Məhkəmə qərarları › İş №2(029)-214/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-214/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-214/2022 20.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və Vəlibəgov X4 Aşur Telman oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 (min) manat maddi və mənəvi zərərin alınıb İddiaçı1, 1000 (min) manat maddi və mənəvi zərərin alınıb İddiaçı2, 650 (altı yüz əlli) manat maddi və mənəvi zərərin alınıb İddiaçı3- üç nəfər iddiaçıya cəmi olaraq vurulmuş 2650 (iki min altı yüz əlli) manat maddi və mənəvi zərərin qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qusar rayonu Samur qəsəbəsində yaşamaqla istifadələrində olan “Belarus” markalı traktorlarla ayrı-ayrı vətəndaşların torpaq sahələrində əkin-biçin işlərini görməklə dolanırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin traktorları lizinq-kreditlə almışlar və dövlətə külli miqdarda borcları qalmışdır. İddiaçı3 isə başqasına məxsus traktoru etibarnamə ilə idarə edərək ailəsini dolandırır. Onlardan başqa Qusar rayonu Samur qəsəbəsindəki torpaqların əkinbiçin işlərində başqa traktorçular da işləyirlər. Cavabdeh da Qusar rayonu Samur qəsəbə sakini olmaqla ayrı-ayrı vətəndaşların torpaq sahələrini icarəyə götürməklə bir peşə kimi taxılçılıqla məşğul olur. Bu məqsədlə o, həmin torpaqlarda işlərin görülməsi üçün ərazidə işləyən traktorçuların əməyindən istifadə edir. 2021-ci ilin oktyabr ayında iddiaçılar İddiaçı1 və İddiaçı2 Samur qəsəbəsi ərazisində taxıl sahələrinin şumlanması işi ilə, İddiaçı3 isə taxıl sahələrinə toxum səpini işi ilə məşğul idi. Cavabdeh icarəsində olan torpaqlarda isə əslən Samur qəsəbə sakinləri olmayan başqa 2 nəfər traktorçu öz traktorları ilə işləyirdilər. 21 oktyabr 2021-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qusar rayon X19 Polis Bölməsinə çağırmışlar və onlar həmin gün işə çıxmayıb X20 getmişlər. X11ra bildirmişlər ki, gecə vaxtı, Samur qəsəbə ərazisində şosse yolunun qırağında saxlanılmış, Cavabdeh torpaqlarında işləyən 2 traktorun yağ və yanacaq şlanqları kəsilmiş, traktorlardakı yağ və yanacaq yerə axıdılmış, habelə traktorların generatorlarının naqilləri qırılaraq naməlum şəxslər tərəfindən həmin traktorlara zərər vurulmuşdur. Cavabdeh isə həmin hərəkətlərdə heç bir əsas olmadan iddiaçıları təqsirləndirərək onlardan Qusar rayon X19 Polis Bölməsinə şikayət etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, guya iddiaçılar rəqabət zəminində, yəni kənd təsərrüfatı işlərini öz traktorları ilə görmək üçün rəqib traktorları sıradan çıxarmışlar. Lakin, iddiaçılar həmin traktorlara zərər vurmamışlar və həmin traktorlara kimin tərəfindən zərər vurulduğunu da bilmirlər. Qusar rayon X19 Polis Bölməsinə iddiaçılar elə məzmunda da izahatlar vermişlər. Lakin, buna baxmayaraq həmin gün, yəni 21 oktyabr 2021-ci il tarixdə onları axşamadək Samur PB-da saxlayaraq dönə-dönə bu məsələ ətrafında dindirmişlər. Həmin vaxt oraya həmin traktor sahiblərini də, Cavabdeh da çağırmışlar. Cavabdeh əlində heç bir sübut olmadığı halda iddiaçıların üstünə böhtan atmaqda davam etmişdir. Lakin, Samur PB-nin əməkdaşları iddiaçıların həmin işdən xəbərsiz olduqlarına əmin olduqdan sonra, axşamçağı iddiaçıları Samur PBdən buraxmışlar. Bundan 5 gün sonra, 26 oktyabr 2021-ci il tarixdə iddiaçıları təzədən Qusar rayon Polis Şöbəsinə çağırmışlar və onlar həmin gün də işə çıxmayıb Qusar rayon Polis Şöbəsinə getmişlər. Qusar rayon Polis Şöbəsində yenə də onları cavabdehin etdiyi əsassız şikayətlə əlaqədar dindirmişlər və həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə onları axşamadək, İddiaçı3 isə 27 oktyabr 2021-ci il tarixdə də axşamadək Qusar rayon Polis Şöbəsində saxlayaraq dönə-dönə bu məsələ ətrafında dindirmişlər. Lakin, cavabdehin şikayətinin tam əsassız olduğuna Qusar rayon Polis Şöbəsinin əməkdaşları da əmin olduqdan sonra onları sərbəst buraxmışlar. Cavabdeh iddiaçılardan Qusar rayon X19 Polis Bölməsinə əsassız şikayət verməklə onları 2 (iki) gün işdən saxlamaqla onlara maddi ziyan vurmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 istifadələrində olan “Belorus” traktorları ilə hər gün 7 (yeddi) hektar torpaq sahəsini şumlayırlar. 1 hektar torpaq sahəsinin traktorla şumlanmasının qiyməti Qusar rayonu Samur qəsəbəsi ərazisində 50 (əlli) manat təşkil edir. Buna uyğun olaraq onlar mövsüm vaxtı hər gün 350 (üç yüz əlli) manat pul qazanırlar. 2 gündə isə bu 700 (yeddi yüz) manat təşkil edir. Buna uyğun olaraq Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 2 (iki) gün işdən saxlamaqla hərələrinə 700 (yeddi yüz) manat maddi zərər vurmuşdur. Həmi zərər cavabdehdən alınaraq onlara qaytarılmalıdır. İddiaçı3 istifadəsində olan “Belorus” traktoru ilə hər gün 7 (yeddi) hektar torpaq sahəsinə toxum səpir. 1 hektar torpaq sahəsinə traktorla toxum səpilməsinin qiyməti Qusar rayonu Samur qəsəbsi ərazisində 25 (iyirmi beş) manatdır. 2 gündə isə bu 350 (üç yüz əlli) manat təşkil edir. Buna uyğun olaraq Cavabdeh İddiaçı3 2 (iki) gün işdən saxlamaqla 350 (üç yüz əlli) manat maddi zərər vurmuşdur. Həmin zərər cavabdehdən alınaraq ona qaytarılmalıdır. Cavabdeh iddiaçılardan Qusar rayon X19 Polis Bölməsinə tam əsassız şikayət verməklə onları Qusar rayonu Samur qəsəbəsi sakinləri arasında hörmətdən salmış, onlara böhtan atmaqla onların ləyaqətlərini alçaltmış, onlara mənəvi əzab vermiş, bununla da onlara mənəvi zərər vurmuşdur. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hərəsinə 300 (üç yüz) manat mənəvi zərər vurmuşdur. Həmin zərər də cavabdehdən alınaraq iddiaçılara qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edir. O və digər iddiaçılar Qusar rayonu Samur qəsəbəsində yaşamaqla hər üçü istifadələrində olan traktorlarla əkin sahələrində işləyirlər. Cavabdeh da onların həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Cavabdeh özünə məxsus əkin sahəsində çalışan traktorların şlanqlarının kəsilməsində ondan və digər iddiaçılardan şübhələndiyindən onların barəsində polisə şikayət etmişdir. Lakin, o, həmin traktorların şlanqlarını kəsməmişdir və bunu kimin etdiyini də bilmir. Cavabdeh ona böhtan ataraq, 2 gün onun polis şöbəsində qalmasına, həmin iki günü işləməməsinə səbəb olmuşdur. Belə ki, o, iddia ərizəsində də qeyd edildiyi kimi əkin sahələrində həmin 2 günü işləməklə 700 (yeddi yüz) manat gəlir əldə edəcəkdir. Bununla da, cavabdeh ona böhtan atmaqla onu 700 manat gəlirindən məhrum etmişdir. Həmçinin, cavabdehin yaşadıqları kənddə sözügedən traktorların şlanqlarını onların kəsdiyini deməklə və onlardan polisə şikayət etməklə ona mənəvi ziyan vurmuşdur. Buna görə də, cavabdehdən 700 manat maddi və 300 manat mənəvi ziyan olmaqla, ümumilikdə 1000 manat pul alınıb ona verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edir. O da öz istifadəsində olan traktorla əkin sahələrində çalışır. Cavabdeh onun həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Cavabdehin əkin sahəsini şumlamaq üçün başqa bir kənddən gəlmiş traktorların şlanqlarının kəsilməsində cavabdeh ondan və digər iddiaçılardan şübhələnərək əsassız olaraq onlardan polisə şikayət etmişdir. Onlar həmin gün axşama kimi polis bölməsində qalmışlar. O, həmin traktorların şlanqlarını kimin kəsdiyini bilmir. Lakin, cavabdeh onlara böhtan ataraq onların 2 gün polis bölməsində qalmasına səbəb olmuş və bununlada həmin iki günü işləmədiyinə görə ona ziyan vurmuşdur. Belə ki, o, istifadəsində olan traktoru lizinq yolu ilə almış və bunun üçün hər ay 400 manat kredit ödəyir. Bundan əlavə, cavabdeh onlara böhtan atmaqla, yaşadıqları kənddə onları gözdən salmaqla onlara mənəvi ziyan vurmuşdur. Odur ki, iddia ərizəsində qeyd edildiyi kimi cavabdehdən 700 manat maddi və 300 manat mənəvi ziyan olmaqla, ümumilikdə 1000 manat pul alınıb ona verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Samur qəsəbəsində yaşayır və özünə məxsus traktorla əkin sahələrində çalışır. Cavabdeh onun həmkəndlisidir, onunla münasibətləri hər zaman yaxşı olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Lakin, cavabdeh onun əkin sahələrində çalışan traktorların şlanqlarının kəsilməsində ondan və digər iddiaçılardan şübhələndiyi üçün bu barədə polisə şikayət etmişdir. O, həmin traktorların şlanqlarının kim tərəfindən kəsildiyini bilmir. Bununla belə, cavabdeh onlara böhtan atdığı üçün 2 gün onları polis bölməsinə aparmışlar və axşama kimi orada qalmışlar. Cavabdeh ona ziyan vurmasa da, onu həmin 2 günü işləməklə əldə edəcəyi gəlirindən məhrum etmişdir, həmçinin bu hərəkəti ilə ona mənəvi ziyan vurmuşdur. Ona görə də, hesab edir ki, cavabdehdən 350 manat maddi və 300 manat mənəvi ziyan olmaqla, cəmi 650 manat pul alınıb ona verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçılar onun həmkəndliləridirlər, əvvəllər aralarında hər hansı bir anlaşılmazlıq olmamış, heç bir ədavət və düşmənçilikləri yoxdur. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Onun əkin sahələrində işləyən traktorların şlanqlarının kəsilməsində iddiaçılardan şübhələnməyinin əsasları olmuşdur. İddiaçılara böhtan atmaq kimi bir niyyəti olmamışdır. Belə ki, iddiaçılar öz istifadələrində olan traktorlarla əkin sahələrində çalışırlar və öz aralarında 1 hektarın şumlanması üçün 50 manatdan aşağı işləməmələri barədə razılaşmışlar. Buna görə də, o, başqa kənddən traktorlar gətirmiş və həmin traktor sürücüləri onun sahələrinin 1 hektarını 30 manatdan şumlamış, 20 manatdan isə toxum səpmişlər. Sonradan gecə vaxtı həmin traktorların şlanqları kəsilməklə, bütün yanacağı və yağı yerə tökülmüşdür. Bunu yalnız traktor sürücüləri edə bilərdi. Belə ki, traktorun şlanqı adi gözlə görünən yerdə deyil, şlanqın harada yerləşdiyini yalnız onu işlədən adam bilir. İddiaçılar traktor sürücüləri olduqlarından və həmin gün Samur qəsəbəsində iddiaçıları traktorların dayandığı yerin qarşısındakı “Ləzginka” adlanan kafedə yeyib-içərkən gördüyündən polis bölməsində onlardan şübhələndiyini bildirmişdir. Bundan başqa, o, həmin şəxslərin hər üçünə zəng edərək yeyib-içdikləri yerdən nə vaxt və nə ilə getdiklərini soruşmuş və onlar hər biri hansı maşınla və nə vaxt getmələrini fərqli şəkildə demişlər. Bu da, onda şübhələr yaratmışdır. Polisə o, şikayət etməmiş, onun sahəsində işləyən traktorların sürücüləri şikayət etmiş, o, Qusar RPŞ-də aparılan araşdırma zamanı izahat vermişdir. X17 iddiaçılar şlanqları kəsdiklərini əvvəlcə etiraf etməklə dəymiş ziyanı ödəyəcəklərini bildirmişlər, lakin sonradan etiraf etməmişlər və cinayət işinin başlanması rədd edilmişdir. Traktorlara 314 manat ziyan dəydiyi müəyyən olunsa da, sonradan iddiaçılar həmin ziyanı qarşılamadıqları üçün yenidən bu barədə polis şöbəsinə müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan A N 088234 saylı texniki pasportun surətindən görünür ki, 730998 nömrəli, MTZ-80l markalı, 1990-cı il buraxılışlı traktor X2 məxsusdur. İşdə olan 03 mart 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus olan 730998 nömrəli, MTZ-80l markalı, 1990-cı il buraxılışlı traktoru 20 il müddətinə İddiaçı3 idarəçiliyinə vermişdir. İşdə olan Qusar rayon İHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, 568 nömrəli arayışdan görünür ki, Qusar rayonu Samur qəsəbə ərazisində 2021-ci ilin payızlıq əkinləri üçün sahələrdə şumlama hər hektar hesabı ilə 40-45-50 manat, toxum səpini isə hər hektara görə 20-25 manata aparılmışdır. İşdə olan Qusar rayonu Hil kəndində yaşayan X7 Qusar rayon RPŞ-nə yazdığı 26.10.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, həmkəndlisi Zahid Səfərbəyov onu işləmək üçün Qusar rayonu Samur qəsəbəsinə çağırmışdır. 21.10.2021-ci il tarixdə o, sürücü kimi işlədiyi traktorla Samur qəsəbəsinə getmiş və ləzginka kafesinin qabağında saxlamışdır. 22.10.2021-ci il tarixdə səhər saat 07.00 radələrində Zahidlə birlikdə traktorlara baxan zaman traktorların borularının və elektrik naqillərinin kəsildiyini görmüşlər. Baş vermiş hadisə nəticəsində ona 280 manat maddi ziyan vurulmuşdur. Baş vermiş hadisəni araşdırılaraq qanuni tədbirlər görülməsini xahiş etmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən cinayət haqqında şifahi məlumatın qəbulu barədə 26.10.2021-ci il tarixli protokolun surətindən görünür ki, 21.10.2021-ci il tarixdə X1 rayonu SDK ərazisinə ona məxsus traktorla işləmək üçün getmişdir. Həmin tarixdə axşam saatlarında o, traktoru Ləzginka kafesinin qarşısında gecə duracağa qoymuşdur. 22.10.2021-ci il tarixdə səhər saat 07:30-da o, traktoru götürmək üçün gedən zaman traktorun dizel şlanqının və bir neçə naqilinin kəsildiyini görmüşdür. Nəticədə ona 150 (yüz əlli) manat maddi ziyan vurulmuşdur. Baş vermiş hadisəni araşdırılaraq qanuni tədbirlər görülməsini xahiş etmişdir. İşdə olan X6 Qusar RPŞ-nin Təhqiqat Bölməsinə verdiyi 26.10.2021-ci il tarixli izahatından görünür ki, o, Qusar rayonu Samur qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, Samur qəsəbəsində 25 hektar torpaq sahəsini əkib becərir. Həmin torpaq ahəsini şumlamaq üçün əsgər yoldaşı Zahidə zəng edərək yerini şumlamaq üçün çağırmışdır. Zahid təxminən 10 gün əvvəl gəlmiş və onun yerini şumlayaraq bitirmiş, bundan sonra həmin yerə taxıl səpmək üçün həmkəndlisi Orxan Gilavarovu çağırmışdır. 21.10.2021-ci il tarixdə Orxan da traktoru ilə Samura gəlmiş və Zahidlə birgə traktorlarını Ləzqinka kafesinin qarşısında saxlamışlar. Sonra onlar üçü Ləzqinka kafesinin yaxınlığında olan kafelərin birində pivə içmişlər, bu zaman həmkəndliləri və traktor sürücüləri olan Elmar, Maksim və Raik də orada olmuşlar, həmin kafedə araq içirmişlər. Onlar həmin kafedə içdikdən sonra oradan çıxmışlar və o, evə getmiş, Zahidlə Orxan isə Ləzqinka kafesinə getmişlər. O, Zahidə yatmalarını demiş və səhər işə gəlmələrini bildirmişdir. 22.10.2021-ci il tarixdə o, səhər saat 07 radələrində Zahidə zəng edərək oyanmalarını və işə gəlmələrini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Zahid ona zəng edərək onların hər ikisinin traktorlarının şlanqlarının kəsildiyini bildirmişlər. O, dərhal onların yanına getmişdir. O, bunu kimin etdiyini araşdırmağa başlamış və Rahib adlı şəxs Raikin Zahidgilin traktorlarının yanından qaçaraq onun maşınına mindiyini bildirmişdir. O, həmin traktor sürücülərinə zəng eləmişdir və onlarla həmin vaxt harada olmaları barədə danışmışdır. Raik ona həmin vaxt pivə içdiyini və hava soyuq olduğu üçün Maksim və Elmarla birgə qaçaraq ona məxsus olan və ləzqinka kafesinin qarşısında saxladığı avtomobilinə əyləşdiklərini demişdir. Maksimə zəng etdikdə isə, ona Raikin maşınını qovaq ağacının altında saxladığını və maşında yatdığını bildirmişdir. Elmardan da zəng edərək soruşmuş və ona avtomobilə Limon dükanının qarşısında mindiyini bildirmişdir. Həmçinin, Raik ona sərxoş vəziyyətdə Qafqaz kafesinin altında yerləşən dükandan pivə aldıqlarını bildirmişdir. O, onların ona dediklərinin tam fərqli olduğundan şübhələnmişdir və həmin şəxslərə onları polisə verəcəyini demiş və onlar ona dəymiş zərəri ödəyəcəklərini bildirmişlər. Lakin, sonradan onlara dəymiş ziyanı ödəmələri üçün zəng edən zaman ona pulu verməyəcəklərini, onun onları polisə verəcəyini dediyi üçün qorxaraq belə bir vəd verdiklərini bildirmişlər. İşdə olan 05.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X5 və X7 Qusar RPŞ-nə verdiyi ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh tərəfindən onlara maddi və mənəvi zərər vurulmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişlər, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh iddiaçıların göstərdikləri kimi həmin şəxslərə bilərəkdən böhtan atmamış, ona məxsus sahədə işləyən traktorların şlanqlarının kəsilərək sahiblərinə ziyan vurulması faktı ilə əlaqədar sonuncuların etdikləri şikayət əsasında Qusar RPŞ-də aparılan araşdırma zamanı izahat vermiş və həmin vaxt iddiaçılardan şübhələndiyini bildirmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçılara qarşı hər hansı hüquq pozuntusuna yol verilməmiş, onun iddiaçılar qarşısında delikt öhdəliyinin əmələ gəlməsi üçün hər hansı təqsirli hərəkət etməmiş, polis əməkdaşları iddiaçıları onlarda olan araşdırma materialları üzrə çağırmışlar. Bu səbəbdən də, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin şəxslərin iddia tələblərinin əsası kimi istinad etdikləri hallar öz təsdiqini tapmamış, cavabdehin həmin şəxslərə maddi və ya mənəvi zərər vurması sübuta yetirilməmiş, iddialar əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Şərəf və X12 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X16 Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və X12 işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 07 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin,“İnsanHüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 3-cü bəndində göstərilmilşdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.6 və 183-cü maddələrinə əsasən cinayət işləri üzrə mənəvi zərərin ödənilməsi barədə iddia zərərçəkmiş şəxsin xahişi ilə prokuror tərəfindən də verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdir. Lakin nəzərə almaq lazımdır ki, prokurorun mənəvi zərərin ödənilməsi barədə iddiasından imtina etməsi zərərçəkmişi həmin iddianı müdafiə etmək hüququndan məhrum etmir. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları təqdim etdikləri sənədlərlə sübuta yetirməmiş, cavabdeh tərəfindən iddiaçılara hər hansı zərər vurulması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı 1000 (min) manat; İddiaçı2 Cavabdeh qarşı 1000 (min) manat; İddiaçı3 Cavabdeh qarşı 650 (altı yüz əlli) manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiaları əsassız olduğundan və sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh qarşı 1000 (min) manat; İddiaçı2 Cavabdeh qarşı 1000 (min) manat; İddiaçı3 Cavabdeh qarşı 650 (altı yüz əlli) manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiaları rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar