Məhkəmə qərarları › İş №2(029)-74/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-74/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-74/2024 20.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 40000 (qırx min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödədiyi 210 (iki yüz on) manat məbləğində pul, cəmi 40210 (qırx min iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarı ilə Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400 kv.metr torpaq sahəsi onun doğma nəvəsi olan Cavabdeh satılmışdır. 2016-cı ilədək həmin torpaq sahəsi boş qalmış, 2016-2019-cu illərdə nəvəsi Cavabdeh razılığı ilə onun tərəfindən həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etdirmişdir. Bunu etmək üçün özünün Qusar rayonu Əcəxur kəndində yerləşən evini və bağ sahəsini satmış və əldə etdiyi pul vəsaitləri ilə evi inşa etdirmişdir. Evin inşası üçün 40000 manat məbləğində pul xərcləmişdir. Bundan başqa, həmin evin yanında nəvəsi Məlahətin özü üçün də bir mərtəbəli başqa bir ev inşa etdirmişdir. Onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin layihəsi Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. O, fərdi yaşayış evini inşa etdirərkən nəvəsi Məlahət subay olmuş, evin inşası başa çatdıqdan və o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başladıqdan bir müddət sonra Məlahət Xaçmaz rayonu Xudat şəhər sakini Fərrux adlı şəxslə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra nəvəsi Məlahət əri Fərruxun təsiri və təzyiqi ilə onun həmin evdən çıxmağını tələb etməyə başlamış, evi satıb Rusiyaya gedəcəyini bildirmişdir. O, isə ona həmin fərdi yaşayış evinin həmin şəxsin də razılığı ilə onun şəxsi vəsaiti hesabına onun üçün tikildiyini bildirərək bundan imtina etmişdir. Buna baxmayaraq, nəvəsi Məlahət torpaq sahəsinin onun adına olduğunu, buna görə də, fərdi yaşayış evindən çıxmalı olduğunu bildirmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi həmin fərdi yaşayış evini inşa etdirmək üçün o, özünün evini və bağ sahəmi satmışdır. Halhazırda həmin evdən başqa onun yaşamağa başqa yeri yoxdur. Odur ki, hüquq və mənafeyinin müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, Cavabdeh onun vəsaiti hesabına əsassız olaraq varlanmış, o, isə özünün fərdi yaşayış evini və bağ sahəsini satmaqla əldə etdiyi pul vəsaitindən, o cümlədən həmin pul vəsaiti ilə inşa etdiyi yaşayış sahəsindən məhrum olur. Ona görə də, hesab edir ki, Cavabdeh əsassız olaraq onun pul vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evinin tikintisi və yaşayış sahəsinə çevrilməsinə çəkdiyi 40000 manat məbləğində pul vəsaiti həmin şəxsdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərdi ki, cavabdeh onun nəvəsidir. Cavabdeh üçün atası tərəfindən alınmış 4 sot torpaq sahəsi var idi. Məlahət özü Xudat şəhərində ərdə olub və özlərinin icazəsi ilə mübahisəli evi tikmişdir. Su, qaz, işıq pullarını özü ödəmiş, əlavə olaraq da hər ay 200 manat məbləğində dolanışıq üçün Məlahətə pul vermişdir. Sonradan Məlahət ailə qurmuş, evləndikdən sonra problemlər başlamışdır. Cavabdeh və onun əri evi satıb başqa yerdən ev almaq istəmişlər. Ona xəbərdarlıq edilmədən suyu, qazı və işığı kəsmişlər. 5 gün işıqsız və qazsız qaldıqdan sonra, yoldaşı xəstə olduğu üçün, qonşudan uzadıcı ilə işıq çəkmişdir. Hazırda qərar çıxarılana kimi, müvəqqəti olaraq Qusar rayonu Bədirqala kəndində Rusiyada yaşayan oğlunun evində yaşayır. O, həmişə cavabdehə köməklik etmişdir. Xudatda olarkən cavabdehin qazı, işığı kəsilmiş, o, özü gedib 245 manat ödəyib bərpa etmişdir. Cavabdeh onun xərclədiyi pulu versin, evin açarını həmin şəxsə verəcək, özü gedib kirayədə yaşayacaq, Rusiyada olan oğlu ona baxacaqdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərdi ki, 2003-cü ildə ailə həyatı qurmuşdur. 2006-cı ildə isə onun adına torpaq sahəsi alınmışdır. Torpaq sahəsinə dair onun adına bələdiyyə qərarı və alqı-satqı aktı vardır. 2009-cu ildə isə övladı olmadığından onlar ayrılmışlar. Bundan sonra o, Xudat şəhərində yaşamışdır. Bundan sonra isə ona demişlər ki, babası onun üçün ev tikmək istəyir. Daha doğrusu ev tikilmiş, babası həmin evi onun üçün böyütmək istəmişdir. Bunu etməkdə məqsədi o, olmuşdur ki, onun əri içir, ona baxmır, onsuz da boşanacaq və buna görə də onun üçün şərait yaratsınlar və o, qayıdanda həmin evə qayıtsın. Bundan qabaq babası kənddəki torpağını satıb oğul nəvəsinin evində gəlini ilə birlikdə yaşamışdır. O, da Xudat şəhərində olmuş və yayda arada gəlib-getmişdir. O, bilməmişdir ki, babası gəlib həmin evdə yaşayacaq. Elə bilmişdir ki, gəlini ilə həmin yaşadığı evdə yaşamaqda davam edəcək. Buna görə də o, razılaşmışdır ki, qoy tikirsə tiksin, onun üçün tikir və buna görə razılaşmışdır. Sonradan isə babası gəlinlə yola getməmiş və gəlib onun üçün tikilmiş evdə müvəqqəti yaşamağa başlamışdır. Babası nə qədər ömrü varsa onunla yaşayacağını, evi də onun üçün tikdiyini demişdir. Onun iddiaçı pul verməyə imkanı yoxdur, amma iddiaçının haqqı var, onların zəhməti olmuşdur. Onun iddiaçını evdən çıxarmaq fikri olmamış, istəmişdir ki, ailəsi ilə birlikdə babası ilə yaşasın, amma yaranmış mübahisə buna imkan verməmişdir. Onun həmin evi satmaq fikri olmamış, çıxarış çıxarmaq istəmiş, lakin babası qoymamış, çıxarış aldıqları halda evi satacaqlarını, buna görə də çıxarış almamalarını demişdir. İddiaçı evin tikintisi üçün 40000 manat xərc çəkməmiş, əgər 10000 manat xərc çəkibsə həmin yeri satandan sonra iddiaçıya 10000 manat verə bilər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında göstərdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Cavabdehin adına olan torpaq sahəsində cavabdeh tərəfindən 2007-ci ildə bir otaqlı ev tikilmiş, evin işıq, qaz xətləri çəkilmişdir. İddiaçı həmin evi genişləndirmişdir. Sözü gedən torpaq sahəsində əvvəl bir otaqlı ev olmuş və 2007-ci ildə həmin evi özü tikmiş, orada qaz, işıq çəkilmişdir. İddiaçı öz evini satıb gəlib həmin evdə yaşamağa başlasa da, bunun üçün ona razılıq verilməmişdir. Odur ki, qətnamə qəbul edildiyi zaman bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarının surətindən görünür ki, Cavabdeh Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400,0 kv.metr torpaq sahəsi (400.0 kv.metrX34 qəpik) 136 manata satılmışdır İşdə olan 14 noyabr 2006-cı il tarixli 028447 saylı mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən Qusar bələdiyyəsinin hesabına 136 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qusar bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri Şarvili küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin satılması barədə 14 noyabr 2006-cı il tarixli 24/4-4 nömrəli qərar qəbul edilməsi, bunun müqabilində Cavabdeh tərəfindən həmin bələdiyyənin xəzinəsinə əvvəlcədən 136 manat haqq ödənilməsi barədə akt tərtib edilmiş və həmin akt Qusar rayon torpaq şöbəsində 05 dekabr 2006-cı il tarixdə 1258 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertrizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/257-9/188 saylı ekspert rəyindən görünür ki, qərardadda göstərilən Qusar şəhəri Şarvili küçəsində yerləşən evin hüquqmüəyyənedici sənədləri olmadığı səbəbindən həmin evin qiymətləndirilməsi mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Qusar şəhəri Şarvili küçəsində yerləşən tədqiq olunan yaşayış evində aparılmış yenidənqurma və təmirtikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 17619,0 manat məbləğində müəyyən olunur. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehin onun qarşısında pul öhdəliyinin olmasını sübut etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli tikili, yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın reyestrində qeydə alınmasa da Qusar şəhəri Şarvili kücəsində yerləşən 0.04 ha torpaq sahəsi Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh satılması və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında Cavabdeh həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edildiyini, orada yenidənqurma və təmir-tikinti işlərinin aparıldığını və həmin evin məhz onun üçün inşa edildiyini etiraf etmişdir. Cavabdeh eyni zamanda iddiaçının həmin evi özünün vəsaiti hesabına inşa etdiyini və təmir-tikinti işlərini apardığını etiraf etmiş, lakin təmir-tikinti işləri üçün çəkilmiş xərcin təxminən 10000 manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olduğu halda məhkəmə istinad olunan prosessual qanunvericiliyinin normasına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçı cavabdehin adına olan torpaq sahəsində cavabdeh üçün fərdi yaşayış evinə dair yenidənqurma və təmir-tikinti işlərinin aparılması faktını sübut etmə vəzifəsindən azad olunmalıdır. Məhkəmə iddia tələbinin qanuni əsasını yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq, eyni zamanda cavabdehin yuxarıda qeyd olunan faktı (özünə aid torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçı tərəfindən yenidənqurma və təmir-tikinti işlərinin aparılması) etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh aid torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair yenidənqurma və təmir-tikinti işlərinin aparılmasına çəkdiyi xərcləri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul vəsaitinin məbləğinə dair hissədə iddia qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq, tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/257-9/188 saylı ekspert rəyi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinə dair yenidənqurma və təmir-tikinti işlərinin aparılmasına çəkilən xərc 40000 manat deyil, 17619,0 manat təşkil edir. Həmin rəydə göstərilən halın əksini təsdiq edən hər hansı sübutu isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia məhz həmin hissədə təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 17619,0 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 142.86 (yüz qırx iki manat səksən altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17619 (on yeddi min altı yüz on doqquz) manat məbləğində pul, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 142,86 (yüz qırx iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar