Məhkəmə qərarları › İş №2(029)-535/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-535/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-535/2025 02.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (min altı yüz) manat borc pul və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun qaydada iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4842477A148 saylı kredit müqaviləsi üzrə qalıq qalmış 3074.29 manat məbləğində borcunun Cavabdeh ilə onun arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 noyabr 1995-ci tarixdə nikahı rəsmi bağlayaraq Cavabdeh ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra cavabdehin atasına məxsus Qusar rayonu Düztahir kəndində yerləşən evdə yaşamışlar. Evləndikdən sanra cavabdehlə birgə təsərrüfat apararaq ailələrini dolandırmışlar. Hazırda cavabdehlə münasibətləri pisləşib və onlar ayrılmışlar. O, ayrıldıqdan sonra qardaşına məxsus Qusar rayonu Mucuq oba kəndində yerləşən evdə yaşayır. Cavabdehlə bir yerdə yaşadıqları dövrdə bir çöx əmlak əldə etmişlər. Bundan əlavə birgə nikah dövründə o, "xxxx" ASC-dən 07 oktyabr 2019-cu il tarixdə GTKR1531076A148 saylı kredit müqaviləsi əsasında 48 ay müddətinə 27.84 faiz dərəcəsi ödəmək şərti ilə 3200 AZN miqdarında kredit götürmüşdür. Həmin kredit onun əmək haqqından tutulub. Bundan sonra o, ailənin ehtiyacları üçün yenidən Kapital Bank ASC-dən 5500 manat məbləğində kredit götürmüş, bankla onun arasında xx.xx.2022-ci il tarixli GTKR4842477A148 saylı kredit müvqaviləsi bağlanmışdır. Həmin kredit borcunun bir hissəsi cavabdehlə birgə yaşadıqları dövrdə ödənilmiş, 3074.29 manat hissəsi isə qalmışdır. Bu barədə "xxxx" ASC tərəfindən müvafiq arayış verilmişdir. İlkin iddia ərizəsində onun bankdan ilkin olaraq götürdüyü və onun əmək haqqı hesabına ödənilmiş 3200 manat məbləğində pulun yarısı, yəni 1600 manat məbləğində pul cavabdehdən tələb olunmuşdur. Lakin, onun iddiasının mahiyyəti onun hazırda bank qarşısında olan borcunun cavabdehlə aralarında bölünməsi təşkil edir. Belə ki, hesab edir ki, onun Kapital Bank ASC-dən götürdüyü 5500 manat məbləğində kredit vəsaiti ailənin ehtiyacları üçün xərcləndiyindən həmin borc cavabdehlə onun müştərək borcudur, ona görə də, onun Kapital Bank ASC qarşısında xx.xx.2022-ci il tarixli GTKR4842477A148 saylı kredit müvqaviləsi üzrə qalıq qalmış 3074.29 manat məbləğində borcu cavabdehlə onun arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərdi ki, cavabdehlə birgə yaşadıqları dövrdə ailənin ehtiyacları üçün Kapital Bank ASC-dən 5500 manat məbləğində kredit götürmüş, onun bir hissəsi ödənilmiş, 3074 manatı isə qalmışdır. Ona görə də, həmin qalıq borcun cavabdehlə aralarında bölünməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, iddiaçının iddia ərizəsinə əlavədə irəli sürdüyü tələbi qəbul edir, 3074.29 manat borcun bölünməsinə razıdır. Məhkəməyə gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iddiaçının iddia tələbinin hüquqi əsasını ümumi mülkiyyət prezumpsiyasının tərkibinə daxil olan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası ilə ehtiva olunan öhdəliklərin (passivlərin) bölünməsi təşkil edir. Belə olan halda, iddiaçı bölünməsini tələb etdiyi borcun birgə nikah dövründə yarandığını sübut etməlidir. İş materiallarında olan Vİİ-JQ 273435 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 18 noyabr 1995-ci il tarixli 11 saylı akt qeydi ilə rəsmiləşdirilmiş və iddiaçı “Məlikova” soyadını qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 may 2025-ci il tarixli 42 saylı Arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş GTKR4842477A148 nömrəli müqavilə əsasında götürdüyü 5500 (beş min beş yüz) AZN məbləğində kredit üzrə xx.xx.2025-ci il tarixə qalıq borcu 3074.29 (üç min yetmiş dörd manat iyirmi doqquz qəpik) AZN təşkil edir. İş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)- 125/2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 18 noyabr 1995-ci il tarixli nikah pozulmuşdur. Bununla da, sadalanan sübutlarla təsdiq olunur ki, İddiaçı "xxxx" ASC qarşısında 3072.29 manat məbləğində borc öhdəliyinin iddiaçı ilə cavabdehin birgə nikahları dövründə əldə edilməsi halı işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, Ailə Məcəlləsində öhdəliyin bölünməsi ər-arvaddan birinin adına olan borcun ailənin ümumi ehtiyacları üçün xərclənməsi halının məhkəmə tərəfindən müəyyən olunması ilə şərtləndirilmişdir. Məhkəmə Cavabdeh iddiaçının iddia tələbinə qarşı heç bir etiraz irəli sürməməsini və iddianı bütövlükdə etiraf etməsi, iddiaçının bank qarşısında olan 3074.29 manat məbləğində borcunun bölünməsinə razı olması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən həmin halı sübut etməkdən azaddır və bununla da borcun ailənin ümumi ehtiyaclarına xərclənməsi halı məhkəmə tərəfindən müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən: Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən zərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı saylı Qərarının 6.36-cı bəndində qeyd olunur ki, Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Həmin Qərarın 6.39-cu bəndində qeyd olunur ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Sadalanan qanunvericilik normalarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Beləlikə də, İddiaçı xx.xx.2022-ci il tarixli GTKR4842477A148 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə qalıq qalmış 3074.29 manat məbləğində kredit borcu Cavabdeh ilə İddiaçı arasında bərabər şəkildə bölünməklə həmin borcun ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli GTKR4842477A148 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə qalıq qalmış 3074.29 manat məbləğində kredit borcu Cavabdeh ilə İddiaçı arasında bərabər şəkildə bölünməklə həmin borcun ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlı̇ k edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar