Məhkəmə qərarları › İş №2(029)-103/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-103/2024

10.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-103/2024 10.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hacəhməd qızına və Cavabdeh2 Hacəhməd oğluna qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Hacəhməd qızına və Cavabdeh2 Hacəhməd oğluna qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsi və torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, Cavabdeh1, Cavabdeh2 və ona, yəni İddiaçı birgə mülkiyyət hüququ əsasında məxsus, Qusar rayonunun Ləgər Qışlaq kəndində yerləşən 2,29 ha torpaq sahəsindən hər birinin payının 1/4 hissədə, yəni 0,5725 ha müəyyənləşdirilməsinə, həmin torpaq sahəsindən onun payına düşən cəmi 0,5725 ha torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək iddianın həcmini azaldaraq 21 yanvar 1999cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, Cavabdeh1, Cavabdeh2 və ona, yəni İddiaçı birgə mülkiyyət hüququ əsasında məxsus, Qusar rayonunun Ləgər Qışlaq kəndində yerləşən 2,29 ha torpaq sahəsindən hər birinin payının 1/4 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun anası Qafarova (Süleymanova) Lalə Məmmədağa qızı iş üzrə cavabdeh, Qusar rayonu Ləgər Qışlaq kənd sakini olan atası Cavabdeh2 ilə rəsmi nikah bağlamaqla evlənmiş və yaşamağa onun evinə, Qusar rayonunun Ləgər Qışlaq kəndinə köçmüşdür. Onların birgə nikahlarından xx xxxx 1994-cü il tarixdə o, anadan olmuşdur. Qusar rayonunda torpaq islahatları keçirilərkən onun ailə üzvlərinə, ata tərəfdən nənəsi X6, iş üzrə cavabdehlər, atası Cavabdeh2, atasının bacısı, yəni onun bibisi Cavabdeh1 və ona Qusar rayonunun Ləyər Qışlaq kəndi ərazisindən 2,29 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı Dövlət Aktı ilə təsdiq edilir. X1 2000-ci ildə vəfat etmişdir. Sonradan anası Qafarova (Süleymanova) Lalə Məmmədağa qızı iş üzrə cavabdeh, atası X5 ayrılmış və onunla birlikdə Qusar rayonu Ləgər Qışlaq kəndindən Xaçmaz rayonunun Xudat şəhərinə köçmüşdür. Onların arasındakı nikah pozulmuş, nikahın pozulması Qusar rayon Qeydiyyat şöbəsində 10 sentyabr 2016-cı il tarixdə qeydə alınmışdır. O, X1nın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun birgə mülkiyyətlərində olan 2,29 ha torpaq sahəsindən məhkəmə qaydasında payların müəyyənləşdirilməsini tələb edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun və iddiaçının iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4, 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının vəkilinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 15 iyun 1998-ci il tarixli 11/2 nömrəli qərarı ilə Qusar rayonu Ləgər qışlaq kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, Cavabdeh1, Cavabdeh2 və X4 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə mülkiyyət payının müəyyən edilməsi tələbi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, Cavabdeh1, Cavabdeh2 və X4 ümumi birgə mülkiyyətlərində olan, Qusar rayonu Ləgər qışlaq kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyətçilər arasında başqa cür razılaşma mövcud olmadığından, o cümlədən payların digər şəkildə təyin edilməsinə əsas verən hallar müəyyən olunmadığından həmin torpaq sahəsinə dair mülkiyyətçilərin payları bərabər sayılmaqla İddiaçı mülkiyyət payı ¼ hissə müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin paylarının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, İddiaçı yuxarıda qeyd olunan dövlət aktında göstərilən torpaq sahəsinin digər mükiyyətçilərinin mülkiyyət paylarının müəyyən edilməsini tələb etmək hüququ (subyektiv hüququ) yoxdur. Çünki, mülkiyyət payının müəyyən edilməsi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla məhz mülkiyyətçi şəxsə məxsusdur və belə bir tələblə mülkiyyətçi özü şəxsən və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi iddia qaldırmalıdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin həcmini azaldaraq payın naturada ayrılmasını tələb etmədiyindən bu barədə qətnamə çıxarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, Cavabdeh1, Cavabdeh2 və İddiaçı birgə mülkiyyətində olan, Qusar rayonu Ləgər Qışlaq kəndində yerləşən 2,29 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət payı 1/4 hissə müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar