Məhkəmə qərarları › İş №2(027)-375/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-375/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-375/2023 06.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı“ paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “birgə mülkiyyətdə olan payın müəyyən edilməsi və payın naturada ayrılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayonu Mirzəqışlaq kəndində yerləşən JN - 0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən o, İddiaçı düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar islahat komissiyasının 10 iyun 1997-ci il tarixli 06 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.05 hektar kənd təsərrüfatı üçün nəzərdə tutulan JN:0003 KOD:30319038 pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində meyvə ağacları mövcud olmuşdur. Lakin torpağından valideyinləri istifadə edərək ağacları kəsiblər, bu günədək verilən pay torpaqdan istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə onun раyı torpağını istəsə də, hər dəfə cavabdehlər ona maneə yaradaraq pay torpağından istifadə etməyə imkan verməmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, torpaq sahəsinin naturada ayrılıb iddiaçıya verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN:0003 Kod 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı Quba rayonu Mirzəqışlaq kəndi ərazisində 2,05 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3952 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, JN:0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 2.05 ha torpaq sahəsindən Dövlət Aktında adları qeyd olunmuş hər bir mülkiyyətçiyə ayrı-ayrılıqda 0.41 ha olmaqla naturada bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, JN:0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı Quba rayonu Mirzəqışlaq kəndi ərazisində 2,05 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3952 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, JN:0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 2.05 ha torpaq sahəsindən Dövlət Aktında adları qeyd olunmuş hər bir mülkiyyətçiyə ayrı-ayrılıqda 0.41 ha olmaqla naturada bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Quba rayonu, Mirzəqışlaq ərazisində yerləşən 2.05 ha torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia təmin edilməli və İddiaçı Quba rayonu, Mirzəqışlaq ərazisində yerləşən 2.05 ha torpaq sahəsində payı müəyyən edilməlidir. Həmçinin, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaçının iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1- və 220.2-ci maddələrinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Məhkəmə qeyd edilən normaların tələbini rəhbər tutaraq hesab edir ki, JN:0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu Mirzəqışlaq ərazisində yerləşən 2.05 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.41 ha hissə naturada ayrılmalıdır. Torpaq sahəsinin bölünməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əlavə edilmiş sxem əsasında naturada ayrılmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN:0003 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu Mirzəqışlaq ərazisində yerləşən 2.05 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.41 ha hissəsi naturada ayrılsın. Torpaq sahəsinin bölünməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əlavə edilmiş sxem əsasında naturada ayrılsın. Ekspertiza xərci olan 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar