Məhkəmə qərarları › İş №2(029)-102/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-102/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-102/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onların mülkiyyətlərində olan cəmi 2.93 hektar torpaq sahəsini qanunsuz şumlayıb taxıl əkmələri ilə əlaqədar onlara vurduqları 1800 (bir min səkkiz yüz) manat maddi zərərin, 100 (bir yüz) manat nəqliyyat xərclərinin, 500 (beş yüz) manat miqdarında mənəvi zərərin, torpağa mülkiyyət hüququna dair 3 (üç) ədəd Dövlət Aktlarının notarial qaydasında təsdiqlənməsi üçün ödənilmiş 15 (on beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi olaraq 2446 (iki min dörd yüz qırx altı) manat pulun alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X14 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Gündüzqala kəndi ərazisində iddiaçıların ailə üzvlərinin mülkiyyətlərində kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqları müvafiq olaraq JN-1xx xxx 30107038, JN-1xx xxx 30107038, JN-1xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə təsdiq olunur. Həmin torpaq sahələrini iddiaçılar 20-30 ildir ki, İddiaçı1 qaynatası, İddiaçı2 və İddiaçı3 ataları Nümayəndə istifadəsinə vermişlər və həmin torpaq sahələrinə iddiaçılar nəzarət edirlər. Həmin Dövlət Aktlarının Gündüzqala kəndi ərazisində yerləşən suvarılan torpaqlara aid mülkiyyətlərində, JN-1xx xxx 30107038 saylı Dövlət Aktı üzrə 1.35 hektar, JN-1xx xxx 30107038 saylı Dövlət Aktı üzrə 0.87 hektar və JN-1xx xxx 30107038 saylı Dövlət Aktı üzrə 0.71 hektar torpaq sahələrində, cəmi 2.93 hektar torpaq sahəsində, Nümayəndə hər il taxıl məhsulları əkir. Bu il isə Nümayəndə həmin torpaq sahələrində taxıl əkməyib mal-qara üçün ot tədarük etməyi planlaşdırmışdır. Nümayəndə 2020-ci ilin fevral ayına 2.93 hektar torpaq sahəsini suvarmaq məqsədi ilə getdiyi zaman həmin torpaq sahəsinin naməlum şəxslər tərəfindən şumlanmış və orada taxıl əkilmiş vəziyyətdə görmüşdür. Nümayəndə həmin şəxslərin müəyyənləşdirilməsi və barələrində müvafiq tədbir görülərək dəymiş zərərin ödənilməsi məqsədi ilə Qusar rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qusar rayon Polis şöbəsində həmin şikayət əvvəlcə tədqiqatçı Romik Qazıxanov, sonra isə baş müstəntiq Etibar Cəbrayılov tərəfindən araşdırılmışdır. Qusar rayon PŞ-da həmin şikayət araşdırılarkən tədqiqatçı Romik Qazıxanov həmin torpaq sahəsinə gəlib baxış keçirmiş, həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt edilərək naməlum şəxslər tərəfindən taxıl əkildiyi müəyyən olunmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçılara məxsus həmin torpaq sahəsini cavabdeh Babayev Mömün Abdulqədir oğlu qanunsuz olaraq digər Cavabdeh2 icarəsinə vermiş, Cavabdeh2 da həmin torpaq sahəsini şumladıb orada taxıl əkdirmişdir. Qusar rayon polis şöbəsinin baş müstəntiqi Etibar Cəbrayılovun xx xxx 2020-ci il tarixli qərarına əsasən Nümayəndə şikayəti üzrə cavabdeh Babayev Mömün Abdulqədir oğlu və Cavabdeh2 barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan məlum olur ki, Cavabdeh1 həmin torpaq sahəsi ilə yanaşı yerləşən ərazidən digər şəxslərdən 40 hektar torpaq sahəsini icarəyə götürmüş, həmin torpaq sahəsini digər Cavabdeh2 icarəyə verərkən guya iddiaçılara məxsus 2.93 hektar torpağı da səhvən icarəyə vermiş, Cavabdeh2 da səhvən iddiaçılara məxsus 2.93 hekta torpaq sahəsini şumladıb taxıl səpdirmişdir. Həmin qərardan belə çıxır ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsus torpaq sahəsini qanunsuz qəsdən zəbt etməmişlər, guya cavabdehlər səhvən həmin sahədə taxıl əkmişlər və cavabdehlərin əməllərində cinayət tərkibi yoxdur. İddiaçılar Qusar rayon Polis şöbəsinin baş müstəntiqi Etibar Cəbrayılovun xx xxx 2020-ci il tarixli qərarı ilə razı deyillər. Cavabdeh1 həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bilə-bilə Cavabdeh2 icarəyə vermiş, Cavabdeh1 də həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bilə-bilə orada taxıl əkmişlər. Cavabdehlərin əllərində taxıl əkdikləri 40-45 hektar torpağa aid heç bir icarə müqavilələri yoxdur. Lakin bununla belə iddiaçılara məxsus 2.93 hektar torpaq sahəsini qəsdən və ya səhvən şumlayıb taxıl səpməklə Cavabdeh1 və Cavabdeh2 iddiaçılara xeyli miqdarda maddi zərər vurmuşlar və cavabdehlər vurduqları həmin zərərin əvəzini iddiaçılara geri qaytarmalıdırlar. Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən suvarılan torpaqların hər bir hektarından orta hesabla 200-250 ədəd ot bağlaması əldə etmək olur. Bu hesabla iddiaçılara məxsus 2.93 hektar torpaq sahəsindən bu il 600-700 ədəd ot bağlaması (tayı) əldə ediləcək idi. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirləri üzündən iddiaçılar həmin məhsulu əldə etmək imkanından məhrum olmuşlar. Hal-hazırda 1 ədəd ot bağlamasının qiyməti 3-4 manat civarındadır. Buna uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara 600 x 3 = 1800 (bir min səkkiz yüz) manat maddi zərər vurmuşlar. Həmin maddi zərərin əvəzi cavabdehlərdən alınıb iddiaçılara qaytarılmalıdır. Bundan əlavə Qusar rayon Polis şöbəsinə yazdığı şikayət ilə əlaqədar Nümayəndə 9-10 dəfə Qusar şəhərinə gəlib-getmiş, polis əməkdaşlarını torpaq sahəsinə aparmışdır. Bununla əlaqədar təxminən 100 (bir yüz) manat nəqliyyat xərcləri çıxmışdır ki, həmin zərər də cavabdehlərdən alınıb iddiaçılara qaytarılmalıdır. Nümayəndə hal-hazırda 86 yaşı olmaqla, yüksək qan təzyiqi vardır, bir neçə xəstəliklərdən əziyyət çəkir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsus 2.93 hektar torpaq sahəsini qanunsuz olaraq şumlayıb taxıl əkmələri nəticəsində həm iddiaçılar, həm də Nümayəndə bu ahıl yaşında dərin stres keçirmiş, mənəvi əzab çəkmiş, sağlamlıq vəziyyəti daha da pisləşmişdir. Bununla da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara 500 (beş yüz) manat miqdarında mənəvi zərər vurmuşlar və həmin zərərin əvəzi də cavabdehlərdən alınıb iddiaçılara qaytarılmalıdır. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bu iddianı hazırlamaqla əlaqədar iddiaçılara məxsus 3 (üç) ədəd Dövlət Aktının notarial qaydada təsdiq olunması üçün 15 (on beş) manat, iddia ərizəsinin verilməsi üçün 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir ki, həmin pul da cavabdehlərdən alınıb iddiaçılara qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını mhəkəmədən xahiş edir. İddiaçı1 məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir. İşə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X10 izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-1xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X9 xx xxxxxxx 1997-ci il tarixli 15/1 nömrəli qərarında əsasən İddiaçı1, X6və X2 mülkiyyətlərinə 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X9 xx xxxxxxx 1997-ci il tarixli 15/1 nömrəli qərarı ilə İddiaçı2 Seyidrza qızının və X1 mülkiyyətlərinə 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X9 xx xxxxxxx 1997-ci il tarixli 15/1 nömrəli qərarı ilə X3, X4, X12, X7 və X5 mülkiyyətlərinə 3.05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qusar Dövlət X21 tərəfindən vəkil Tofiq Əliyarova ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 16 nömrəli cavab məktubundan görünür ki, 2.93 hektar suvarılan biçənək sahəsindən orta hesabla 260-290 ədəd ot bağlaması əldə etmək mümkündür. Orta hesabla bir ot bağlamasının bazar qiyməti 3.80 manat təşkil edir. İşdə olan 45660 nömrəli qəbzdən görünür ki, Nümayəndə Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı ödəmişdir. İşdə olan Qusar RPŞ-nin xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(029)-102/2021 saylı sorğusuna cavab olaraq Qusar rayon Polis Şöbəsi tərəfindən göndərilmiş Nümayəndə müraciəti əsasında toplanmış cinayət işi başlanmasının rədd edilməsinə dair HK-1/213 nömrəli materialda olan Cavabdeh2 izahatından görünür ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun İmamqulukənd kəndində yaşayır. O, son 4-5 ildir ki, kənd təsərrüfatı ilə məşğul olur və vətəndaşlardan torpaq sahələri icarəyə götürüb taxıl əkib-becərir. 2019-cu ilin noyabr ayında o, Qusar rayonunun Gündüzqala kənd sakini Mömin adlı tanışı ilə birlikdə taxıl əkməyi qərara almışlar. Bunun üçün onda tum taxılı olmuş və onlar Möminə məxsus torpaq sahələrində əkib becərmələri barədə razılaşmışlar. Mömin ona Qusar rayonunun Gündüzqala kəndində 40 hektar torpaq sahəsinin olduğunu və oranı əkib becərəcəklərini demişdir. 2019-cu ilin noyabr ayında o, özündə olan taxılı Qusar rayonunun İmamqulukənd kənd sakini Yulid adlı traktor sürücüsünə Möminin göstərdiyi torpaq sahələrinə əkməsi üçün vermişdir. O, Yulidə 5-6 ton taxıl vermiş və sonra Mömin həmin torpaq sahələrini Yulidə göstərmiş və Yulid səhv başa düşərək 600 kq taxılı sözügedən torpaq sahəsinin yanındakı Nümayəndə ailəsinə məxsus torpaq sahəsinə səpmişdir. Bundan 5 ay sonra Yulidin həmin taxılı səhvən Nümayəndə ailəsinə məxsus torpaq sahəsinə əkdiklərini bilmişlər. Həmin HK-1/213 nömrəli materialda olan Cavabdeh1 izahatından görünür ki, o, Qusar rayonunun Gündüzqala kəndində ailəsi ilə birlikdə yaşayır. O, son 20 ildir ki, kənd təsərrüfatı ilə məşğul olur və torpaq sahələrini vətəndaşlardan icarəyə götürüb taxıl əkibbecərir. 2020-ci ilin yanvar ayında o, tanışı Qusar rayonunun İmamqulukənd kənd sakini Cavabdeh2la birlikdə şərikinə Qusar rayonunun Gündüzqala kəndində taxıl əkməyə razılığa gəlmişlər. Onlar belə bir razılığa gəlmişlər ki, Cavabdeh2 taxıl, şum və səpin işləri ilə, o isə özündə icarədə olan torpaqlarda həmin taxılı əkin-biçin edəcək. 2020-ci ilin yanvar ayının sonlarında o, Yulid adlı traktor sürücüsünü həmin torpaq sahələrinə aparıb şum və səpin yerlərini göstərmiş və özü çıxıb getmiş və bir daha oralara getməmişdir. xx xxx 2020-ci il tarixdə Cavabdeh2 ona zəng edərək bildirmişdir ki, Nümayəndə özünün torpaq sahəsinin əkilməsi barədə şikayət etmişdir. O isə Cavabdeh2 belə bir şeyin mümkün ola bilməyəcəyini demiş və yerində həmin torpaq sahəsinə baxdıqdan sonra həqiqətən də traktor sürücüsü Yulidin səhvən Nümayəndə torpaq sahəsinə taxıl səpib oranı əkib becərdiyini görmüşdür. O, Yulidə özü istifadə etdiyi torpaq sahələrinə tum atmağa göstəriş vermiş, lakin sonuncu onu səhv başa düşərək digər torpaq sahələri ilə birlikdə Nümayəndə sahəsinə də tum atmışdır. Həmin HK-1/213 nömrəli materialda olan X8 izahatından görünür ki, o, Qusar rayonunun İmamqulukənd kəndində ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin noyabr ayında həmkəndlisi Cavabdeh2 ona pul qarşılığında şəriki Mömün Babayeva məxsus təxminən 40 hektar torpaq sahəsini ona məxsus “Belarus” markalı traktoru ilə şumlamağı təklif etmişdir. O, buna razı olmuş və 2020-ci ilin noyabr ayında həmin ərəfələrdə Cavabdeh1lə görüşmüş və Mömin ona şumlamalı olduğu Qusar rayonunun Gündüzqala kəndində yerləşən torpaq sahələrini göstərmiş və o, oranı həmin ayda şumlamış, 2020-ci ilin yanvar ayında isə həmin torpaq sahələrinə taxıl tumu atmışdır. Bundan sonra xx xxx 2020-ci il tarixdə Cavabdeh1 ona zəng eləmiş və onlar görüşmüşlər. O, Möminlə tum atdığı torpaq sahələrinə baxmışdır. Orada məlum olmuşdur ki, o, Cavabdeh1 səhv başa düşmüş və başqa şəxsin, yəni Nümayəndə məxsus 3 hektar torpaq sahəsinə səhvən 600 kq taxıl tumu atmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, JN-1xx xxx 30107038, JN-1xx xxx 30107038, JN-1xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus cəmi 2.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən taxıl tumu əkilmişdir. Məhkəmə Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qusar Dövlət X21 tərəfindən verilmiş rəyə əsasən, belə qənaətə gəlir ki, 2.93 hektar torpaq sahəsindən orta hesabla il ərzində 280 ot tayası əldə edilə bilərdi. Bununla da, 1 ot tayasının qiyməti 3.80 manat olduğundan, ziyan 1064 (bir min altmış dörd) manat hesablanmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının notarial qaydada təsdiq edilməsi ilə əlaqədar 15 (on beş) manat, Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 onlara dəymiş mənəvi zərərə və 100 (bir yüz) manat nəqliyyat xərcinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064 (bir min altmış dörd) manat maddi zərər, 3 (üç) ədəd Dövlət Aktının notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, cəmi 1100 (bir min yüz) manat tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064 (bir min altmış dörd) manat maddi zərər, 3 (üç) ədəd Dövlət Aktının notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, cəmi 1100 (bir min yüz) manat tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar