Məhkəmə qərarları › İş №2(027)-53/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-53/2025

06.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-53/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və tikilinin sölükməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: iddiaçılar İddiaçı1, İddiaçı4, X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və tikilinin sölükməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və tikilinin sökülməsinə dair iddia Cavabdeh2 MMC-nin mülkiyyətinə dair qeydiyyatın etibarsızlığından sonra qaldırıla bildiyindən, hazırda iddianın tikilinin sökülməsinə dair hissədə baxılmasını tələb etmir. İş üzrə cavabdehlər məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmənin sorğusu əsasında Cavabdeh2 MMC-nin mülkiyyətinin qeydiyyatı üzrə əsas olan hər hansı müqavilə olmadığı müəyyən olunmuşdur. Hazırki mübahisə predmeti isə verilmiş çıxarışın ləğv edilməsi barədədir. Plenum Qərarında da qeyd edildiyi kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqd- alqı-satqı müqaviləsi əsasında aparıldığı halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş müqavilə və çıxarışlar mübahisələndirilməklə həyata keçirilməlidir. Belə işlərə isə mülki məhkəmə icraatı qaydasında baxılır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi üzrə hissədə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan tələb mülki icaaat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-i və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı aktın etibarsız hesab edilməsinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qeyd edilən hissədə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində mülki məhkəmə icraatı qaydasında məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia tikilinin sökülməsinə dair hissədə baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, tikilinin sökülməsinə dair hissədə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar