeydiyyata alınaraq, Çıxarış verilmişdir. X1 adları yuxarıda qeyd edilən cavabdehlər ilə birlikdə mərhum həyat yoldaşının mülkiyyətində olmuş və hal-hazırda da onların mülkiyyətlərində olan Quba şəhəri, Heydər Əliyev prospekti 207 saylı evdə yaşamışlar. X18 xx.xx.2005-ci ildə vəfat etmişdir. Qızları Məsumə və Vəfa isə 2009-cu ildə ailə quraraq Bakı şəhərinə köçmüşlər və hal-hazırda da ailələri ilə birlikdə orada yaşayırlar. Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər Ema, Məsumə və Vəfaya evdən istifadə hüququları müəyyən edilmişdir. Cavabdehlərin məhkəmə tərəfindən xx.xx.2012-ci il tarixdə istifadə hüquqları müəyyən edilsə də, cavabdehlərin hər üçü Bakı şəhərində yaşayırlar və yaşayış evinin 2/3 hissəsini zəbt edərək, bağlı saxlayırlar. Bundan başqa son illərdə Cavabdeh1 onlara mülkiyyət hüququ ilə məxsus olan yaşayış evini özlərinə məxsus istifadə hüququndan kirayəşinlərə veriblər. Onların icazəsi və razılıqları olmadan sonradan adını və soyadını öyrəndiyi X9 ailəsi ilə yaşayır və hal-hazırda oradan iki ay bundan qabaq başqa bir ünvana köçmüşdür. İddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 hal-hazırda da Cavabdeh1 tərəfindən onların razılıqları və xəbəri olmadan evlərinin bir hissəsini kirayəyə vermişdir. Hal-hazırda da kirayəşin onların evində icazəsiz və razılığı olmadan yaşayır. Cavabdehlər məhkəmə tərəfindən onlara verilmiş istifadə hüququndan sui istifadə edirlər, özləri faktiki Bakı şəhərində yaşayırlar və məhkəmə tərəfindən onlara verilmiş istifadə hüququndan istifadə etmirlər. Cavabdehlərin istifadə hüququndan qazanc məqsədilə istifadə etmələri əsas verir ki, onlar məhkəmə tərəfindən verilmiş istifadə hüququndan suiistifadə etdiklərinə görə istifadə hüquqlarına xitam verilməlidir. İstifadə hüququnun əmələ gəlməsi üçün mövcud olmuş əsas (yəni başqa yaşayış yeri olmadıqda) aradan qalxdıqda və istifadə hüququndan cavabdehlər ildə 1-2 dəfə istifadə etməklə, Bakı şəhərində yaşamaqla onların mülkiyyətində olan yaşayış evini kirayə verməsi əsasdır ki, kompensasiya ödənilmədən cavabdehlərin istifadə hüququna xitam verilsin. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, 20 ildir ki, cavabdeh evi kirayə verib, həmin evdən qazanc götürmüşdür. Cavabdehə 7000 manat məbləğində kompensasiya ödəməyə hazırdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər həmin evdə yaşamırlar, evdən istifadə hüquqlarını itirmişlər. Evdə kirayəşinlər vardır. Cavabdehin Bakı şəhərində yaşayış evi vardır. Digər iki cavabdeh isə uzun müddətdir ailə qurub Bakıda yaşayırlar. Həmçinin bütün bunlara baxmayaraq İddiaçı kompensasiya ödəməyə də hazırdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, evindən əşyalar oğurlandığı üçün məcbur qalaraq evində öz qohumlarını saxlamışdır. Özü dializ xəstəsidir, müalicə alır. Xəstə olduğu və baxıma ehtiyacı oduğu üçün 3 ildən artıq bir vaxtdır ki, bu səbəbdən bacısının evində qalır. İddiaçının təklif etdiyi pul məbləği ilə razı deyil, həmin məbləğlə özünə ev ala bilməz. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 iddia tələbini qəbul etməyərək, 2009-cu ildə ailə qurduğunu hazırda işi ilə əlaqədar Bakı şəhərində yaşadığını, iddianı əsassız hesab etdiyini bildirdi. Məhkəmə iclasında digər Cavabdeh3 2009-cu il sentyabr ayında ailə qurduğunu bildirmişdir. İİİ. İşin faktiki halları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №li qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il olan çıxarışdan görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti, 207 saylı fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə X8, İddiaçı, X20, X13 və X11 mülkiyyətindədir. - Quba Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehler Cavabdeh1 və Məmmədova Məsumənin həmin evə istifadə hüquqları müəyyən olunmuşdur. - Quba Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1, X6 və X4 İddiaçı, X20, X13 və X14 qarşı DƏDRX-dan cavabdehlərin adına verilmiş MA ******* seriyalı çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair JN 1089A saylı şəhadətnamənin etibarsız sayılması, mərhum X3 mülkiyyətindəki Quba şəhəri, H.Əliyev prospekti, ev 207a saylı və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi miras əmlakını oğlu X5 öldüyü 08 oktyabr 2005-ci ilədək faktiki surətdə idarə etməklə mirasa yiyələndiyinə görə onun mirası qəbul etmə faktının müəyyən edilməsi, onların miras qalmış Quba şəhəri, H.Əliyev prospekti, ev 207 a saylı və həmin evin yerləşdiyi 0,05 ha həyətyanı torpaq sahəsi əmlakını faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnmələrinə görə onların mirası qəbul etmə faktının müəyyən edilməsi, həmin miras qalmış Quba şəhəri, H.Əliyev prospekti 207a saylı evə mülkiyyət hüquqlarının tanınması, həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsinin yarısı üzərində onların miras paylarının bölünməsi barədə iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Quba şəhəri, H.Əliyev prospekti 207 saylı evdən istifadə qaydalarını müəyyən edərək onu yaşadığı Quba şəhəri, H.Əliyev prospekti 207 saylı mənzilin 18.9 kv.metr olan otaqdan, həmin otağın qarşısında olan 32,2 kv.metr karidordan və karidorun qarşısındakı məişət üçün istifadə olunan digər tikililərdən istifadə etmə qaydasında müəyyən etməklə qanunsuz istifadə etdiyi 16,2 kv.metr və 26,6 kv.metr otaqların ona qaytarılmaqla həmin otaqlar üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçılar Cavabdeh1, X12 və X2 Quba şəhəri, H.Əliyev prospekti 207 saylı evdən istifadə hüquqlarını itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilməsi barədə tələbi təmin olunmamışdır. -xx.xx.2025-ci il tarixli TƏBİB hüquqi şəxsin Abşeron rayon X15 hüquqi şəxsinin verdiyi arayışa əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada hemodializ müalicə seansları qəbul edir. -Quba rayon Statistika İdarəsinin Quba Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli, cavab məktubundan görünür ki, Quba şəhərində normal şəraiti olan bir otaqlı yaşayış evinin aylıq kirayə haqqının məbləği 220 manatdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.1.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Qüvvədən düşmüş 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəsi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. İş materialları araşdırılarkən məhkəməyə məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Digər cavabdehin Cavabdeh3 adı qətnamədə çəkilməsədə məhkəmə iclasında və sənədlərin tədqiqi əsasında aydın olmuşdur ki, sonuncu 1987-ci il tarixdə mübahisəli mənzildə doğulmuşdur. Köhnə Mənzil Məcəlləsinin və yuxarıda adıçəkilən qərarlara əsasən onun qanundan irəli gələn istifadə hüququ olmuşdur. Lakin şəxs tərəfindən 2009cu ilin sentyabr ayında ailə qurması və Bakıya köçməsi ilə onun mənzil ehtiyacı ortadan qalxmış, bununlada qanuna əsasən istifadə hüququna xitam verilmişdir. Həmçinin onun övladlarınında uzun müddətdir ki, Bakıda yaşayıb təhsil almalarıda bu halı bir daha təsdiq edir. Digər cavadeh Cavabdeh2 2019-cu ildən Bakıya köçdüyünü bildirmiş, həmçinin uşaqları Bakıda təhsil aldığını qeyd etmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh2 daimi əsaslarla Bakı şəhərində əmək müqaviləsi əsasında işləyir. Göründüyü kimi bu hallar və yuxarıda adıçəkilən qanunvericiliyin tələbinə əsasən istifadə hüququna xitam verilməsi üçün əsas yaranmışdır. Digər Cavabdeh1 hemodializ xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə alır. Uzun müddətdir yaşamamağı xəstəliyi ilə əlaqədar olduğundan mənzil ehtiyacını aradan qaldırmır. Həmin sahədə kirayəçilərin qalması ilə bağlı iddiaçı hər hansı sübüt təqdim edə bilməmiş, lakin cavabdeh mənzil sahəsindən qohumunun istifadə etdiyini də inkar etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Quba şəhəri, Heydər Əliyev prospekti 207A saylı fərdi yaşayış evi İddiaçı (torpaq sahəsi ümumibirgə) xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehə 7.000 (yeddi min) manat məbləğində kompensasiya verməklə cavabdehlərin xüsusi mülkiyyətində olan evinə olan istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını tələb edir. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının kompensasiya təklifi işin faktiki halları və mövcud reallıq nəzərə alınmaqla ağlabatan və ədalətli hesab edilə bilər. Beləliklə Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlər Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən mülkiyyətindən istifadə hüququ olan cavabdehə 7.000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə o həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Nəticə: Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar