Məhkəmə qərarları › İş №2(029)-255/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-255/2024

06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-255/2024 06.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X4 katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şahaboddin oğlundan əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, o, hazırki iddia ərizəsində Cavabdeh Şahaboddin oğlundan əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda o, iddia ərizəsinə dəqiqləşmə verərək iddia həcminin arıtılmasını və Cavabdeh Şahaboddin oğlundan əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin, cavabdehə ödənilmiş 500 manat xəstəxana xərclərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X5 mülkiyyətində olan və etibarnamə əsasında onun idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Günay Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır (Müqavilənin bağlanma tarixi: xx.xx.2022, nömrəsi: PGU**********). xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Ə.Səfıxanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcında əsas yolda hərəkətdə olan, Cavabdeh Şahaboddin oğluna məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hər iki avtomobil əzilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-1/2023 saylı qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Cavabdeh Şahaboddin oğluna məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2655 manat müəyyən olunmuşdur. Cavabdeh Şahaboddin oğlu ilə aralarında olan razılığa əsasən həmin şəxsin avtomobili onun tərəfindən tam şəkildə təmir olunaraq həmin şəxsə təhvil verilmişdir. Belə ki, avtomobilin dəyişməli olan bütün detalları onun tərəfindən alınmış, avtomobil ustası tərəfindən dəyişdirilmiş, ustanın zəhmət haqqı da onun tərəfindən ödənilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, X5 mülkiyyətində olan və etibarnamə əsasında onun idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icbari sığortalandığı Günay Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Şahaboddin oğluna dəymiş zərərə görə müvafiq sığorta ödənişi verilmiş və ona dəymiş ziyan tam olaraq qarşılanmışdır. Bu, isə o deməkdir ki, Cavabdeh Şahaboddin oğlu onun cavabdehin qarşısında daşıdığı delikt öhdəliyindən sui-istifadə edərək əsassız şəkildə varlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd etdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun Cavabdeh Şahaboddin oğlu qarşısında delikt öhdəliyi yaransa da, sonradan onun mülki məsuliyyəti idarə etdiyi avtomobilin sığortalandığı Günay Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyindən onun həmin öhdəliyi aradan qalxmışdır. Buna baxmayaraq, Cavabdeh Şahaboddin oğlu sığorta şirkəti tərəfindən ona verilməsini ondan qəsdən gizlətmiş, avtomobili tam şəkildə ona təmir etdirmiş və bununla da əsassız olaraq varlanmışdır. Onun avtomobilin təmiri üçün çəkdiyi 2655 manat məbləğində xərc Cavabdeh Şahaboddin oğlundan alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş vermişdir. Onlar öz aralarında razılığa gəlmişlər ki, o, cavabdehə maşını təmir edib qaytarsın. Maşını təmir etmək üçün cavabdehin özünün dediyi ustanın yanına aparmışdır. O, xəstəxana ilə birlikdə 3500 manat xərc çəkmişdir. O, çıxan artıq pulları iddia ərizəsində yazmamışdır, ona görə yazmamışdır ki, həmin xərclərin qəbzləri yoxdur. Maşının ehtiyat hissələrini o almışdır, ustanın təmir xərclərini o ödəmişdir. Usta pulu, rəngsaz pulu və dəmirçi pulu yazılmış sənədləri məhkəməyə təqdim etmişdir.Xəstəxana xərcləri olaraq 500 manat pul vermişdir, xəstəxanada xəsarət alan şəxs MRT olunmuşdur. Maşını təmir etdirməsini təsdiq edən və xəstəxana xərclərini təsdiq edən qəbz, arayış, sənəd məhkəməyə təqdim edə bilmir. Bu barədə onda qəbzlər yoxdur. Maşını təmir etdiyinə görə sığorta pulu cavabdeh ona qaytarmalı idi, onlar belə razılığa gəlmişdilər. Həmin razılaşma şifahi şəkildə olmuş, həmin razılaşmanı təsdiq edən sübutu yoxdur. Sonradan cavabdeh sığorta xərclərini ona qaytarmamışdır. Təqdim etdiyi sənədlərdə pulun onun tərəfindən ödənilməsi barədə qəbz yoxdur. O, 500 manatı xəstəxanaya, 3000 manatı da maşının təmirinə xərcləmişdir. Xəstəxana xərcləri barədə qəbz yoxdur. 3500 manat xərc çəkməyi barədə qəbz yoxdur. Cavabdehlə razılığa gəlmələri barədə hər hansı sənəd, müqavilə, qəbz yoxdur. Cavabdehə maşının tam saz vəziyyətdə təhvil verməsi barədə sübut təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, həyat yoldaşını işdən gətirəndə avto nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində arvadı xəsarət almışdır. Hadisədən sonra iddiaçının atası və müdiri onun yanına gələrək şikayətçi olmamasını, maşını özləri təmir edib qaytaracağını demişlər. İddiaçı onsuz gedib maşını təmir etdirmişdir. Həmin təmir çox yararsız, keyfiyyətsiz olmuşdur, demək olar ki, təmir olmamışdır. O, bu barədə iddiaçının atasına, özünə demişdir. İddiaçının etdiyi keyfiyyətsiz, yararsız təmirin xərci nə qədər olmasını deyə bilmir. İddiaçının etdiyi keyfiyyətsiz, yararsız təmirdən sonra o, özü öz maşınını təmir etmişdir. Həmin təmir xərclərini təsdiq edən sənədləri məhkəmə təqdir etmişdir. Arvadı xəstəxanada MRT-yə salınıb, bunun xərci olaraq 120 manatı iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ilə maşının təmir edilməsi ilə bağlı, təmirdən sonra sığorta xərcinin qaytarılması ilə bağlı aralarında heç bir yazılı razılaşma olmayıb. İddiaçıya hər hansı məbləğdə pul qaytarılması ilə bağlı aralarında razılaşma olmayıb. Xəstəxanaya 500 manat pul xərcləməyib. Sığorta şirkəti ona 1985 manat vermiş, 750 manat da arvadına xəsarət aldığına görə vermişlər. Maşının təmirindən sonra sığorta xərcinin sonradan iddiaçıya qaytarılması ilə bağlı aralarında razılaşma olmayıb. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi «KİA CERATO» minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 1405 (min dörd yüz beş) manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli 273/24 saylı Günay sığortadan verilmiş məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı cəmiyyət tərəfindən X1 1985 manat, hadisə zamanı yüngül xəsarət almış X2 750 manat məbləğində sığorta ödənişi verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Cavabdeh 350 manata 1 ədəd kapot, 100 manata sol lanjiron və 400 manata ayrbak şit almışdır. İşdə olan dəmirçi X6 tərəfindən tərtib olunmuş sənəddən görünür ki, təmir etdiyi maşın kia-cerato üçün ümumi olaraq söküb yığılması üçün 370 (üç yüz yetmiş) manat haqq almışdır. İşdə olan rəngsaz X9 tərəfindən tərtib olunmuş sənəddən görünür ki, Kia Cerato markalı maşının rənglənməsi üçün 500 manat xərc çıxmışdır. İşdə olan cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 aprel2024-cü il tarixli 9/2066 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “VAZ” kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «KİA CERATA» minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2305 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin qiymətləri 1355 manat, təmir-bərpa işlərinin qiyməti 950 manat. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli 9/2066 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 aprel 2024-cü il tarixli 9/2066 saylı ekspert rəyini sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Günay Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır (Müqavilənin bağlanma tarixi: xx.xx.2022, nömrəsi: PGU**********).xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində İddiaçı idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Ə.Səfıxanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcında əsas yolda hərəkətdə olan, Cavabdeh Şahaboddin oğluna məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hər iki avtomobil əzilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-1/2023 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh Şahaboddin oğluna məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2655 manat müəyyən olunduğu qeyd etmiş,avtomobilin təmiri üçün 2655 manat məbləğində pul xərclədiyini bildirsə də, iddiaçı məhkəmə araşdırması zamanı izahatında Cavabdeh Şahaboddin oğluna məxsus avtomobilin təmiri üçün 3000 manat pul xərclədiyini bildirir. Məhkəmə belə hesab edir ki, İddiaçı iddia ərizəsində cavabdehin maşının təmiri ilə əlaqədar 2655 manat qeyd etməsini, məhkəmə araşdırılması zamanı isə izahatında cavabdehin maşının təmirinə 3000 manat xərcləmə kimi göstərməsini ziddiyətli hal kimi qəbul edir. İddiaçı iddia ərizəsində göstərdiyi məbləğdə pulu xərcləməsini, məhz Cavabdeh Şahaboddin oğluna məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun tərəfindən təmir etdirməsini, ehtiyyat hissələrini almasını, ustaya pul verməsini, xəstəxana xərclərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər isə iddiaçının iddia tələbinin təmin edilməsi üçün sübut deyil. Əgər iddiaçı cavabdehin maşının məhz onun tərəfindən təmir etdirməsini və təmir xərclərini təsdiq edən qəbz, arayış, həmçinin xəstəxana xərclərini ödəməsini təsdiq edən qəbz arayış təqdim etsə idi və ya cavabdehin maşınını saz vəziyyətdə təhvil verməsinə dair mötəbər sübut təqdim etsə idi və ya cavabdeh həmin halları etiraf etsə idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi. Cavabdeh maşını iddiaçıdan təhvil götürəndə həmin KİA CERATA markalı avtomobili öz hesabına təmir etdiyini bildirmiş, bu barədə məhkəməyə sübutlar təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının xəstəxana xərci olaraq yalnız MRT üçün 120 manat pul verdiyini bildirmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında 120 manat pul öhdəliyi yaranmışdır.Çünki sığorta xərci olaraq zərərçəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəf iddiaçının xəstəxana xərci olaraq 120 manat verdiyini etiraf etdiyinə görə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 120 manat pul tutulmalı, qalan hissədə isə iddia rədd edilməlidir. Məhkəmə, iddiaçının iddia ərizəsində tələb etdiyi dövlət rüsumuna isə münasibətdə belə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan Cavabdeh əsassız varlanmaya görə 120 (yüz iyirmi) manat, həmin məbləğə görə isə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunsa da işin ümumi halı cavabdehin xeyrinə müəyyən edilmişdir. Ona görə iş üzrə 50 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 120 (yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar