Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-470/2024 25.11.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Brookwood_furniture online satış şirkəti tərəfindən itirdikləri düzbucaqlı və qüsurlarını aradan qaldırmadıqları dairəvi masaların dəyəri olan 1950 manat pulun (950 manat + 1000 manat), öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün 750 manat dəymiş ziyanın və 300 manat mənəvi ziyanın, həmçinin 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, düzbucaqlı masaya görə qalıq borc 100 manat, dairəvi masaya görə 1000 manat, öhdəliyə görə 750 manat, mənəvi zərərə görə 300 manat və 50 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixində brookwood_furniture online satış şirkəti yeni sifariş verdiyi qiyməti 1000 manat olan dairəvi masanı gətirərkən, əvvəllər onlardan aldığı 2,20 m * 0,90 m ölçülərində fıstıq ağacından hazırlanmış 950 manat dəyərində olan düzbucaqlı masanı evdə yer olmadığı üçün anbarda saxlamağın mümkün olduğunu bildirmişdir. 2024-cü ilin mart ayında masanı geri vermələrini xahiş edərkən şirkət üzvü xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh (+**********61) sexin ünvanının dəyişdiyini (yəni Keşlə qəsəbəsinə köçdüklərini), məsələnin yubanacağını bildirmiş, yenidən xx.xx.2024-cü il tarixində masanı tələb etdikdə əməkdaş işdən ayrıldığını bildirərək onu başqa əməkdaşa (+**********27) yönləndirmişdir. Qeyd olunan nömrələr zənglərə cavab vermir, yalnız “whatsapp call” ilə yığanda telefonu açırlar. Dəfələrlə masanı vermələrini tələb etsə də, bir cavab verilmədi. xx.xx.2024-cü il tarixində masanın tapılmadığını bildirərək onlar üçün yenisini hazırlayacaqlarını və buna 30 gün lazım olduğunu bildirdilər. Başqa bir müştəri qismində instagram hesablarına yazdıqda hazırda sifariş götürdüklərinin mümkün olduğunu və cəmi 15 günə işi bitirə biləcəklərini bildirmiş, Keşlədəki dəqiq ünvanın göndərilməsini istədikdə isə həmin gün ərzində sexdə olmuyacaqlarını, sifariş götürülən ünvanlarda quraşdırma işlərində olacaqlarını bildirmişlər. Halbuki onlarla danışanda molyarlarının olmadığını, 20 günə molyar tapacaqlarını, daha sonra 10 günə yeni masa hazırlayıb verəcəklərini bildirmişdilər. Göründüyü kimi molyarın olmadığı bəhanəsi öz təsdiqini tapmır, şirkət müştərilərdən sifariş götürüb, malları hazırlayıb təhvil verir. Onu isə yola verməklə zaman qazanırlar. Həmçinin yeni aldığı dairəvi masada tam qurumayan taxta hissələrindən istifadə edildiyi üçün 1 ay sonra ayrılmalar müşahidə edilmiş, məsələ istehsalçıya bildirilsə də, hələ də bir tədbir görülməmişdir. Dairəvi masadakı qüsurların gələcəkdə düzbucaqlı masada da təkrarlanacağı ehtimalını nəzərə alaraq, ona yeni düzbucaqlı masa hazırlayıb vermələri sərf etmədiyindən, həmin masaya çəkdiyi xərcin geri qaytarılması, eləcə də dairəvi masadakı qüsurların gəlib yerində aradan qaldırılması üçün Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdi. Dövlət Xidməti əməkdaşı şirkətlə əlaqə saxladıqda, ona düzbucaqlı masanın yenidən hazırlanaraq ona təqdim edəcəyi bildirilmiş, daha sonra xx.xx.2024-cü il tarixində whatsapp üzərindən onunla əlaqə saxlayaraq pulun geri qaytarılmayacağını, yenisinin hazırlanaraq 7-8 gün müddətində təhvil veriləcəyini, dairəvi masadakı qüsuru da düzbucaqlı masanı gətirəndə ustaların yerində baxıb həll edəcəyini qeyd etmişdir. Verilən müddətin üzərindən 2 aya yaxın zaman keçib, lakin şirkət tərəfindən hər hansı əməli addım atılmayıb. Düzbucaqlı və dairəvi masalarının hazırki bazar dəyəri müvafiq olaraq 1400 və 1300 manatdır. Ona görə də eyni masaları almaq üçün ümumilikdə 750 manat ziyana düşür. İşin məhkəmədə baxılması müddəti ərzində ona cavabdeh tərəfindən iki dəfə - öncə 350 manat və dünən (xx.xx.2024-cü il tarixdə) ödəniş edilmişdir. O, ümumilikdə ödənilmiş 850 manatı düzbucaqlı masanın dəyərinə hesablayır. Həmin masaya görə qalıq borcu 100 manat hesab edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı məhkəməyə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank hesabına edilmiş ödənişlərin fotosurətlərindən və iddiaçının düzbucaqlı masaya dair etirafından görünür ki, məhkəmə gedişatında ona həmin masanın dəyərindən cavabdeh tərəfindən 350 manat (xx.xx.2024-cü il tarixdə) və 500 manat (xx.xx.2024-cü il tarixdə), cəmi birlikdə 850 manat ödəniş edilmişdir. İş materiallarında olan sms yazışmalardan görünür ki, tərəflər arasında düzbucaqlı və dairəvi masaların sifarişi olmuşdur. İş materiallarında olan fotoşəkillərdən dairəvi masanın qüsurlu olması aydın görünür. İş materiallarında olan brookwood_furniture online satış şirkətinin sms reklam çıxarışlarından görünür ki, hazırda şirkətin düzbucaqlı və dairəvi masalara qoyduğu qiymətlər müvafiq olaraq 1400 manat və 1300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Müllki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edililməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Müllki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Müllki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Müllki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Müllki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi (xx.xx.2023-cü il tarixində sifariş etdiyi masaların bugünədək çatdırılmaması, keyfiyyətində qüsururnun olması, dəfələrlə onlarla əlaqələr saxlaması, danışıqlar aparması, məhkəməyə müraciət etməsi, dəfələrlə işdən icazə alması, buna görə öz hesabına icazənin verilməsi və s.) məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyindən tərəfindən cavabdehdən 300 manat mənəvi zərər tələb etməsi düzgündür. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Eyniz amanda məhkəmə hesab edir ki, Brookwood_furniture online satış şirkəti tərəfindən düzbucaqlı və dairəvi masaların hazırki bazar dəyərinin müvafiq olaraq 1400 manat və 1300 manat təyin edilməsini nəzərə alaraq, iddiaçının öhdəliyi lazımınca yerinə yetirməməyə görə 750 manat tələb etməsi əsaslıdır. Belə ki, 2023-cü ildə dəyəri 950 manat olan düzbucaqlı masanın hazırki qiyməti 1400 manat, 2023-cü ildə dəyəri 1000 manat olan dəyirmi masanın hazırki qiyməti 1300 manat olduğundan, nəticə etibarı ilə iddiaçı hazırki dövrdə düzbucaqlı masa alması üçün əlavə olaraq 450 manat və dairəvi masa alması üçün əlavə olaraq 300 manat, cəmi 750 manat artıq ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia tələbi təmin edilsin. Cavabdeh düzbucaqlı masaya görə qalıq borc 100 manat, dairəvi masaya görə 1000 manat, öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün 750 manat, mənəvi zərərə görə 300 manat və 50 manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Qubadlı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-470/2024
Qubadlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(028)-470/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver