Məhkəmə qərarları › İş №2(029)-70/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-70/2021

24.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-70/2021 24.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestr nömrəsi **********36-10301 olan Çıxarış üzrə fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi həcmində payın müəyyən edilməsi və naturada ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 82.0 kv.metr ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında, payları ½ hissə həcmində olmaqla ona-yəni İddiaçı və Cavabdeh məxsusdur. Şərh olunan Daşınmaz əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququ 14 may 2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Mübahisə edilən evə 13.05.2019-cu il tarixdə inventar nömrəsi 79 olan Texniki Pasport tərtib edilmişdir. Cavabdeh ilə 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsinin və həmin sahədə inşa edilmiş 82.0 kv.metr ölçüdə yaşayış evinin bölünməsi və ondan payların ayrılması barədə aralarında hər hansı bir razılığa nail ola bilməmişlər, ona görə də payının naturada məhkəmə qaydasında ayrılmasını xahiş edir. 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada 0.125 ha, 82.0 kv.metr ölçüdə yaşayış evinin ½ hüssəsi 41 kv.metr təşkil edir. Odur ki, torpaq sahəsinin və yaşayış evinin naturada bölünməsini və yuxarıda göstərilən həcmdə ayrılmasını zəruri sayır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 82.0 kv.metr ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında, payları ½ hissə həcmində olmaqla ona- yəni İddiaçı və Cavabdeh məxsusdur. Şərh olunan Daşınmaz əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququ 14 may 2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36- 10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyata alınmışdır. Mübahisə edilən evə 13.05.2019-cu il tarixdə inventar nömrəsi 79 olan Texniki Pasport tərtib edilmişdir. Cavabdeh ilə 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsinin və həmin sahədə inşa edilmiş 82.0 kv.metr ölçüdə yaşayış evinin bölünməsi və ondan payların ayrılması barədə aralarında hər hansı bir razılığa nail ola bilməmişlər, ona görə də payının naturada məhkəmə qaydasında ayrılmasını xahiş edir. 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada 0.125 ha, 82.0 kv.metr ölçüdə yaşayış evinin ½ hüssəsi 41 kv.metr təşkil edir, torpaq sahəsinin və yaşayış evinin naturada bölünməsini və yuxarıda göstərilən həcmdə ayrılmasını zəruri sayır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, ekspert rəyi ilə razı olduğunu göstərmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36-10301 olan 14.05.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, ümumi sahəsi 82.0 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh məxsusdur. işdə olan Reyestr nömrəsi **********36-10301, inventar nömrəsi 79 olan Texniki Pasportun surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evi 1959-cu ildə inşa edilmiş, 2 mərtəbəlidir, ümumi sahəsi 82.0 kv.metrdir. Hüquq sahibi İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2021-ci il tarixli 10/3470 saylı rəyindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 46.45 metr hissədə yol ilə sərhəd olmasını, həyətyanı sahəyə əlavə qapı açılmasının mümkünlüyünü, torpaq sahəsinin üzərində yerləşən tikilinin yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin naturada ½ hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin fərdi yaşayış evinin yerləşdiyi tərəfindən başlayaraq 21.7 metr məsafədən (digər tərəfdən 25.1 metr) sonra torpaq sahəsinin daxilinə doğru 52.8 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, baxış zamanı təqdim olunan fərdi yaşayış evinin sanitar və texniki tələblərə (yaşayış otaqlarında divarlar uçmuş vəziyyətdədir) cavab vermədiyini nəzərə alaraq, həmin evin bölgüsü üzrə tədqiqat aparılmamışdır. Həmin rəyə əlavə olunmuş bölgü variantından görünür ki, 0.25 ha torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi 0.125 ha torpaq sahəsinin bir mülkiyyətçiyə, digər boş olan 0.125 ha hissəsinin isə digər mülkiyyətçiyə verilməsi təklif olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2021-ci il tarixli 10/3470 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adlarına qeydiyyata alınmışdır. İddiaçı həmin evin və torpaq sahəsinin özünə aid ½ hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini xahiş etmiş, həmin əmlakların naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda göstərilən məlum rəyi ilə torpaq sahəsinin naturada ayrılmasının mümkün olduğu göstərilsə də, fərdi yaşayış evinin sanitar və texniki tələblərə cavab verməməsi səbəbindən həmin evin naturada bölünməsi üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasənpaylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2021-ci il tarixli 10/3470 saylı ekspert rəyi ilə razılaşmayaraq həmin rəyi tam və dolğun sübut kimi qəbul etmir. Belə ki, məhkəmənin qənaətinə görə fərdi yaşayış evi bölünmədən həyətyanı torpaq sahəsinin naturada bölünməsi mülkiyyətçilərin arasındakı bərabərlik hüququnun və öz mülkiyyət paylarına dair mənafelərinin pozulmasına səbəb ola bilər. Çünki, ekspert rəyinə əsasən torpaq sahəsinin bölünməsi nəticəsində fərdi yaşayış evinin bütövlükdə yerləşdiyi hissə bir mülkiyyətçiyə, qalan boş hissə isə digər mülkiyyətçiyə verilməlidir. Belə olan halda isə boş torpaq sahəsini əldə etmiş mülkiyyətçinin fərdi yaşayış evinə dair mülkiyyət hüququ, həmin hüququn tərkib elementləri olan sahiblik, istifadə və sərəncam hüquqları əsassız olaraq məhdudlaşa və pozula bilər. Fərdi yaşayış evinin yerləşdiyi hissə çıxılmaqla qalan hissənin bölünməsi isə iddiaçı tərəfindən mübahisələndirilməmiş və ona görə də, fərdi yaşayış evinin yerləşdiyi hissə çıxılmaqla qalan torpaq sahəsinin bölgüsünün aparılması da mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, hazırkı halda iddia tələbi təmin oluna bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçı tərəfin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı reyestr nömrəsi **********36-10301 olan Çıxarış üzrə 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada 0.125 ha həcmində, 82.0 kv.metr ölçüdə yaşayış evinin ½ hissəsinin 41 kv.metr ölçüdə naturada bölünərək ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar